XƏBƏRLƏR
13.02.2025 / Yubileylər
Dahi mütəfəkkirin doğma şəhərində Nizami Gəncəvi Muzeyinin yaradılmasının 10 illiyi qeyd olunub

   Bəşəriyyətin dahi fikir adamı, "Düyünləmişdir mənim yaxamı doğma Gəncə" deyərək, bütün ömrü boyu öz elindən qırağa çıxmayan Nizami Gəncəvinin son mənzili də bu qədim şəhərdə qərar tutub. Tarixin təlatümləri ilə Gəncə neçə dəfə öz yerini dəyişib və beləcə, dahi şairimizin uyuduğu ərazi şəhərin lap kənarına düşüb. Amma yəqin bu işdə bir hikmət də var. Nizami Gəncəvinin məzarı üstündə ucaldılan möhtəşəm türbə elə şəhərin astanasında, həm də Azərbaycanın qərbi ilə şərqini birləşdirən "ana yol damarı"nın - ölkənin ən böyük magistral avtomobil xəttinin yaxınlığında qərar tutub. Sanki bu amil ona xidmət edib ki, Azərbaycanın dördbir tərəfində yaşayan bütün insanlar, neçə-neçə nəsillərin nümayəndələri öz ürəklərində əbədi qərar tutmuş Nizami sevdasını izhar etmək üçün ömürlərində heç olmazsa, bir dəfə dahi şairimizin ulu məqamı ilə "görüşüb", onun ruhuna ehtiram göstərməyə fürsət tapa bilsinlər. Bu əlverişli "yol mövqeyi" əlbəttə, ölkəmizin qonaqlarına da aiddir. Amma xüsusən biz azərbaycanlılar üçün bu məkan bəxtimizə düşən bir "Həqiqət məbədi" anlamı daşıyır. Çünki burada HAQQ YOLUNU NİZAMLAYAN bir dahi uyuyur.

    Şeyx İlyas Yusif oğlu özünə Nizami təxəllüsünü əbəs yerə seçməyib. O, əsərləri ilə dünyanın ilahi nizam qanunlarını müfəssəl izah etməklə və insanlığı bu nizama çağırmaqla bu adı alıb. Böyük "nizam strateqi" Nizami Gəncəvi, bizim xasiyyət, şəxsi keyfiyyət, eləcə də cəmiyyətdəki  mövqelərimizdən asılı olmayaraq, mütləq şəkildə hər birimizin qəlbində müqəddəs bir nur damlası kimi qərar tutub və həmin nur zərrəsi ən ziddiyyətli anlarda belə hər birimiz üçün nizamlayıcı enerji rolu oynaya bilər. Nizamini dərk edən, onun əsərlərini oxuyan insan heç vaxt bədbəxt ola bilməz. Çünki bu ulu şəxsiyyət bəşəriyyətin hələ yeni-yeni öz orta çağlarına qədəm qoyduğu bir dönəmdə fenomenal nəzəri bilgi və əməli nizam üsullarını öz əsərlərində, həm də gözəl poetik dillə, insana təlqin edib. Onun əsərlərində verdiyi   yaradanla yaradılışın, təbiətlə insanın, canlı aləmlə maddiyyatın,  fikir ilə davranışın harmoniyası məsələlərini bütün dövrlər üçün, bütün dövrlərdə yaşayan insanlar üçün keçərli olan "optimal proqram" hesab etmək olar.

   Son dövrlər Azərbaycan ictimai aləmində bu mətləbləri özündə daşıyan “Nizami aurası” daha da güclənib desək, yanılmarıq. Bu kütləvi mənəvi fenomen heç şübhəsiz, millətimizin qürurunu özünə qaytaran 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə əldə edilən şanlı Zəfərimizlə də bağlıdır.

   Prezident İlham Əliyev bu tarixi qələbədən sonrakı ili dahi şair və mütəfəkkirimizin adı ilə bağladı. 2021-ci ilin Azərbaycanda "Nizami Gəncəvi ili" elan edilməsi zəfər sevinci yaşayan və əməllərində dahi mütəfəkkirin ümumbəşəri tərəqqi ideyalarına sadiq millətimizdə böyük ruh yüksəkliyi üçün yeni stimul vermiş oldu.

   Dahi mütəfəkkirin irsi və onun müasir dövrün çağırışları ilə səsləşməsi məsələləri Gəncədə yaradılmasının 10 ili tamam olan Nizami Gəncəvi Muzeyində  mütəmadi keçirilən müxtəlif tədbirlərin də mahiyyətində öz əksini tapır.

   Böyük şairimizin məqbərəsi yaxınlığında Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan muzeyin on illiyinin qeyd edilməsi tədbirinə  Gəncənin və ətraf bölgələrin ziyalı mühitinin nümayəndələri qatılmışdılar.

   Muzeyin və Gəncə-Daşkəsən Regional İdarəsinin birgə təşkil etdiyi tədbirin İştirakçıları dahi şairin məzarını ziyarət etdikdən sonra muzeyin tarixçəsinə dair sərgiyə baxıb və buradakı eksponatları seyr ediblər.

   Yubiley tədbirinin aparıcısı, Əməkdar Mədəniyyət işçisi, uzun müddət bu sahədə çalışmış, şair və publisist Bəxtiyar Muradov muzey gəzintisi zamanı onlara bələdçilik edib.

   “Dahi şairin 870 illiyi münasibətilə Nizami Gəncəvi Məqbərəsinin ərazisində müasir uslubda 4 mərtəbəli bina inşa edilmişdir. Binada 493 kvadrat metrlik ekspozisiya zalı, 12 otaq, 80 nəfərlik konfrans zalı və bir kafe vardır. 2014 cü ilin yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gəncə şəhərinə növbəti səfəri zamanı Muzeyin yeni binasının açılış mərasimində iştirak etmişdir. Muzeyin Nizami  Məqbərəsinin yaxınlığında tikilməsi bura gələn turistlərə həm məğbərəni ziyarət etməyə, həm də şairin həyat və yaradıcılığı barədə geniş məlumat öyrənməyə imkan verir. Burada şairin  yubleyləri münasibətilə nəşr olunan kitab və elmi nəşrlər nümayiş etdirilir.

   Muzeydə şairin Avstriya, Rusiya, Almaniya, Britaniya milli kitabxanalarında, Misirin İsgəndəriyyə, Fransanın Strasburq kitabxanası və ABŞ- ın Metropoliten muzeyində qorunan nadir “ Xəmsə “ əlyazmalarının və Miniatürlərinin orijinalları və nüsxələrindən ibarət bölmə də yaradılmışdır. Nizami Gəncəvi Muzeyində ümumən 547 eksponat var. Onlardan 447-si ekspozisiyada daimi nümayiş etdirilir. Muzeyin ən qədim eksponatı Nizami Gəncəvi  Beynəlxalq Mərkəzi tərəfindən gətirilmiş original “Xəmsə” əlyazmaları və “Quran” nümunələridir.

   Prezident İlham Əliyev Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə  2021-ci ilin  “Nizami Gəncəvi ili “ elan edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən şairin doğma yurdu Gəncədə bir çox  yubiley tədbirləri keçirilmiş, AMEA-nın Gəncə Bölməsində və Nizami Gəncəvi Muzeyində  konfranslar təşkil olunmuşdur” deyə, B. Muradov məlumat verib.

   Sonra muzeyin konfrans salonunda “Nizami Muzeyi - yeni məkanda  10 il” adlı toplantı olub.

   Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   AMEA-nın Gəncə Bölməsinin sədr müavini, nizamişünas, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov Muzeyin yaradılmasının 10 illiyi münasibətilə təbriklərini çatdırıb. O, çıxışında dahi şair və mütəfəkkir Nizami Gəncəvinin irsinin öyrənilməsi və Nizami fəlsəfəsinin milli-ideoloji məsələ halına gətirilməsinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu mənəvi strategiyanın gələcəkdə azad və müstəqil yaşamaq üçün azərbaycanlıların tərəqqipərvər dünyagörüşünün formalaşdırılmasında böyük rol oynadığını vurğulayıb. Ə. Muxtarov Ümummilli Liderin təşəbbüsləri ilə ötən əsrin 70-ci illərində respublikamızda klassik ədəbi irsimizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ başladığını, bu xüsusda  1979-cu il 6 yanvar tarixli "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında", 1981-ci ilin avqustunda isə Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında verilən  qərarlar filologiya, xüsusən nizamişünaslıq elmimizdə əsaslı dönüş yaratdığını qeyd edib.

   Ə. Muxtarov Ulu Öndərin milli-mənəvi intibahımızın vacibliyi xəttinin davamı ənənəsi kimi,   Prezident  İlham Əliyev 2011-ci ildə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin geniş şəkildə qeyd olunması haqqında  Sərəncam imzaladığını, dövlətimizin başçısının tapşırıqlarına əsasən Gəncədə dahi şairin muzeyi inşa olunduğunu qeyd edib, eləcə də Nizaminin anadan olmasının 880 illiyi münasibətilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan etdiyini vurğulayıb.

   Ə.Muxtarov Nizami Gəncəvi Muzeyinə dahi şairin Türkiyədəki Azərbaycan Mədəniyyəti Mərkəzinin dəstəyi ilə türk dilində çap olnmuş “İskəndərnamə”kitabını və AMEA-nın Gəncə Bölməsinin elmi nəşri olan “Nizamişünaslıq” jurnalının son nömrəsini hədiyyə edib.

   Dahi Nizaminin söz və fikir dünyası haqda Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin şöbə müdiri Əməkdar Mədəniyyət işçisi, şair Xəzangül Hüseynova, Gəncə Dövlət Universitetinin biologiya kafedrasının dosenti Günay Sadıqova, AMEA-nın Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun  ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru  Ruziyə Quliyeva, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu Nizami Gəncəvi Məqbərə Kompleksinin filial müdiri  Gülnarə İsmayılova, Azərbaycan Yazıçılar Birliyinin üzvü  Zülfüyyə Yaqub çıxış ediblər.

   Tədbir Gəncənin musiqi və orta təhsil məktəblərinin gənc istedadlarının, eləcə də saz və söz ustalarının maraqlı konsert nömrələri ilə müşayiət olunub.