XƏBƏRLƏR
18.03.2025 / Görüşlər
Gürcüstnın Gəncə şəhərindəki Baş konsulu Kaxaber Abdaladze AMEA-nın Gəncə Bölməsində olub

   Bölmənin sədri, akademik Fuad Əliyev qonağı salamlayıb, xalqımızın bu əziz bayram günlərində yaxın qonşu və dost Gürcüstanın şəhərimizdəki konsuluyla görüşməkdən məmnunluğunu ifadə edib.  Kaxaber Abdaladze Novruz bayramı münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edib.

   Akademik Fuad Əliyev gürcüstanlı diplomata Gəncə Bölməsinin strukturu və fəaliyyəti, şəhərin müasir elmi potensialı haqda məlumat verib, burada son illərdə əldə edilmiş əsas elmi nailiyyətləri, aparılan fundamental tədqiqatların istiqamətlərini diqqətə çatdırıb, həmçinin ölkələrimiz arasında davamlı siyasi, iqtisadi, mədəni və elmi əlaqələrin əhəmiyyətini vurğulayıb.

   Kaxaber Abdaladze özünün diplomatik fəaliyyətində Azəbaycanla Gürcüstan arasında dostluq əlaqələrinin başlıca yer tutduğunu bildirib. O, həmçinin Gəncə ilə Kutaisi arasında qardaşlaşmış şəhərlər ənənəsinin formalaşdığını təqdirəlayiq hal kimi diqqətə çatdırıb.

   Baş konsul Gürcüstanın Xarici İşlər Nazirliyi xətti ilə xalqlarımız arasında daha sıx mədəni əlaqələrə xidmət edən kiçik qrant layihələrinin  həyata keçirildiyini vurğulayaraq, bu çərçivədə Gəncə ilə Kutaisinin də elmi və mədəni qurumlarının həmin proqramlara qoşulması təklifini dilə gətirib.

   Kaxaber Abdaladze bu xüsusda xalqlarımızın tanınmış şəxsiyyətlərinin, ilk növbədə Nizami Gəncəvi və Şota Rustavelinin həyat və yaradıcılığı ilə bağlı tədbirlərin reallaşdırılmasının mümkünlüyünü vurğulayıb.

   Akademik Fuad Əliyev Baş konsulun bu ideyasını böyük razlıqla qarşılayıb və AMEA-nın Gəncə Bölməsinin bu yöndə öz dəstəyini verəcəyini bildirib, qonağa bu nəzakət gəlişinə görə təşəkkür edib.

   Görüşün sonunda Kaxaber Abdaladze Gəncənin bu elm ocağına Gürcüstanda arxeoloji qazıntılar zamanı aşkar olunmuş yüksək tarixi əhəmiyyətli bir artefaktın surətini özündə əks etdirən suvenir hədiyyə edib.