
AMEA-nın Gəncə Bölməsində keçirilən növbəti elmi seminar ədəbiyyatşünaslıq mövzularını əhatə edib
Tədbiri açarkən, Bölmənin sədri, akademik Fuad Əliyev bu elm ocağında ənənə halını almış silsilə seminarların təşkilini təqdirəlayiq hal kimi dəyərləndirib və bu cür görüşlərin tədqiqatçıların çoxşaxəli məlumatlılığının artırılmasına xidmət etdiyini vurğulayıb.
2025-ci ildə keçirilən seminarlar planına uyğun olaraq, ikinci görüşün aparıcısı, Bölmənin Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva “Məsnəvilərdə ricət” mövzusunda çıxış edib.
O, Şərq ədəbiyyatında geniş yayılmış şeir tərzi olan məsnəvinin inkişaf və təkamül mərhələləri haqda məlumat verib, Azərbaycan ədəbiyyatında bu şeir formasının bir janr kimi işlənməsinin qüdrətli sənətkar Əfzələddin Xaqaninin adı və onun “Töhfətül-İraqeyn” əsəri ilə bağlı olduğunu diqqətə çatdırıb.
Çıxışçı həmçinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin ölməz “Xəmsə”sinin şərq dünyası məsnəvi yaradıcılığı tarixində ən yüksək zirvə hesab olunduğunu, bu böyük mütəfəkkirimizin gətirdiyi yeniliklərin bu janrın yüksəlişinə xidmət etdiyini vurğulayıb.
R. Quliyeva istər Xaqaninin, istərsə də Nizaminin öz məsnəvilərində ədəbi yaradıcılıqda haşiyə çıxmaq üsulu anlamına gələn ricət nümunələrindən geniş istifadə etdiklərini bildirib və buna aid poetik parçaları diqqətə çatdırıb.
Eyni zamanda seminarda müasir ədəbiyyatşünaslıq məsələləıri haqda da danışılıb.
Sonra məruzəçi seminarın iştirakçılarını maraqlandıran məsələlər barədə sualları cavablandırıb.
Tədbirin sonunda AMEA-nın Gəncə Bölməsinin sədri Akademik Fuad Əliyev maraqlı seminara görə onun aparıcısı və iştirakçılarına təşəkkürünü bildirib. O, həmçinin bugünkü seminar da daxil olmaqla, bu qəbildən olan görüşlərdə səsləndirilən fikirlərin subyektiv ehtimallara deyil, daim elmi əsaslara söykənməsinin vacibliyini vurğulayıb, eləcə də tədqiqatçılara elmi jurnallarala daha sıx əlaqədə olmağı və öz məqalələrinin orada mütəmadi çapına nail olunmasını tövsiyə edib.