XƏBƏRLƏR
15.04.2025 / Konfranslar, iclaslar
AMEA-nın Gəncə Bölməsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan dəyirmi masa keçirilib

   Gəncə şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə Bölməsi tərəfindən keçirilən “KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ” MİLLİ İSTİQLAL UĞURUNDA TARİXİ MÜBARİZƏMİZƏ TÖHFƏDİR “ mövzusundakı tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və  Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başyayıb. Dəyirmi masanı giriş sözü açarkan, AMEA-nın  Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bugünkü görüşün Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamının müddəalarına müvafiq olaraq təşkil edildiyini vurğulayaraq, bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan və müasir dövrdə onun layiqli davamçısı İlham Əliyevin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırdığı dövlətçiliyimizin strateji hədəflərinin cəmiyyətə elmi cəhətdən çatdırılması məsələsində, xüsusən bu əlamətdar ildə, alim və tədqiqatçıların öhdəsinə böyük vəzifələr  düşdüyünü bildirib. Akademik Fuad Əliyev dəyirmi masanın məhz bu ruhda keçəcəyinə inandığını qeyd edib.

   Sonra dəyirmi masadakı məruzələr dinlənilib. 

  AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, fil.ü.f.d. Əlimuxtar Muxtarov “Azərbaycan ədəbiyyatında Suverenlik və Müstəqillik ideyalarının əksi”, Bölmənin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri t.ü.f.d., dosent Nərgiz Rəsulova “Cəmiyyətin təməl qanunu kimi Konstitusiyanın yaranma tarixi”, Bölmənin Diyarşünaslıq İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri t.ü.f.d., dos. Samirə Qasımova “Dövlətçiliyimizin formalaşmasında suverenlik anlayışının hüquqi tərəfləri”,  Bölmənin Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Çimnaz Vəliyeva “Konstitusiya və Suverenlik ili - dövlət quruculuğu yolunda əldə edilən uğurların hüquqi nəticəsi”, həmin Mərkəzin elmi işçisi Aynur Mirişli “44 Günlük Vətən Müharibəsindən Konstitusiya və  Suverenlik ilinə”, Bölmənin Diyarşünaslıq İnstitutunun Etnoqrafiya şöbəsinin böyük laborantı Nüşabə Abbasova “Heydər Əliyev və hüquqi dövlət quruculuğu” və Gəncə Dövlət Universiteti Tarix-coğrafiya fakültəsinin tarix müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Cəfər Vəliyev “Azərbaycan Respublikasının Konstitusiyaları tarixinə dair” mövzuları üzrə çıxış ediblər.

   Tədbiri yekunlaşdırarkən, AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev maraqlı, elmi tutumlu çıxışlara və mülahizələrə görə iştirakçılara minnətdarlıq bildirib.