XƏBƏRLƏR
21.04.2025 / Konfranslar, iclaslar
Müasir kənd layihələrinə dair dəyirmi masa

   AMEA-nın Gəncə Bölməsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aqrar Problemlər İnstitutu tərəfindən  “AQRAR SAHƏNİN İNKİŞAFINDA AĞILLI KƏND LAYİHƏLƏRİNİN TƏTBİQİ” mövzusunda  dəyirmi masa keçirilib.

   Tədbirdə aqrar sahədə fəaliyyət göstərən elmi-tədqiqat və ali təhsil ocaqlarının nümayəndələri, eləcə də dövlət qurumlarında və özəl sektorda çalışan mütəxəssislər iştirak ediblər.

   Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən torpaqlaıının bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   AR ETN Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova dəyirmi masanı açarkən, tədbirə ev sahibliyi etdiyinə və təşkilati dəstəyə görə akademik Fuad Əliyev  başda olmaqla, AMEA-nın Gəncə Bölməsinin kollektivinə minnətdalıq bildirib, həmçinin bugünkü tədbirə qatılmış qonaqları salamlayıb.

   Dəyirmi masada aqrar sahənin inkişafında müasir kənd anlayışına aid aktual məruzələr dinlənilib.

   Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrotexnologiya fakültəsinin dekanı,  yer qurluşu kafedrasının dosenti, a.e.ü.f.d. Əfqan Hüseynov “Ağıllı kənd layihələrinin planlaşdırılmasında torpaqlardan səmərəli istifadənin təşkili”, AGRODAİRY MMC-nin Yerqurluşu və Xəritəçəkmə üzrə supervayzeri, ADAU-nun Yerqurluşu kafedrasının baş müəllimi Araz Qasımov “Müasir texnologiyaların tətbiqi ilə kənd təsərrüfatının təşkili və idarə edilməsi”, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geodeziya və Kartoqrafiya Agentliyinin topoqrafik kartoqrafiya üzrə mütəxəssisi Samir Həsənov “Ərazinin məsafədən rəqəmsal xəritəsinin və ərazinin yüksəklik modelinin hazırlanması”, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin baş koordinatoru Məhəmməd Hüseynov “Ağıllı kənd layihələrinin tərtibində yaşayış məntəqələrinin layihələndirilməsi” və AGRODAİRY MMC-nin Yerqurluşu və Xəritəçəkmə üzrə aparıcı mürəxəssisi Orxan Yusubov “Müasir suvarma sistemlərinin GİS texnologiyası əsasında layihələndirilməsi” mövzularında çıxış ediblər.

   Dəyirmi masa iştirakçıları çıxışlar və aidiyyatı sahədə onları maraqlandıran digər məsələlər ətrafında sual, fikir və mülahizələrini bölüşüblər.

   Tədbirin sonunda məruzəçilərə sertifikatlar təqdim olunub.