XƏBƏRLƏR
22.04.2025 / Konfranslar, iclaslar
AMEA-nın Gəncə Bölməsində növbəti elmi seminar keçirilib

   Tədbirin əvvəlində Bölmənin sədri, akademik Fuad Əliyev bu elm ocağında silsilə seminarların təşkilinin tədqiqatçıların məlumatlılığının artırılmasına xidmət etdiyini vurğulayıb və bugünkü görüşün dahi şair və mütəfəkkirimiz  Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı olduğunu, bu baxımdan, çıxışçıdan daha məsuliyyətli yanaşma tələb edildiyini vurğulayıb. 

   2025-ci ildə keçirilən seminarlar planı üzrə sayca üçüncü tədbirdə, onun  aparıcısı, Bölmənin Nizami Gəncəvi Mərkəzinin “Nizaminin elmi-fəlsəfi görüşləri” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Hüseynova “Sirlər xəzinəsi”məsnəvisində dini motiv və obrazlar”  mövzusunda çıxış edib. X. Hüseynova ilk növbədə Şeyx Nizaminin istər öz dövrünün, istərsə də sonrakı əsrlərin bilgi və mənəviyyat səviyyəsindən qat-qat yüksəkdə dayandığını, onun dərin zəka, kamil düşüncə və davranış, tarixin keçmiş, indi və gələcək qatlarındakı hadisə və prosesləri təhlil və təkamül baxımından şərh etmiş şair və filosof olduğunu diqqətə çatdırıb.

   Çıxışçı dahi şairin “Xəmsə”sində, o cümlədən bu günkü mövzunu əhatə edən “Sirlər xəzinəsi” əsərində ortaya qoymuş olduğu dini-fəlsəfi görüşləri, motiv, əhvalat və obrazları  məhz bu baxımdan anlamağın vacib olduğunu bildirib.

   X.Hüseynova həmçinin Yer üzündə yayılmış inancların ən mükəmməli olan İslam dininin mahiyyəti və bəşəri fəlsəfəsinin daşıyıcısı və Allahın sadiq bəndəsi kimi dahi Nizaminin öz əsərlərində Yaradanın, onun son elçisi Məhəmmədin vəsfinə, eləcə də insanlığı haqq və ədalətə çağırmış digər peyğəmbərlərin  Quranda yer almış qissələrinin (əhvalatlarının) şərhinə xüsusi diqqət yetirdiyini qeyd edib.

   Çıxışçı Nizami yaradıcılığından bu nümunələrə aid poetik parçaları da diqqətə çatdırıb.

   Seminarda iştirak edənlər X. Hüseynovanın çıxışını məmnuniyyətlə dinlədiklərini bildirib, maraqlandıqları sual və mülahizələrini bölüşüblər.  

   Tədbirin sonunda AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev maraqlı seminara görə onun aparıcısı və iştirakçılarına minnətdarlıq bildirib. O, Bölmədə ənənə halını almış tematik seminarların təqdirəlayiq hal olduğunu vurğulayıb və onların daha maraqlı və dolğun keçməsi yönündə tövsiyələrini diqqətə çatdırıb.