
Süni intellekt mövzusunda AMEA-nın Gəncə Bölməsində dəyirmi masa keçirilib
Azərbaycan Milli elmlər Akademiyasının Gəncə Bölməsi və bu elm ocağının YAP Gəncə şəhər 2 saylı ərazi partiya təşkilatı tərəfindən “Yeni eraya addım: Azərbaycanın süni intellekt strategiyası 2025 – 2028” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada açılış sözü ilə çıxış edən AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bugünkü toplantının müasir dünyanın, xüsusən Azərbaycan kimi sürətli inkişaf yolunu seçmiş ölkələrin qarşısında duran ən aktual məsələlərdən olan süni intellekt və onun tətbiqi sahələrinə həsr olunduğunu bildirib. O, ölkə rəhbəri cənab İlham Əliyevin 19 mart 2025-ci il tarixli “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün süni intellekt strategiyası”nın təstiq edilməsi haqqında Sərəncamının müddəalarının, eləcə də bu xüsusda AMEA Rəyasət Heyətinin müvafiq qərarlarının elmi ictimaiyyət qarşısında böyük vəzifələr qoyduğunu diqqətə çatdırıb.
Akademik Fuad Əliyev ölkə həyatının iqtisadiyyat, mədəniyyət, elm, təhsil, səhiyyə və digər bu kimi sahələrinə yenicə nüfuz etməkdə olan süni intellekt anlayışının mahiyyətinin dərindən dərk edilməsi və onun hazırkı anın gündəliyinə və sıçrayışa sabahkı həyatın reallığına çevriləcəyi faktına tam hazır olmaq baxımından alim və tədqiqatçılar üçün bu cür tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“Yeni eraya addım: Azərbaycanın süni intellekt strategiyası 2025–2028” mövzusundakı dəyirmi masanın müzakirələrinə giriş sözündə AMEA-nın Gəncə Bölməsi YAP Gəncə şəhər 2 saylı Ərazi Partiya Təşkilatının sədri Vüsal Eminbəyli elmi-texniki tərəqqi və müasir dövdrə xüsusilə aktual olan süni intellekt məsələlərinə dair Ölkə Prezidentinin qərar və sərəncamlarının mahiyyəti haqda danışıb.
Sonra dəyirmi masanın məruzələri dinlənilib. AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, fil.ü.f.d., Əlimuxtar Muxtarov “Prezident İlham Əliyevin süni intellekt strategiyası”, Elektron Xidmətlər şöbəsinin müdiri Fərhad Mirzəyev “Azərbaycanda süni intellekt. Dövlətin rəqəmsal gələcəyi”, Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin müdiri fil.ü.f.d. Ruziyə Quliyeva “Milli-mənəvi dəyərlərin qorunmasında süni intellektin rolu”, Bölmənin Elmi Kitabxanasının müdiri Vüsalə Hüseynova “Süni intellekt və elmi məlumatlar (kitabxana, kitablar və jurnallar)”, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı “Süni intellekt: yaradıcılıqmı yoxsa saxtakarlıqmı?”, Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin kiçik elmi işçi İlahə Əsədzadə “Tarixi araşdırmalarda süni intellektin rolu” və Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi Nigar Verdiyeva özünün ilk elmi məruzə debütü kimi“Süni intellektlə insanlığın sərhədində” adlı mövzular üzrə çıxış ediblər.
Dəyirmi masa iştirakçıları öz sual və təkliflərini səsləndiriblər.
AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev maarifçilik xarakterli bu tədbirin olduqca maraqlı və faydalı keçdiyini qeyd edib və iştirakçılara minnətdarlıq bildirərək, bu mövzuda görüşlərin davamlı olmasını tövsiyə edib.
Toplantıda həmçinin Gəncə Bölməsinin YAP sıralarına yeni qəbul edilmiş əməkdaşlarının vəsiqələri təntənəli surətdə təqdim olunub. Onlar gül dəstələri ilə təbrik edilib.