
AMEA-nın Gəncə Bölməsində növbəti elmi seminar keçirilib
Bölmənin sədri, akademik Fuad Əliyev bu elm ocağında keçirilən seminarlar silsiləsindən bugünkü tədbirdə Gəncənin tariximiz və milli intibahımıza verdiyi töhfələr haqda məsələləri əhatə edəcəyini bildirərək, bu elm ocağında daim bu yöndə əhəmiyyətli tədqiqatlar aparıldığını və samballı elmi əsərlər nəşr edildiyini diqqətə çatdırıb.
2025-ci ildə keçirilən seminarlar planı üzrə sayca 4-cü tədbirdə, onun aparıcısı, Bölmənin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nərgiz Rəsulova “Gəncə milli düşüncənin ideoloji mərkəzi kimi” mövzusunda çıxış edib. N.Rəsulova Azərbaycanın, Qafqazın, eləcə də Şərq aləminin ta qədimdən ən əhəmiyyətli yaşayış məskənlərindən biri olmuş Gəncənin urbanik təşəkkül, iqtisadi, siyasi, hərbi, mədəni inkişaf mərhələlərinə tarixi ekskurs edərək, bu şəhərin zamanın bütün dönəmlərində özünəməxsus milli-ideoloji auraya malik olduğuna diqqət çəkib.
O, həmçinin yeni dünya münasibətlərinə əsaslanan son iki əsrdə də milli ruhumuzun aynası kimi Gəncənin əhəmiyyətli söz sahibi olduğunu vurğulayıb və xüsusən Şərqdə ilk demokratik dövlət olmuş Azərbaycan Cümhuriyyətinin (1918 -1920) yaradılmasında bu şəhərin ziyalı və ictimai-siyasi mühitinin nümayəndələrinin həlledici rol oynadığını bldirib. N.Rəsulova çıxışında Gəncənin müasir Azərbaycanın öz müstəqilliyinə qədəm qoyduğu çətin və təlatümlü illərdə də dövlətçiliyimizin xilaskarı və onun əsaslarının qurucusu Ümummilli Lider Heydər Əliyevin güvəndiyi şəhər olduğunu, eləcə də bu günümüzdə Ulu Öndərin layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyevin tərəqqi və inkişaf strategiyasının uğurla həyata keçirilməsinə öz əhəmiyyətli töhfələrini verdiyini vurğulayıb.
Seminarda iştirak edənlər N. Rəsulovanın çıxışını məmnuniyyətlə dinlədiklərini bildirib, maraqlandıqları sual və mülahizələrini bölüşüblər.
Tədbirin sonunda AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev maraqlı seminara görə onun aparıcısı və iştirakçılarına təşəkkür edib. O, Bölmədə ənənə halını almış tematik seminarların təqdirəlayiq hal olduğunu vurğulayıb və onların daim maraqlı keçməsi yönündə tövsiyələrini diqqətə çatdırıb.