XƏBƏRLƏR
05.05.2025 / Konfranslar, iclaslar
AMEA-nın Gəncə Bölməsində bu şəhərin ədəbi simaları və “Qızıl Gəncə” jurnalı mövzusunu əhatə edib

   Bölmənin sədri, akademik Fuad Əliyev bu elm ocağında keçirilən seminarlar silsiləsindən bugünkü tədbirdəki mövzunun XX əsrin 20-ci illərinin sonunda nəşr edilmiş maraqlı bir ədəbi jurnalın tarixçəsi və bu nəşrin ətrafına toplanmış yazıçılarımız haqda  mülahizələri əhatə edəcəyini diqqətə şatdırıb.

   Cari ildə keçirilən seminarlar planı üzrə sayca 5-ci tədbirdə, onun  aparıcısı, Bölmənin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Təranə Verdiyeva “Qızıl Gəncə” jurnalı və Gəncə ədəbi mühiti” mövzusunda çıxış edib.

   Məruzəsinin əvvəlində T. Verdiyeva qədimdən özünün yaradıcı ənənələri olan  Gəncə şəhərinin əsrləri əhatə edən ədəbi mühitinin inkişaf mərhələlərinə ekskurs edərək, Azərbaycanın sovetləşmədən sonrakı ilk onilliyindəki yazıçıların da yaradıcılığının bu köklərə bağlı olan milli ruhun daşıyıcıları olduğuna diqqət çəkib.

   Bu varisliyin göstəriciləri kimi, çıxışçı, həmin jurnalda dərc olunan şeir və nəsr  nümunələrinin milli çəki daşıyan ad və məzmunları haqda misallar çəkib.

   Çıxışda jurnalın tarixçəsi haqda geniş məlumat verilib. Belə ki, Məmməd Kazım Ələkbərlinin məsul redaktorluğu, Fərrux Həsənlinin katibliyi ilə "Qızıl Gəncə"nin ilk sayı 1928-ci ilin mart ayında nəşr olunub. Jurnal Gəncə Qəza Maarif şöbəsi, Maarif Xadimləri İttifaqı tərəfindən Qızıl Qələm Ədəbiyyat cəmiyyətinin iştirakı ilə ayda bir dəfə dərc edilən elmi, ədəbi, ictimai, pedaqoji yönümlü mətbuat orqanı idi. Dərginin redaksiya heyətinə  dövrün tanınmış ziyalıları  Məhəmməd Cuvarlı, Şeyx Seyidov, Müsəllim Əliyev, Mənaf Quliyev və Məcid Məmmədov daxil idi. "Qızıl Gəncə"də "Ümumi və ictimai qism", "Lisan və ədəbiyyat", "İncə sənətlər", "Tərbiyə və tədris", "Tənqid və biblioqrafiya" rublikaları ilə yanaşı, "Bədii ədəbiyyat" bölməsinə də geniş yer ayrılırdı. Jurnalda ədib və şairlərdən Mir Cəlal, Həmid Araslı, Cəfər Xəndan, Əhməd Cəmilzadə, Mirzə Əli Qarabaği, Fərrux Həsənli, Bəhram Məhəmmədzadə, Möhsün Poladlı, Cahanbaxış Cavadzadə, Nadir Qasımlı, Hüseyn Məmmədzadə  və digər yazıçılarla yanaşı, Səməd Vurğun da fəal iştirak edirdi.

   Seminar zamanı çıxışçı jurnalın səhifələrinin fotolarını, həmçinin orada dərc olunan ədəbi nümunələrdən parçaları iştirakçıların diqqətinə çatdırıb.

   Seminarda iştirak edənlər Təranə Verdiyevanın çıxışını məmnuniyyətlə dinlədiklərini bildirib, maraqlandıqları sual və mülahizələrini bölüşüblər.  

   Tədbirin sonunda AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev  seminarın öz orijinallığı ilə yadda qaldığını xüsusi qeyd edib və bu qəbildən olan qarşıdakı görüşlərin də yüksək elmi tutumuna nail olunması yönündə tövsiyələrini çatdırıb.