XƏBƏRLƏR
06.05.2025 / Konfranslar, iclaslar
AMEA-nın Gəncə Bölməsində növbəti elmi seminar keçirilib

    Bölmənin sədri, akademik Fuad Əliyev bu elm ocağında keçirilən seminarlar silsiləsindən bugünkü tədbirin mövzusunun Gəncə şəhərinin tarixi yerdəyişmələri və onun qədimliyinin sübutu kimi burada aparılmış arxeoloji tədqiqatlar haqda məlumatları əhatə edəcəyini vurğulayıb.

   Akademik Fuad Əliyev həmçinin bu elm ocağında daim bu yöndə əhəmiyyətli tədqiqatlar aparıldığını və samballı elmi əsərlər nəşr edildiyini diqqətə çatdırıb.

   Tədbirin aparıcısı, Bölmənin Diyarşünaslıq İnstitutunun etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Samirə Qasımova “Gəncə şəhərinin qədim tarixini sübuta yetirən arxeoloji tədqiqatlar və Gəncə şəhərinin tarixi yerdəyişmələri” mövzusunda çıxış edib. S.Qasımova Azərbaycanın, Qafqaz coğrafiyasının, eləcə də Şərqin ən qədim yaşayış məskənlərindən biri olmuş Gəncənin şəhər kimi təşəkkülünü, onun iqtisadi, mədəni, siyasi, hərbi baxımdan inkişaf mərhələlərini, eləcə də tarixin müxtəlif dövrlərində 5 dəfə yerdəyişməyə məruz qalmasının səbəblərini ətraflı şərh edib.

   Rusiya İmperiyasının tərkibində olan Gəncədə və onun ətraf bölgələrində 19-cu əsrin ortalarından başlayaraq fransız, alman və rus əsilli alim, mütəxəssis və məmurlar tərəfindən ümumi qafqazşünaslıq tədqiqatlarının bir hissəsi olmaqla, arxeoloji işlər aparıldığı qeyd edilib. S.Qasımova Azərbycanın sovetləşməsindən sonra Gəncə, eləcə də onun böyük övladı Nizami ilə bağlı araşdırmaların sürətləndiyini, bu xüsusda, müxtəlif onilliklərdə görkəmli alimlərimizin rəhbərliyi altında bu bölgədə bir neçə arxeoloji ekspedisiyanın həyat keçirildiyini, onların nəticələrinin sistemləşdirildiyini və elmi nəşrlərdə əks olunduğunu bildirib.

   Çıxışçi müstəqillik dövrümüzdə tarix və arxeologiya üzrə köklü araşdırmaların dövlətçiliyimiz və ölkəmizin beynəlxalq imici məsələləri ilə bilavasitə bağlı oluğunu, odur ki, bu sahələrdə dünyanın aparıcı mütəxəssislərinin də iştirakı ilə tutarlı dəlillərə söykənən elmi nəticələrin əldə olunmasının böyük əhəmiyyət daşıdığını bildirib və  Gəncənin 4 min illik tarixinin 2013-cü ildə UNESCO tərəfindən qəbul edildiyini və bu qurumun  baş katibi İrina Bokova tərəfindən rəsmi məktubla təsdiq olunduğunu bildirib.

   Seminar iştirakçıları S. Qasımovanın çıxışını məmnuniyyətlə dinlədiklərini bildirib, maraqlandıqları sual və mülahizələrini bölüşüblər.

   AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev maraqlı çıxışına görə görə seminarın aparıcısına minnətdarlıq bildirib və  Bölmədə çalışan tarixçi-alimlərə Gəncədə aparılan beynəlxalq arxeoloji ekspedisiyalara və onların  nəticələrinə daim diqqət yetirməyi, elmi jurnallarda  bu mövzuda məqalələrini artırmağı tövsiyə edib.