XƏBƏRLƏR
07.05.2025 / Konfranslar, iclaslar
AMEA-nın Gəncə Bölməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirilib

   “Bitki xammalları və tullantılarının kompleks emalı biotexnologiyası” mövzusundakı respublika elmi-praktik konfransı Gəncə şəhəri İcra Hakimiyyəti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutu tərəfindən təşkil olunub.

   Konfrans AMEA-nın Gəncə Bölməsinin böyük iclas salonunda keçirilib. Foyedə alim və tədqiqatçıların nailiyyətlərini əks etdirən sərgiyə də  baxış keçirilib.

   Konfransa Respublikanın  elm ocaqlarını təmsil edən alim və tədqiqatçılar qatılıblar.

   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş  şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

   Respublika elmi-praktik konfransını giriş sözü ilə AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əlyev açaraq, iştirakçıları salamlayıb, bugünkü konfransın dövlətçiliyimizin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə ithaf olunduğunu və bu mötəbər elmi forumun keçirilməsini  ziyalıların və alimlərin Ulu Öndərin  ölkəmizin və millətimizin daha işıqlı gələcəyi naminə yorulmaz fəaliyyətinə minnətdarlıq  və ehtiram nümunəsi  kimi dəyərləndirib.

   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutunun (Gəncə) direktoru, kimya üzrə fəlsəfə doktoru İmran Qasımov öz çıxışında konfransın məqsədləri haqda danışıb, onun proqramının çox zəngin olduğunu, məruzə və çıxışların biotexnologiya və ekoloji problemlərinin həlli üçün qarşıda duran məsələlərdə alim və tədqiqatçıları yeni ideyalara istiqamətləndirə biləcəyinə inandığını vurğulayıb.

   Konfransın plenar iclasında  Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, aqrar elmlər doktoru, professor İbrahim Cəfərov,  Aqromexanika Elmi Tədqiqat İnstitutundan texnika elmləri doktoru, professor Şahlar Babayev, Elm və Təhsil Nazirliyinin Gəncə Dövlət Universitetinin kimya kafedrasının müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Aynur Məmmədova və Azərbaycanda çalışan Türkiyəli təhsil üzrə ekspert Ayşə Kalmaz çıxış ediblər.

   İlk iclasda həmçinin Azərbaycan Dövlət Aqrar Universitetindən aqrar elmlər doktoru, dosent Elxan Allahverdiyev “Torpaq münbitliyinin bərpasında bioresurslardan səmərəli istifadə”,  AMEA-nın Şəki Regional Elmi Mərkəzindən biologiya üzrə fəlsəfə doktoru Zərnitac Şükürova “Yeni bioresursların əldə edilməsi məqsədilə tullantısız ipək istehsalından istifadənin effektivliyi”, ETN Aqrar Problemlər İnstitutundan aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Aygün Babayeva “Müasir texnologiyaların tətbiqi ilə çirklənmiş, deqradasiyaya uğramış torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi”, Heyvandarlıq Elmi Tədqiqat İnstitutundan Mehri Xəlilova “Heyvandarlıqda biotexnologiyalar və onların məhsul istehsalında əhəmiyyəti” və Müzakir Məmmədov “Heyvanların yemləndirilməsində üzüm tullantılarının əhəmiyyəti”, Bioresurslar İnstitutundan (Gəncə)  Sevda Abbasova “Yovşan ekstraktı əsasında alınan məlhəm nümunəsinin tədqiqi” və Vüsalə Abbasova “Antropogen amillərin təbiətə dolayı və bilavasitə təsiri”, həmçinin gənc tədqiqatçılar - ADAU-nun tələbələrindən Həmid Səfərov “Əczaçılıqda bitki biotexnologiyasının tətbiqi” və Lalə Sadıqova “İnsan təkamülündə və mədəniyyətin yaranmasında rol oynayan bitki - əncir (Ficus)” mövzularında elmi məruzələrlə çıxış ediblər.

   Sonra respublika konfransı bölmələr üzrə davam etdirilib. "COP 29 nailiyyətlər və perspektivlər: Qlobal iqlim dəyişikliklərinin biomüxtəlifliyə, biomühafizəyə və bitki landşaftına təsiri”, “Aqrar sahədə, tibb, əczaçılıq və qida sənayesində biotexnologiyalar”, “Təbii və antropogen amillərin flora və faunaya təsiri”, “Bitki və bitki mənşəli tullantıların emalı və tətbiq sahələri” və “Müxtəlif yanacaq növlərinin ekoloji mühitə və biomüxtəlifliyə təsiri” adlı 5 bölmədə 70-dən artıq elmi məruzə dinlənilib və ya konfrans materialı kimi qəbul edilib.

   Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

   Konfransın materialları ayrıca kitabça şəklində çap edilib.