XƏBƏRLƏR
16.05.2025 / Mühüm hadisələr
AMEA-nın Gəncə Bölməsində rəqəmsal transformasiya məsələləri və süni intellektin köməyilə filoloji tədqiqatlar imkanlarına dair seminar keçirilib

   Bölmənin sədri, akademik Fuad Əliyev bugünkü seminarın müasir dünyanın qarşısında duran ən aktual məsələlərdən olan süni intellekt və onun tətbiqi sahələrinə həsr olunduğunu bildirib. O, Prezident İlham Əliyevin 19 mart 2025-ci il tarixli “Azərbaycan Respublikasının 2025–2028-ci  illər üçün süni intellekt strategiyası”nın təstiq edilməsi haqqında Sərəncamının müddəalarının, eləcə də bu xüsusda AMEA-nın  Rəyasət Heyətinin müvafiq qərarlarının  elmi ictimaiyyət qarşısında böyük vəzifələr qoyduğunu diqqətə çatdıraraq, ölkə həyatının iqtisadiyyat, mədəniyyət, elm, təhsil, səhiyyə və digər bu kimi sahələrinə yenicə nüfuz etməkdə olan süni intellekt anlayışının mahiyyətinin dərindən dərk edilməsi və tətbiqinə tam hazır olmaq baxımından,  alim və tədqiqatçılar üçün bu cür tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

   Seminarın aparıcısı, Elektron xidmətlər şöbəsinin müdiri Fərhad Mirzəyev “AMEA-nın Gəncə Bölməsinin rəqəmsal transformasiyası: məqsəd və vəzifələr”, həmçinin “Azərbaycan folkloru və süni İntellekt: keçmişlə gələcəyin birləşmə nöqtəsi” adlı mövzuları əhatə edən bu tədirin Bölmədə çalışan  araşdırmaçılar üçün maarifçi-informativ xarakter daşıdığını bildirib.

   Çıxışçı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəqəmsal inkişaf  konsepsiyasının müddəalarından irəli gələn tələblərə uyğun olaraq, bu seminarların ölkəmizin zəngin mədəni irsinin müasir texnologiyalarla inteqrasiyası baxımından bu sahədə çalışan tədqiqatçılar üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediib, ictimai elmlərin, o sıradan tarix, ədəbiyyat və  folklorumuzun rəqəmsal mühitdə qorunması, tədqiqi və gələcək nəsillərə ötürülməsi üçün süni intellektin (AI) potensialını araşdırmaq məqsədi daşıdığını diqqətə çatdırıb. F.Mirzəyev qeyd edib ki, müasir dövrdəki qloballaşma, urbanizasiya və rəqəmsal transformasiya şəraitində bu dəyərləri qorumaq və gələcəyə ötürmək üçün innovativ yanaşmalara ehtiyac var. O, həmçinin Prezident İlham Əliyevin imzaladığı, “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” kimi sənədlərin elmi-tədqiqat sahəsində rəqəmsal texnologiyaların tətbiqini prioritet hesab etdiyini də vurğulayıb. F.Mirzəyev süni İntellektin folklor tədqiqatlarındakı rolundan danışarkən, bu sahənın rəqəmsallaşdırılması və arxivləşdirilməsi məsələsinə diqqət çəkib. Belə ki, süni intellekt əlyazmaların, audio və video materialların skan edilməsi, tanınması və rəqəmsal formatda saxlanılmasında istifadə oluna bilər. Məsələn, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun təcrübəsi göstərir ki, rəqəmsal arxivlər folklor nümunələrinin qorunmasında mühüm rol oynayır. Süni intellektə əsaslanan OCR (Optical Character Recognition) və səs tanıma texnologiyaları ilə əlyazmalar və şifahi folklor nümunələri avtomatik olaraq rəqəmsallaşdırıla bilər.

   Folklor nümunələrinin mətn analizi və təsnifatından danışarkən, çıxışçı qeyd ceib ki,  təbii dil emalı (NLP - Natural Language Processing) alqoritmləri folklor mətnlərinin strukturunu süni intellekt folklor mətnlərinin semantik analizini, motivlərin, obrazların təsnifatını avtomatlaşdıra bilər; süni intellektə əsaslanan chatbotlar və virtual assistentlər folklor nümunələrini interaktiv şəkildə təqdim edə bilər. Məsələn, bayatılar və ya nağıllar haqqında məlumat verən AI platformaları gənc nəsillər üçün folkloru daha cəlbedici edə bilər. Bundan əlavə, virtual reallıq (VR) və artırılmış reallıq (AR) texnologiyaları ilə dastanlardakı səhnələr canlandırıla bilər.

   Folklorun qorunması və beynəlxalq səviyyədə təqdimatı məsələlərinə toxunan çıxışçı qeyd edib ki, UNESCO-nun “Dünya Yaddaşı” proqramına daxil edilmiş Azərbaycan əlyazmaları süni intellekt vasitəsilə beynəlxalq platformalarda daha geniş auditoriyaya təqdim oluna bilər və AI tərcümə və kontekstual analiz alətləri folklorun qlobal miqyasda tanıdılmasında kömək edəcək.

   Seminarda sözügedən sahədə Gəncə Bölməsinin rolu və təklifləri üzrə məlumat verən məruzəçi bu Bölmənin  regionda elmi-tədqiqat fəaliyyətinin inkişafında mühüm rol oynadığını vurğulayıb və qeyd edib ki, Elektron Xidmətlər Şöbəsi  rəqəmsal infrastrukturun gücləndirilməsi və süni intellekt layihələrinin tətbiqi istiqamətində işlər aparır və bu baxımdan, şöbə Rəqəmsal Folklor Platforması çərçivəsində Azərbaycan folklorunun rəqəmsal arxivini yaratmaq üçün AMEA-nın institutları ilə birgə süni intellektə əsaslanan alətlərdən (yaddaş HDD-lərdən, audio video və s) istifadə etmək; prosesə gənc alimlərin cəlb edərək onlar  üçün təlim proqramları təşkil etmək, beynəlxalq əməkdaşlığın genişləndirilməsi sahəsində Dünyanın universitet və institutları,  digər qurumları ilə əməkdaşlıq çərçivəsində onların təcrübələrindən də istifadə edərək, folklorun rəqəmsallaşdırılması istiqamətində layihələri genişləndirmək təkliflərini irəli sürüb.

   Seminarda qeyd olunub ki, Azərbaycan folkloru ilə süni intellektin birləşməsi keçmişlə gələcəyin sintezini təmin edərək, mədəni irsimizin qorunması və qlobal miqyasda tanıdılmasında yeni imkanlar yaradır. Bu nöqteyi-nəzərdən ölkə rəhbərinin rəqəmsal inkişaf strategiyasına uyğun olaraq, AMEA Gəncə Bölməsi bu prosesdə fəal iştirak etməyə qadirdir.

   Sonda mövzu ətrafında müzakirələr aparılıb və seminar iştirakçılarının sulları cavablandırılıb.