XƏBƏRLƏR
20.05.2025 / Mühüm hadisələr
AMEA-nın Gəncə Bölməsində yəhudi əsilli Azərbaycan yazıçısı Simax Şeydanın xatirəsi anılıb

   Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin və onun Humanitar tədqiqatlar İnstitutunun təşəbüüsü ilə Azərbaycan və İsrail Yazıçılar birliklərinin üzvü olmuş mərhum şair, dramaturq Simax Şeydanın (1936 – 2024) yaradıcılığına həsr olunan görüş keçirilib.

   Tədbirdən əvvəl yazıçının kitablarından ibarət stend-sərgiyə baxıblar.

   Giriş sözündə AMEA Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun   Ədəbiyyat şöbəsinin müdiri, fil.ü.f.d. Ruziyə Quliyeva ədəbiyyatımızda öz izinə malik və həyatı Gəncə ilə sıx bağlı olan  S. Şeydanın adı ilə bağlı tədbirin iştirakçılarını salamlayıb, yazıçının yaradıcılığının xüsusiyyətləri haqda danışıb.

   AMEA-nın Gəncə Bölməsinin sədrinin müavini Rasim Tağıyev çıxış edərək, qonaqlara Bölmənin sədri, akademik Fuad Əliyevin salamlarını və bugünkü tədbirə uğur arzularını çatdırıb. R. Tağıyev elmimizdə və mədəniyyətimizdə öz izi olan xadimlərin irsinə və xatirəsinə daim həssaslıqla yanaşıldığının ənənə halı aldığını vurğulayıb. 

   Görüşdə AMEA-nın  Gəncə Bölməsi Humanitar Tədqiqatlar İnstitutunun  elmi işçisi Sənubər Abdinova Simax Şeydanın həyatı və yaradıcılığı haqda məlumat verib.

   Bildirilib ki, Simax Şeyda (Simax Barux oğlu Yuşbayev) 1936-cı il iyunun 20-də Oğuz rayonunda anadan olub. 1940-cı ildə ailəliklə Gəncə şəhərinə köçüb. Burada Sabir adına 5 saylı orta məktəbdə oxuyub. Sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində ali təhsil alıb.

   Simax Şeyda əmək fəaliyyətinə Gəncə şəhəri Rayonlararası Xalq Yaradıcılığı Evində teatr və təsviri incəsənət üzrə metodist kimi başlayıb. Orada baş metodist və direktor olub. Bakıda Azərbaycan Teatr Cəmiyyətinin xalq teatrları kabinetinin müdiri (1965–1990) və "Azərteatr" Yaradıcılıq İstehsalat Birliyində redaktor vəzifəsində çalışıb.

   Dağ yəhudisi Simax Şeydanın yaradıclığının böyük hissəsi  Azərbaycan dilindədir. O, uşaq ədəbiyyatımızın da görkəmli nümayəndələrindəndir. "Ədəbiyyat və incəsənət", "Azərbaycan pioneri", "Azərbaycan" qəzetlərində və "Göyərçin" jurnalı səhifələrində uşaq şeirləri, mənzum nağılları dərc olunub. Həmçinin uşaqlar üçün beş mənzum pyes yazıb.

   Simax Şeydanın "Təyyarə", Mən balaca kosmanavtam", "Yaxşı qız", "Tülkü-tülkü- tünbəki", "Nəğməli meşə",  "Kimin belə qızı var", Nağıl istəyən qız", "Yoxdur belə nənədən", "Qızım qızlar içində", "Topçu Həsən" və digıər kitabları kütləvi tirajlarla nəşr olunub.

   Yazıçın 35 kitabı işıq üzü görüb. Onların böyük qismi uşaqlar üçündür. Yazdıqları seçilmiş əsərlər adı ilə 5 cilddə çap olunub.  Azərbaycan klassik ədəbiyyatını dağ yəhudilərinin dilinə tərcümə edib. Onun tərcümələri Amerikada, Kanadada nəşr edilib.

   Uşaqlar üçün yazdığı şeirlərin bir çoxuna  bəstəkar Oqtay Zülfüqarov mahnılar yazıb. Bunlara "Təyyarə", "Mən balaca kosmonavtam" şeirlərini nümunə göstərmək olar. Həmçinin  Quba rayonundan olan Qod Mixaylov adlı həvəskar bəstəkar da onun 20-dən artıq şeirinə musiqi yazıb və bu mahnıların sözləri həm yəhudi, həm də Azərbaycan dilindədir.

   Azərbaycan və İsrail Yazarlar birliyklərinin üzvü olub. SSRİ-nin Əmək Vetranı,  Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi adlarına layiq görülüb.

   Simax Şeyda 2024-cü ilin fevralın 14-də Almaniyanın Münhen şəhərində vəfat edib.

   AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, fil.ü.f.d. dos.Əlimuxtar  Muxtarov “Simax Şeyda iki xalq arasında mənəvi körpu kimi”, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin üzvü, politoloq Reyhan Mirzəzadə  “Simax Şeyda və  ədəbi mühitimiz”, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin məsləhətçisi Aləmzər Əlizadə “Simax Şeyda və Azərbaycan  təbiəti”, AMEA Gəncə Bölməsi Humanitar Tədqiqatlar İnstitutunun əməkdaşı Güləndam İsmayılova “Simax Şeydanın uşaq şerləri”, Simax Şeydanın bacısı Zibeydə Yuşvayeva “Vətən həsrəti ilə yaşayan şair” adlı mövzuları üzrə çıxış ediblər. Həmçinin yazıçı ilə dostluq münasibətlərində olmuş 1-ci Qarabağ müharibəsi qazisi Ağa Allahverdiyev onunla bağlı xatirələrini bölüşüb.

   Tədbirin sonunda yazıçının yaxınları və digər qonaqlar səmimi qəbula və maraqlı tədbirə görə AMEA-nın Gəncə Bölməsinin rəhbərliyinə və kollektivinə təşəkkür ediblər.