AMEA-nın Gəncə Bölməsində Nizami Gəncəvi yaradıcılığının Üzeyir Hacıbəyliyə təsiri haqqında seminar keçirilib
Azərbaycan Respublikasının Prezidentinin ”Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 3 fevral 2025-ci il tarixli Sərəncamının müddəalarına uyğun olaraq, AMEA-nın Gəncə Bölməsində dahi bəstəkarın yaradıcılığına həsr olunmuş bir sıra tədbirlərin keçirilməsinə dair plan hazırlanıb .
“Üzeyir Hacıbəyli və Nizmi Gəncəvi” mövzusundakı seminar da bu tədbirlər çərçivəsində keçirilib.
Seminarın aparıcısı, AMEA-nın sədrinin müavini, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov öz çıxışının əsas ideyasını Azərbaycanın iki böyük övladı Nizami Gəncəvi və Üzeyir Hacıbəylinin - yaşadıqları dövrləri 8 əsr ayırmış olsa belə, zamanın fövqündə duran və ən yüksək yaradıcı meyarlara sahib olan bu dahi şəxsiyyətlərin - ruh doğmalığı üzərində qurmağa çalışıb.
Bu baxımdan, çıxışçı, Nizami Gəncəvinin “Xəmsə”sində musiqiyə dair təsvirlər, eləcə də 60- dək musiqi alətinin adının çəkilməsinin, şairin poetikasının zənginliyinin, xüsusən də qəzəllərinin özü-özlüyündə dərin melodikliyinin heç şübhəsiz, Azərbaycanın ən qabaqcıl ziyalılarından olan, hərtərəfli bilikli şəxs, böyük istedad sahibi Üzeyir Hacıbəylinin yaradıcı enerjisini daha da qüdrətləndirən amillərdən olduğunu vurğulayıb.
Ə. Muxtarov dahi bəstəkarın Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə 1941-ci ildə Süleyman Rüstəmin sözlərinə bəstələdiyi “Nizami” kantatasının, ən başlıcası isə dahi şairin iki qəzəlinə 1941-ci və 1943-cü illərdə bəstələdiyi “Sənsiz” və “Sevgili canan” romanslarının tarixçəsi haqda da danışıb. Çıxışçi xüsusən bu iki şedevr romansla Üzeyir bəyin romans-qəzəl janrının əsasını qoymuş olduğunu diqqətə çatdırıb.
Seminarda maraq doğuran daha bir məqam Nizaminin portretinin yaradılmasında Üzeyir bəyin də rol oynaması məsələsi olub. Belə ki, dahi şairin 800 illiyi ərəfəsində onun ən yaxşı portretinin işlənilməsi üzrə elan olunmuş müsabiqədə bəyənilmiş eskizin qalibi rəssam Qəzənfər Xalıqov karandaşla çəkdiyi həmin ilkin variantı rəngli portretə çevirərkən, məhz Üzeyir Hacıbəylinin məsləhəti ilə Ağcabədidə yaşayan, onun və digər görkəmli ziyalıların yetişməsində rol oynamış axund Mirzə Mehdi Sarıcalının orta əsrlər geyimində naturasından işləyib.
İştirakçılar onları maraqlandıran suallar və mülahizələrini bölüşüblər
Seminar “Nizami” filmindən götürülən, böyük müğənni və musiqiçi Müslüm Maqomayevin ifasında “Sevgil canan” romansının səsləndiyi fraqmentlə yekunlaşıb.