AMEA-nın Gəncə Bölməsində “Üzeyir Hacıbəyli və Gəncənin musiqi dünyası” mövzusunda dəyirmi masa keçirilib
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ”Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 3 fevral 2025-ci il tarixli Sərəncamının müddəalarına uyğun olaraq, AMEA-nın Gəncə Bölməsində dahi bəstəkarın yaradıcılığına həsr olunmuş silsilə tədbirlər davam etdirilir.
Bölmədə “Üzeyir Hacıbəyli və Gəncənin musiqi dünyası” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Tədbiri güriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri, əməkdar elm xadimi, akademik Fuad Əliyev açaraq, iştirakçıları və qonaqları salamlayıb, ”Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” ölkə başçısının Sərəncamını tariximizdə və mədəniyyətimizdə böyük izi olan Üzeyir Hacıbəylinin xatirəsinə və irsinə böyük diqqət və ehtiram nümunəsi, eləcə də milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsinə xidmət edən mühüm addımlardan biri kimi dəyrləndirərək, bu istiqamətdə daha səmərəli fəaliyyət üçün ziyalıların öhdəsinə mühüm vəzifələr düşdüyünü bildirib.
O, həmçinin Üzeyir Hacıbəylinin Azərbaycan Elmlər Akademiyasının üzvü və incəsənət üzrə ilk akademikimiz olduğunu diqqətə çatdırıb.
Əməkdar müəllim, sənətünaslıq doktoru, professor Sevda Qurbanəliyeva “Üzeyir Hacıbəyli və Gəncənin musiqi mədəniyyəti” mövzusunda elmi məruzə ilə çıxış edib. O, böyük şəxsiyyət, ictimai xadim, Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat, fəaliyyət və yaradıcılığını xalqımızın Milli Sərvəti kimi dəyərləndirib. S.Qurbanəliyeva Üzeyir bəyin Gəncə və bu şəhərin yaradıcı mühiti ilə yaxından bağlılığına diqqət çəkib, bu şəhərdə ilk musiqi məktəbinin və filarmoniyanın yaradılmasında, bəstəkar, musiqiçi və ifaçıların yetişdirilməsində böyük rol oynadığını vurğulayıb.
Tədbirin xüsusi qonaqları - Gəncə Dövlət Universitetinin tələbə kamera xorunun qızları “Musiqi fənləri” kafedrasının baş müəllimi Leyla Nəbiyevanın rəhbərliyi və dirijorluğu ilə görüşə Üzeyir musiqisinin sehrli ruhunu qatıblar. “Leyli və Məcnun” operasının 4-cü pərdəsindən və “Arşın mal alan” operettasının 2-ci pərdəsindən qızların xoru ifa olunub.
Sonra dəyirmi masanın mövzusu üzrə müzakirələr və çıxışlar olub. AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktou dosent Əlimuxtar Muxtarov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, GDU-nun nəzdində “Mədəniyyət və incəsənət” şöbəsinin dosenti İradə Abdurəhmanova, AMEA-nın Gəncə Bölməsi Humanitar Tədqiqatlar İnstitutunun ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva, Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Aynur Şıxıyeva və AMEA-nın Gəncə Bölməsi Diyarşünaslıq İnstitutu etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosenti Samirə Qasımova çıxış ediblər.
İştirakçılar tədbirin yüksək səviyyəli təşkili üçün AMEA-nın Gəncə Bölməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıq bildiriblər.