AMEA-nın Gəncə Bölməsində görkəmli alim İshaq Cəfərzadənin xatirəsinə həsr olunan dəyirmi masa keçirilib
"İshaq Cəfərzadənin Azərbaycan tarixinin elmi tədqiqindəki misilsiz xidmətləri" mövzusundakı dəyirmi masa Bölmənin Diyarşünaslıq İnstitutu tərəfindən təşkil edilib. Tədbir Əməkdar elm xadimi, Azərbaycan arxeologiya elminin banilərindən biri İshaq Məmmədrza oğlu Cəfərzadənin (1895 – 1982) anadan olmasının 130 illiyinə həsr olunub.
Başlanğıcda Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masanı giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq, görkəmli alim İshaq Cəfərzadənin Azərbaycan tarix elminin inkişafına verdiyi töhfələrdən, milli arxeoloq kadrların yetişdirilməsində misilsiz xidmətlərindən danışıb. O, qeyd edib ki, Gəncədə anadan olan və buranın köklü milli ənənələrə bağlı mühitində böya-başa çatan İsaq Cəfərzadənin elmi fəaliyyətində bu qədim şəhərimizlə bağlı arxeoloji araşdırmaların xüsusi yeri olub. Akademik Fuad Əliyev arxeoloqun Gəncədə və Azərbaycanın müxtəlif bölgələrində apardığı tədqiqat işlərinin çoxşaxəliliyinə diqqət çəkərək bildirib ki, İshaq Cəfərzadə xalqımızın qədim tarixini, məişət və təsərrüfatını, mədəniyyət və incəsənətini öyrənmək məqsədilə, Azərbaycan torpağını qarış-qarış gəzərək Abşeron, Gəncə-Qazax, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran-Astara və s. bölgələrdəki çöl-tədqiqat işləri zamanı çoxsaylı arxeoloji abidələr qeydə almış və xalqımızın etnoqrafiyasına dair zəngin materiallar toplamışdır. Akademik Fuad Əliyev görkəmli alimin elmi tədqiqatlarının geniş coğrafi arealı, tədqiq etdiyi abidələrin tarixi xronologiyası və həmin abidələrin müxtəlifliyi baxımından nəinki Azərbaycan arxeologiyasında, eyni zamanda dünya arxeologiya elmində çox az hallarda təsadüf edilən geniş, əhatəli fəaliyyətə malik tədqiqatçı olduğuna toxunub. O, çıxışının sonunda qeyd edib ki, respublikamızda arxeoloji axtarışlar və qazıntılar aparmış 20-dən artıq arxeoloji və etnoqrafik ekspedisiyanın təşkili və fəaliyyəti bilavasitə İshaq müəllimin adı ilə bağlıdır.
Daha sonra AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun əməkdaşları İshaq Cəfərzadənin həyat yolunu və elmi fəaliyyətinin çoxşaxəli istiqamətlərini özündə əks etdirən müxtəlif məzmunlu məruzələrlə çıxış ediblər.
“Gəncənin və Azərbaycanın qədim tarixinin işıqlandırılmasında böyük rolu olan İshaq Cəfərzadə” mövzusunda məruzə edən Diyarşünaslıq İnstitutu Tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Rəsulova alimin Azərbaycanın müxtəlif bölgələrində apardığı arxeoloji ekspedisiyalar və onların nəticələri haqqında qısa məlumat verib. O bildirib ki, həm görkəmli arxeoloq, həm etnoqraf, həm də pedaqoq kimi tanınan alimin ömrü boyu apardığı arxeoloji, etnoqrafik və tarixi araşdırmaları, Gəncənin və bütövlükdə Azərbaycanın tarixi keçmişinə işıq salmış, qədim mədəniyyətimizin zəngin səhifələri elm aləminə təqdim olunmuşdur. N.Rəsulova həmçinin qeyd edib ki, İshaq Cəfərzadənin elmi fəaliyyəti arxeoloji tədqiqatlarla bitmir, alimin xalqımızın təşəkkülü tarixinin inkişaf mərhələlərinin araşdırılmasında sayagəlməz elmi araşdırmaları da mövcuddur.
İnstitutun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Samirə Qasımova “Gəncənin arxeoloji irsi İshaq Cəfərzadənin elmi tədqiqatları işığında” mövzusunda məruzə edib. O, vurğulayıb ki, 1938-1940-cı illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinə hazırlıq işləri ilə əlaqədar olaraq şairin vətəni qədim Gəncə şəhərinin xarabalığında İshaq Cəfərzadənin rəhbərliyi ilə arxeoloji ekspedisiya işləmiş, çoxsaylı arxeoloji abidələr qeydə alınmış və xalqımızın etnoqrafiyasına dair zəngin materiallar toplanmışdır. Onun rəhbərliyi ilə az vaxt ərzində geniş qazıntılar nəticəsində burada qala divarlarının, sənətkarlıq məhəllələrinin, şəhər körpülərinin və başqa tikililərin qalıqları üzə çıxarılmış və yüzlərcə dəyərli maddi mədəniyyət nümunələri əldə edilmişdi.
İnstitutun Tarix şöbəsinin kiçik elmi işçisi Yasin Alməmmədov “İshaq Cəfərzadə - Qobustanın sirrini açan alim” başlıqlı məruzəsində zəhmətkeş arxeoloqun II Dünya müharibəsindən sonrakı illərdə apardığı tədqiqatların əsas və mühüm hissəsinin Qobustanın qayaüstü rəsmləri ilə bağlı olduğunu nəzərə çatdırıb. O bildirib ki, 1947-ci ildən başlayaraq İ.Cəfərzadənin rəhbərliyi ilə Qobustanda 20 ildən artıq müddətdə ardıcıl sistemli arxeoloji tədqiqatlar aparılmış, görkəmli alim Qobustanda 730 daş üzərində 5300-dən artıq müxtəlif məzmunlu qayaüstü təsvirlər qeydə almışdır. Yasin Alməmmədov yer kurəsinin müxtəlif guşələrində tapılmış bütün qədim qayaüstü təsvirlərə yaxşı bələd olan İshaq Cəfərzadənin Qobustan təsvirlərinin səciyyəvi xüsusiyyətini, bədii və tarixi əhəmiyyətini müəyyənləşdirdiyini vurğulayıb.
“İshaq Cəfərzadənin arxeoloji tədqiqatlarına dair” məruzə edən Etnoqrafiya şöbəsinin kiçik elmi işçisi Nərmin Alıyeva bildirib ki, görkəmli alim İshaq Cəfərzadənin araşdırdığı abidələrin coğrafiyası respublikamızın müxtəlif bölgələrini, xronologiyası isə daş dövründən orta əsrlərə qədərki bütün tarixi mərhələləri əhatə edir. Bunlar qədim insan düşərgələri, yaşayış yerləri, qalalar, müxtəlif tip qəbir abidələri, qayaüstü təsvirlər və s. abidələrdir.
“Gəncəli alimin həyat yolu” haqqında İnstitutun Arxeologiya şöbəsinin böyük laborantı Nüşabə Abbasova məlumat verib. O, çıxışında alimin həyat yoldaşı Səfiyyə xanım ilə çiyin-çiyinə elmi araşdırmalarda birgə iştirakını qeyd edib.
Dəyirmi masadakı çıxışlar ətrafında fkir mübadiləsi aparılıb.