XƏBƏRLƏR
20.08.2025 / Konfranslar, iclaslar
AMEA-nın Gəncə Bölməsində bitki genetik ehtiyatları mövzusunda beynəlxalq simpozium keçirilir

Türkiyə və Azərbaycanın, eləcə də bütövlükdə türk dünyasının görkəmli alimi, kənd təsəsrrüfatı, dənli bitkilər və bitki genetik ehtiyatları sahəsində zəngin elmi irs qoymuş professor Mirzə Göygölün xatirəsinə həsr olunmuş mötəbər simpozuim Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutu, Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Ege Kənd Təsərrüfatı Tədqiqatları İnstitutu (ETAE), həmin Nazirliyin Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş İdarəsi (TAGEM),  AMEA-nın Gəncə Bölməsi,  Azərbaycan Dövlət Aqrar Universiteti və  Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.

“II Mirzə Göygöl Beynəlxalq Bitki Genetik Ehtiyatları Simpoziumu” adlandırılan 4 günlük tədbir AR ETN Genetik Ehtiyatlar İnstitutu ilə qardaş Türkiyənin Ege Kənd Təsərrüfatı Tədqiqatları İnstitutu arasında uzunmüddətli əməkdaşlığın davamı kimi keçirilir.

Mirzə Göygöl (Mirzə Məşədi Yusif oğlu Hacızadə, 1897 – 1981) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri olmuşdur. Mirzə Hacızadə 1915-ci ildə Gəncə kişi gimnaziyasını bitirmiş, sonra  Xarkovdakı Novo-Aleksandr İnstitutunun kənd təsərrüfatı və meşəçilik şöbəsində oxumuşdur. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün Almaniyanın Berlin Universitetinə göndərilmişdir və bolşevik işğalına məruz qalmış Azərbaycana dönə bilməmişdir. O, 1926-cı ildə Berlində doktorluq dissertasiyası müdafiə etmişdir. Bir müddət Almaniyada seleksiyaçı alim kimi fəaliyyət göstərdikdən sonra Türkiyəyə dəvət olunmuş, İstanbulun Halkalı toxumçuluq stansiyasında işləmış, həmçinin ali məktəblərdə dərs demişdir. M. Hacızadə -Göygölün ali məktəb tələbələri üçün dərslik kimi də istifadə olunan 34 kitabı, həmçinin 300-dək elmi məqaləsi çap olunmuşdur.

Bu görkəmli alimin adı şərəfinə Gəncə Bölməsinin böyük akt salonunda təşkil olunan canlı və onlayn formatlı  Simpoziumun açılış nitqində AR ETN Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Azərbaycan və Türkiyə ilə yanaşı, Britaniya Birləşmiş Krallığı, Yaponiya, Pakistan, Qazaxıstan, Özbəkistan, Qığızıstan İran, Mərakeş, Livan və digər dövlətlərdən - 20-dən çox ölkəni, eləcə də bir sıra beynəlxalq kənd təsərrüfatı tədqiqatları mərkəzlərini təmsil edən 80 nəfərin qatıldığını bildirib, qonaqları və bütün iştirakçıları səmimi salamlayıb və simpoziumun əsas məqsədlərinin qlobal ərzaq təhlükəsizliyinin təminatında, bioloji müxtəlifliyin qorunmasında və kənd təsərrüfatının davamlı inkişafında əvəzolunmaz rol oynayan bitki genetik ehtiyatlarının mühafizə olunması, tədqiqi və istifadəsinə dair bilik və təcrübələrin paylaşılması, elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və yenilərinin qurulması ilə bağlı beynəlxalq elmi platformanın yaradılması, həmçinin bu sahədə böyük xidmətləri olmuş Mirzə Göygöl kimi alimlərin  irsinin tanıdılmasından ibarət olduğunu vurğulayıb.

Bitki genetik ehtiyatlarının dəyərinə, bu ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi ilə bağlı problemlərə diqqət çəkən Zeynal Əkpərov simpoziumun əsas müzakirə predmetlərini təşkil edən məsələlər – yerli və unudulmaqda olan növlərin aşkar edilməsi, bərpası, eləcə də onların yabanı əcdad və qohum növlərinin toplanması, genbanklarda mühafizəsi, müasir molekulyar-genetik və bioinformatik texnologiyalar vasitəsilə səciyyələndirilməsi, məlumat bazalarının yaradılması kimi fəaliyyətlərin qlobal ərzaq təhlükəsizliyində dayanıqlılığın təmin olunması üçün olduqca zəruri olduğunu bildirib.

Baş direktor qeyd edib ki, anoloji problemlərin müzakirə edildiyi I Beynəlxalq Simpozium 2023-cü ildə Türkiyə Respublikasının İzmir şəhərində böyük uğurla keçirilib.

Professor Zeynal Əkpərov həmçinin  müasir dövrdə artıq genetik ehtiyatların yalnız seleksiya və aqrar texnologiyalar üçün deyil, həm də milli təhlükəsizlik, diplomatik münasibətlər və iqtisadi sabitlik məsələsi olduğuna diqqət çəkib və bu baxımdan Gəncədə keçirilən II Simpoziumun yalnız elmi müzakirə platforması deyil, həm də elmi diplomatiyanın real təzahürü olduğunu və  tədbirin həmçinin 2024-cü ildə Bakıda böyük uğurla keçirilmiş COP29 Konfransında qəbul olunan qərarların, o cümlədən genetik ehtiyatların qorunması, qlobal iqlim dəyişmələrinə qarşı adaptiv mexanizmlərin yaradılması və “yaşıl inkişaf” prinsiplərinin həyata keçirilməsinin  məntiqi davamı olduğunu vurğulayıb.

Natiq simpoziumda aparılacaq müzakirələrin regional genbankların koordinasiyalı fəaliyyətinin gücləndirilməsi, bitki genetik ehtiyatları sahəsində lokal məlumat bazalarının beynəlxalq sistemlərə inteqrasiyası, kadr hazırlığı, gənc tədqiqatçıların bu sahəyə cəlb olunması, genetik ehtiyatların mühafizə və səmərəli istifadəsi üzrə milli strategiyaların beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətlərində mühüm irəliləyişlərə töhfələr verəcəyinə inamını ifadə edib.

Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş İdarəsinin (TAGEM) direktoru Fatif Özdəmir çıxış edərək, qardaş ölkələrimiz arasında bütün sahələrə aid əməkdaşlığın günü-gündən daha da möhkəmlənməsinin qürur doğurduğunu bildirib. O, Türkiyə və Azərbaycanın kənd təsərrüfatı elminə böyük töhfələr vermiş Mirzə Göygölün irsinin işığında keçən bugünkü simpoziumun alimlərimizin yeni tədqiqatlarına fayda verəcəyinə inandığını qeyd edib. 

AMEA-nın Rəyasət Heyıtinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev qonaqları salamlayıb və bu qədim şəhərdə doğulan Mirzə Göygölün adına təşkil olunan mötəbər elmi görüşün Gəncənin bu başlıca elm ocağında keçirilməsindən məmnunluq ifadə edib.

Akademik Fuad Əliyev Gəncədə bir neçə elmi-tədqiqat institutunun mövcud olması, o sıradan, ənənəvi olaraq,  bu şəhərin alimləri tərəfindən istər bitkiçilik, istərsə də heyvandarlıq sahələri üzrə əhəmiyyətli seleksiya tədqiqatlarının aparıldığına diqqət çəkib. Akademik Fuad Əliyev bu şəhərdə çalışaraq, elmimizə əvəzsiz  töhfələr vermiş alimlərin – səmərəli pambıq sortları yetişdirmiş Ələkbər Quliyevin, məhsuldar heyvan cinsləri üzərində işləmiş Firuz Məlikovun, buğda sortlarını yaxşılaşdırmış İmam Mustafayevin və digər böyük şəxslərin adını xatırladıb.

Akademik Fuad Əliyev simpozium iştirakçılarına AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin salamlarını çatdırıb və bu elmi tədbirin işinə uğurlar diləyib.

Kənd Təsərrfatı Nazirliyinin şöbə müdiri Seymur Səfərli çıxışında qardaş ölkələr – Türkiyə və Azərbaycanın aqrar sahə üzrə çalışan elmi qurumlarının və tədqiqatçı alimlərin əməkdaşlığını yüksək qiymətləndirib.

Sonra beynəlxalq simpozium plenar iclasla öz işinə davam edib. AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun “Mirzə Göygölün bitki genetik ehtiyatları elminə verdiyi töhfələr”, Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş İdarəsinin (TAGEM) direktoru Fatif Özdəmirin “TAGEM-in biomüxtəlifliyi qoruma strategiyaları”, Birmingem Universitetinin (Birləşmiş Krallıq) professoru Nigel Maxtedin (Naycl Maksted) “Bitki genetik ehtiyatlarının (PGR) mühafizəsi və istifadəsində çətinliklər və imkanlar: irəliləmənin daha təkmil yolunu seçməyin vaxtı”, Tekirdağ Namık Kemal Universitetinin professoru Evren Cabinin “Türkiyədə buğdanın yabanı qohumları”, Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) nümayəndəsi Dr. Mesut Keserin “Seleksiya prosesində yerli buğda sortlarının istifadəsi və onların fermer təsərrüfatlarında və seleksiya proqramlarında dəyişən statusu: Türkiyə nümunəsi”, eləcə də Minurə Yessinbekovanın “Qırğızıstanın cənub-qərbində buğdanın genetik müxtəlifliyinin ilkin seleksiya üzrə tədqiqatları”, Zafarjon Ziyayevin “Özbəkistanda bitki genetik ehtiyatlarının toplanması, qorunması, öyrənilməsi və istifadəsi”, Azihan Murzahanovanın “Qırğızıstan Respublikasının genetik bankında genetik ehtiyatların qorunması”, AMEA-nın Gəncə Bölməsi sədrinin müavini Əlimuxtar Muxtarovun “Nizami Gəncəvi yaradıcılığında Azərbaycanın bitki genetik zənginliyi”, Natsuo Kamotonun “Yaponiyanın NARO genetik bankı haqqında” və digər iştirakçıların aktual mövzularda məruzələri dinlənilib.

Çıxışlar ətrafında müzakirələr aparılıb.  Simpozium iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Fasilədən sonra simpozium öz işinə bölmə iclasları ilə davam edib.

Beynəlxalq simpozium öz işini avqustun 22-də yekunlaşdıracaq.

İştirakçılar Gəncənin və ətraf bölgənin təbiət və tarixi abidələrində və digər əlamıtdar yerlərində olacaq, dahi Nizami Gəncəvinin Məqbərə Kompleksini və muzeyini ziyarət edəcəklər.