XƏBƏRLƏR
16.09.2025 / Görüşlər
Pakistanli professor AMEA-nın Gəncə Bölməsində olub

   Pakistanın Lahor Universitetinin professoru, şərqşünas-alim, fars ədəbiyyatı doktoru Arif Nouşahi  Gəncədə işgüzar-yaradıcılıq səfərində olub.

   AMEA-nın Gəncə Bölməsində bu elm ocağının əməkdaşları ilə alimiin görüşü keçirilib. Bölmənin sədri, AMEA-nın Rəyasət heyətinin üzvü, Gəncə Ziyalılar Cəmiyyətinin sədri akademik Fuad Əliyev qardaş ölkənin elm aləminin nümayəndələrindən olan professor Arif Nouşahini Gəncə torpağında, dahi Nizaminin yurdunda  bu şəhəri salamlamaqdan məmnun olduğunu  bildirib. O, Azərbaycan ilə Pakistanın tarixin sınağına söykənən möhkəm  dostluğu haqda fikirlərini bildirərək,  XX əsrin əvvəllərində Pakistanda yoluxucu xəstəlik səbəbindən ciddi problemlər yarananda böyük xeyriyyəçimiz Hacı Zeynalabdin Tağıyevin ora xeyli dərman və tibbi vasitələr alıb göndərdiyini,  eləcə də həmin əsrin sonlarında, 1991-ci ildə Azərbaycan Respublikasını ilk tanıyan dövlətlərdən birinin məhz Pakistan İslam Respblikası olduğunu xatırladıb, xüsusən də 44 günlük Vətən müharibəsində öz suveren torpaqlarını, doğma Qarabağını azad edərək Böyük Zəfərə nail olmuş Azərbaycanın yanında Türkiyə və Pakistanın olduğunu böyük qürur hissi ilə bildirib.

   Akademik Fuad Əliyev qardaş ölkələrimiz arasında elmi-mədəni əlaqələrin genişləndirilməsinə ziyalıların daha fəal şəkildə töhfələr vermələrinin vacibliyinə toxunub.  Bu baxımdan o, AMEA-nın Gəncə Bölməsinin, o cümlədən onun  Nizami Gəncəvi Mərkəzinin beynəlxalq elmi əlaqələrinin daha da  genişləndirilməsini həmin Mərkəzin görüşdə iştirak edən əməkdaşlarına tövsiyə edib.

   Bölmənin sədri Azərbaycan Pespublikası Prezidenti cənab İlham Əliyevin  Sərəncamları ilə Nizami Gəncəvinin 870 və 880 illik yubileylərinin  keçirilməsi, eləcə də 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsini möhtəşəm hadisələr kimi xarakterizə edərək, Gəncə alimlərinin də bu əlamətdar tarixlərlə bağlı elmi və yaradıcı fəaliyyət baxımından samballı töhfələr verdiklərini diqqətə çatdırıb, bu xüsusda Əməkdar Elm Xadimi, professor, sözügedən Mərkəzin ilk rəhbəri mərhum Xəlil Yusiflinin xidmətlərini vurğulayıb.

   AMEA-nın Gəncə Bölməsində bu şəhərin tarixində lk dəfə olaraq, Nizami Gəncəvini irsinin tədqiqatları üzrə “Nizamişünaslıq” jurnalının təsis edildiyi və həmin elmi nəşrin mütəmadi işıq üzü gördüyü də qonağın diqqətinə çatdırılıb. 

   Professor Arif Nouşahi yüksək qəbula və həssas münasibətə görə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevə dərin minnətdarlıq bildirib.

   Pakistanın Lahor Universitetinin professoru, şərqşünas-alim, fars ədəbiyyatı doktoru,  Ravalpindi vilayətinin Dövlət Kollecinin Fars dili və ədəbiyyatı kafedrasının sabiq müdiri, professor Arif Nouşahi öz tədqiqatlarının istiqamətinin əsasən farsdilli ədəbiyyat mövzusunun təşkil etdiyini qeyd edib, bu baxımdan səfərinin məqsədinin Azərbaycanın böyük şairi və filosofu , əsərlərini  fars dilində yazmış Nizami Gəncəvinin irsi ilə təmas arzusu olduğuna diqqət çəkib.

   “Nizami Gəncəvinin ideyaları tarixin bütün dövrlərində müasir olub, bəşəriyyətə sevgi, doğru yol aşılayıb. Nizami Gəncəvini ayrı-ayrı xalqlar öz tərəflərinə çəkməyə çalışsalar da, Azərbaycan - Gəncə Nizami Gəncəvinin yurdudur. O, gəncəlidir. Həkim Nizaminin Gəncəsində, məqbərəsində onun böyük elm, əxlaq alimi olduğunu, ruhunu, ruhaniyyətini duymamaq qeyri-mümkündür. Onun yaradıcılığı bütövlükdə sirlər xəzinəsidir. Nizami Gəncəvini Gəncədə ziyarət etmək mənim 40 ildən çox arzuladığım ən böyük niyyətlərdən biri idi. Nizaminin Vətənində özümü çox xoşbəxt hiss edirəm” – deyə, o, vurğulayıb.

   Görüş zamanı AMEA-nın Gəncə Bölməsinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, nizamişünas Əlimuxtar Muxtarov   dünya xalqlarında farsdilli  ədəbiyyat anlayışının olduğu kimi, o dövrdə farsdilli Azərbaycan ədəbiyyatının  mövcudluğunu  və Nizami Gəncəvinin əsərlərinin farsca yazıldığını qeyd edib və  Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində  son illər, xüsusilə də “Nizami Gəncəvi İli”ndə şairin həyat və yaradıcılığı, milli mənsubiyyəti, ideya və idealları, sələfləri, xələfləri kimi istiqamətlərdə çoxsaylı kitablar, məqalələr nəşr olunuduğuna diqqət çəkib.

   AMEA-nın  Gəncə Bölməsinin rəhbərliyi  qonağa hədiyyə olaraq, dahi mütəfəkkirin yaradıcılığı ilə bağlı Gəncədə nəşr edilən monoqrafiya və jurnallar təqdim edib. Görüşdə gələcək əməkdaşlıqla bağlı müzakirələr də aparılıb.

   Doktor Arif Nouşahi xalqlarımızın, hər iki dövlətin rəhbərlərinin dostluq, qardaşlıq münasibətlərindən, Pakistan kitabxanalarında böyük Azərbaycan şairi Nizami Gəncəviyə aid olan xeyli sayda əlyazmaların mövcudluğundan söhbət açıb və Pakistanda çap edilən “Məxzənül əsrar” (“Sirlər xzinəsi”) məsnəvisinə yazılan nəzirələr” kitabını və digər tədqiqatlarını bölməyə hədiyyə edib.

   Professor Arif Nouşahi Gəncə Bölməsində yaradılmış Əlişir Nəvai adına Özbək dili və Mədəniyyəti Mərkəzi ilə də tanış olub.

   Daha sonra qonaq bölmə əməkdaşlarının müşayiəti ilə dahi şairin məqbərəsini, onun atası Yusifin və anası Rəisənin məzarlarını, Nizami Gəncəvi Muzeyini ziyarət edib.

   Səfər çərçivəsində həm də “İmamzadə” dini kompleksi, şəhərin müxtəlif tarixi abidələri ziyarət olunub.

   Səfər zamanı qonağa dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin bədii irsi, milli kimliyi barədə ətraflı məlumat verilib, Azərbaycanda Nizami Gəncəvi irsi ilə bağlı dövlət səviyyəsində görülən işlərdən, aparılan tədqiqatlardan, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hələ ötən əsrin 80-ci illərində Nizaminin 840 illik yubileyinin keçirilməsinə nail olmasından ətraflı söhbət açılıb. Həmçinin qeyd edilib ki, ölkə rəhbərinin  2011-ci ildə dahi mütəfəkkirin 870 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncamın tələblərindən irəli gələrək təsis edilən  Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və bu mərkəz tərəfindən Azərbaycan Prezidentinin himayəsi altında 2013-cü ildən həyata keçirilən Qlobal Bakı Forumları, dünya ölkələrində Nizaminin abidələrinin ucaldılması, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dahi mütəfəkkirin tolerantlıq abidəsi olan yaradıcılığının ölkəmizdə, dünyada təbliği istiqamətindəki fəaliyyəti, Gəncədə Nizami Gəncəvi Muzeyinin inşa edilməsi, “Xəmsə”sinin nəfis şəkildə çap edilməsi, Oksford Universitetində akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin yaradılması, ölkəmizdə fundamental monoqrafiyaların nəşr edilməsi, beynəlxalq konfransların keçirilməsi Azərbaycanda Nizami Gəncəvi irsinə dövlət səviyyəsində olan diqqətin təzahürüdür. Eyni zamanda, dahi mütəfəkkirin yurdu Gəncədə Şəhər İcra Hakimiyyətinin, AMEA-nın Gəncə Bölməsinin dəstəyi, təşəbbüsü ilə mütəmadi konfransların, sərgilərin və digər tədbirlərin keçirildiyi də qonağın diqqətinə çatdırılıb.