XƏBƏRLƏR
18.09.2025 / Konfranslar, iclaslar
AMEA-nın Gəncə Bölməsində “Gəncə incəsənəti” Respublika elmi konfransı keçirilib

   Bölmənin təşkilatçılığı ilə keçirilən elmi foruma Bakı, Gəncə, Sumqayıt və Ağcabədi şəhərlərindəki elm və ali təhsil ocaqlarının alim və tədqiqatçıları qatılıblar. Təşkilat komitəsi onların 40-dan çox elmi məqaləsini qəbul edilib.

   AMEA-nın  Gəncə Bölməsi konfrans salonunun foyesində mövzu üzrə təşkil edilmiş  sərgiyə baxış olub.

   Respublika konfransı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və  Ulu Öndər Heydər Əliyev və Şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

   Beynəlxalq konfransın aparıcısı, AMEA-nın Gəncə Bölməsi Diyarşünaslıq İnstitutu Etnoqrafiya şöbəsinin müdiri, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, Tarix üzrə fəlsəfə doktoru Samirə Qasımova bu tədbirin Azərbaycanın böyük səxsiyyətlərindən olan dahi bəstəkar, eyni zamanda ictimai xadim, yazıçı, publisist Üzeyir bəy Hacıbəylinin anadan olmasının 140 illiyinin qeyd olunması haqqında Cənab Prezident İlham Əliyevin Sərəncamının işığında keçirildiyini və onun doğum günündə baş tutduğunu bildirib.

   Aparıcı həmçinin konfransın proqramı ilə iştirakçıları tanış edib.  

   İştirakçılara əvvəlcə Gəncənin əlamətdar tarixi abidə və məkanları haqqında qısa videoçarx nümayiş olunub.

   Respublika elmi konfransını giriş sözü ilə açan AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev dahi Üzeyir bəyin anadan olmasının 140-cı ildönümünün tamam olduğu gündə keçirilən bu mötəbər elmi görüşə qatılan qonaqları və bütün iştirakçıları salamlayıb.

   Akademik Fuad Əliyev dövlətçiliyimizin maraqları naminə Cənab Prezident İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafı, eləcə də milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi naminə  verdiyi Sərəncamlar üzrə AMEA-nın Gəncə Bölməsində bu yüksək məqsədlərə xidmət edən elmi forum və konfranslar keçirilir, monoqrafiyalar nəşr olunur.  O, Vətənimizin ən qədim və onun milli ruhunun formalaşmasında böyük rol oynamış şəhərlərindən olan Gəncənin tarixin müxtəlif dövrlərindəki istər xalq sənətkarlığının, istərsə də peşəkar incəsənətinin öyrənilməsi və onların qaynaqlarının araşdırılmasına həsr olunan bu konfransın Azərbaycan elminin tarix, etnoqrafiya, sənətşünaslıq və digər sahələrinə əhəmiyətli töhfə olacağını vurğulayıb.

   Akademik Fuad Əliyev həmçinin iştirakçıların nəzərinə çatdırıb ki, AMEA-nın Gəncə Bölməsinin tədqiqat istiqamətlərindən biri kimi, şəhərimizin tarixin ən müxtəlif dövrlərinə aid sənət nümunələrinin sistemləşdirilərək, vahid toplu halında nəşri məqsədilə bölmə tərəfindən “Gəncə incəsənəti” adlı kitab hazırlanır. Həmin monoqrafiya bu şəhərdə müxtəlif istiqamətlərə aid sənət əsərlərini əhatə etməsi baxımından öz universallığı və rəngarəngliyi ilə seçiləcək və İstər fundamental elmi, istərsə də kütləvi xarakteri ilə bu nəşr Gəncənin şəhər və el mədəniyyətini tədqiq edənlər, eləcə də öyrənənlər üçün sanballı hədiyyə olacaq.

   Akademik Fuad Əliyev sözügedən nəşrin mövzuları ilə bugünkü eyni adlı konfransda müzakirə olunan  memarlıq, heykəltəraşlıq, dekorativ-təsviri sənət, zərgərlik, xalçaçılıq, ipəkçilik, digər toxuculuq üsulları, gil-saxsı, çini istehsalı və rəssamlığı, musiqi yaradıcılığı, həmçinin müxtəlif yönlü digər sənətkarlıq üzrə məsələlər arasında paralellərin olduğunu və bunun tədqiqatların artmasına xidmət edəcəyini vurğulayıb.

   Sonra plenar iclasda məruzələr dinlənilib.

   AMEA-nın Gəncə Bölməsi Diyarşünaslıq İnstitutu Etnoqrafiya şöbəsinin müdiri, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, Tarix üzrə fəlsəfə doktoru Samirə Qasımova “XIX əsrin ortaları-XX əsrin əvvəllərin Gəncədə bəzi dekorativ tətbiqi sənət növlərinin inkişaf səviyyəsi”, Azərbaycan Milli Konservaoriyasının professoru, sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadə “Akademik Üzeyir Hacıbəylinin Gəncə musiqi mədəniyyətində rolu və musiqi folklorşünaslığına dair”, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu şöbəsinin müdiri, sənətşünaslıq elmləri doktoru, professor İradə Köçərli” XX yüzilliyin I yarısında Gəncə şəhərinin müsiqi həyatı: əlyazmaların izilə”, AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov “Nizami Gəncəvinin musiqi dünyasının Üzeyir Hacıbəyli yaradıcılığında təcəssümü”, AMEA-nın Gəncə Bölməsi Diyarşünaslıq İnstitutu Tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, Gəncə Dövlət Universitetinin dosenti Nərgiz Rəsulova “Üzeyir Hacıbəyli-mili azadlıq düşüncəsinin söz və musiqi ilə ifadəsi. milli istiqlal yolunda”, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutundan tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Axundova “Gəncə mədəniyyəti tarixindən: heykəltəraşlıq və rəssamlıq”, Gəncə Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Cavid Bağırzadə “Gəncəbasar bölgəsinin orta əsr qalaları”, Azərbaycan Dövlət Aqrar Universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Çinarə Səfərova “Üzeyir Hacıbəylinin Gəncənin mədəni və ictimai həyatındakı xidmətləri”,  R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbinin və Xəzər Universitetinin musiqi nəzəriyyəsi müəllimi Sevda Rəhimova “Şuşadan Gəncəyə: Üzeyir Hacıbəylinin musiqi maarifçiliyi və ictimai təsirinin elmi-nəzəri aspektləri”, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması şöbəsinin içik elmi işçisi Məhiyəddin Seyidov “Gəncə şəhərinin memarlıq irsi və sənətkarlıq ənənələrinin milli mədəniyyətdə yeri”, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Aytən Yusifkənan “Müasir rəsssam və dizaynerlərin əsərlərində Azərbaycan xalq sənətkarlığı və dekorativ tətbiqi sənətin qədim ənənələri”, Azərbaycan Milli İncəsənət Muzeyinin metal bölməsinin müdiri Xəyalə İslamova “Azərbaycanda misgərlik sənəti”, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin müəllimi, musiqişünas Gülər Hüseynova “Üzeyir Hacıbəyli Azərbaycan musiqi təhsilinin bünövrəsini qoyan pedaqoq kimi”, Azərbaycan Milli İncəsənət Muzeyinin Tikmə bölməsinin müdiri Könül  Zeynalova “Süjetli xalçalar. Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dissertantı Məhbarə Abbasova “Modernist yanaşmalar və şəhər obrazı: Gəncə müasir rəssamların yaradıcılığında” mövzularında çıxış ediblər.

   Plenar iclasın sonunda məruzəçilərə sertifikatlar təqdim edilib.

   Respublika elmi konfransı öz işini “Azərbaycan mədəniyyətinin inkişaf tarixi:xalq sənətkarliği və dekoratv-tətbiqi sənət”, “Gəncə memarliği, tarixi abidələrin mühafizəsi və bərpasi”, “Milli-mənəvi dəyərlərin qorunmasinda sənətkarliğin rolu” və “Üzeyir Hacibəyli və Gəncə musiqi mədəniyyəti tarixi” adlı bölmələr üzrə davam etdirib.

   Respublika elmi konfransının materialları ayrıca kitab şəklində nəşr edilib.