AMEA-nın Gəncə Bölməsində 27 sentyabr Anım Günü qeyd olunub
Bu münasibətlə Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə Bölməsi tərəfindən “Zəfərə aparan tarixi ədalətin təntənəsi” adlı dəyirmi masa keçirilib.
Tədbirin əvvəlində 44 günlük Vətən Müharibəsinə həsr olunan sərgiyə baxış keçirilib, həmçinin videoçarx nümayiş olunub.
Dövlət Himnimizin səsləndirilməsi və müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan Dəyirmi masanı giriş sözü ilə AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq xatırladıb ki, Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədilə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, yüksək əzm və iradə göstərərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, düşmənə sarsıdıcı zərbələr endirib və millətimizin 44 günlük Vətən Müharibəsi Böyük Zəfər ilə başa çatıb.
O, həmçinin Bölmə tərəfindən Gəncənin şəhidlərinə həsr olunan kitab buraxıldığnı da qeyd edib.
Sonra dəyirmi masanın məruzələri dinlənilib.
AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, fil.ü.f.d., dosent Əlimuxtar Muxtarov “44 günlük Vətən Müharibəsində ata vəsiyyətinin təntənəsi”, AMEA-nın Gəncə Bölməsi Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri t.ü.f.d., dosent Nərgiz Rəsulova “44 günün diplomatik cəbhəsi: Prezident İlham Əliyevin xarici mediaya müsahibələri”, Etnoqrafiya şöbəsinin müdiri t.ü.f.d., dosent Samirə Qasımova “Birinci və İkinci Qarabağ müharibələrində Rusiyanın mövqeyi”, Bölmənin beynəlxalq münasibətlər şöbəsinin müdiri Simuzər Qafarlı “Berlin və Şuşa: qələbə simvollarının müqayisəsi”, Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Çimnaz Vəliyeva “İkinci Qarabağ müharibəsində Gəncə”, Gəncə Bölməsi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Vüqar Əhmədli “Azərbaycan gəncləri 44 günlük Vətən Müharibəsində”, Gəncə Bölməsi YAP Gəncə şəhər 2 saylı Ərazi Partiya Təşkilatının sədri Vüsal Eminbəyli “44 günlük Vətən müharibəsi: Cənubi Qafqazda yeni siyasi reallıqlar” və Gəncə Bölməsi Diyarşünaslıq İnstitutu Tarix şöbəsinin laborantı Nuranə Qənbərova “Beşikdən məzara Vətən eşqi” mövzularında çıxış ediblər.
Tədbirin sonunda akademik Fuad Əliyev maraqlı və elmi tutumlu çıxışlara görə iştirakçılara minnətdarlıq bildirib və qeyd edib ki, alim və tədqiqatçıların, o cümlədən elm sahəsini seçmiş gənclərin Vətənin inkişafı naminə əzmlə çalışmaqları əziz Şəhidlərimizin ruhuna ən böyük ehtiramdır.