AMEA-nın Gəncə Bölməsində görkəmli ziyalımız, yazıçı və alim Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan seminar təşkil edilib
“Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı” mövzusundakı seminarda bu görkəmli ziyalımızın Azərbaycanın ictimai və siyasi həyatında oynadığı əhəmiyyətli roldan söhbət açılıb.
Seminarı giriş sözü ilə açarkən, AMEA-nın Gəncə Bölmçəsinin sədri, akademik Fuad Əliyev bugünkü tədbirin Azərbaycan Respublikası Prezidentinin "Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi haqqında” 21 fevral 2025-ci il tarixli Sərəncamına uyğun olaraq, bu əlamətdar tarixə həsr edilmiş tədbirlər planı üzrə həyata keçirildiyini vurğulayıb.
O, görkəmli şair, dramaturq, ədəbiyyatşünas, Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Ali Sovetinin deputatı, millət vəkili Bəxtiyar Vahabzadənin onilliklər ərzində özünün bədii və elmi-pblisistik, eləcə də millətpərəst fəaliyyətilə Vətənimizin tarixinə, müstəqilliyimizin mənəvi əsaslarının inkişafına, cəmiyyətimizin yetkinləşməsinə böyük töhfələr verib.
Tədbirin gedişində Bəxtiyar Vahabzadənin Ulu Öndər Heydər Əliyev və bu dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin əsaslarının formalaşdırması yolundakı misilsiz fədakarlığı haqda fikirlərini, həmçinin Ümummilli Liderin bu böyk ziyalı və ictimai xadimimizin cəmiyyətə xidmətləri haqda dediyi sözləri özündə əks etdirən videoçarx da nümayiş olunub.
Seminarda AMEA-nın Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva “Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığında “Gülüstan” poeması” mövzusundakı çıxışında sovet dövrününün basqıları şəraitində yazılmış sözügedən əsərin xalqımızın milli düçüncəsinin oyanışında əhəmiyyətli rol oynadığını bildirib.
AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov “Bəxtiyar Vahabzadənin yaradıcılığında Azərbaycan dili” adlı məruzəsində bu böyük ziyalının Ana dilimizin qorunması və cəmiyyətimizdəki başlıca rolunun təmin olunması yönündə yorulmaz fəaliyyətindən danışıb.
Bölmənin Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin elmi işçisi Sənubər Abdinova “Bəxtiyar Vahabzadənin dramaturgiyası” mövzundakı çıxışında bu böyük yazıçının səhnə əsrlərində millilik və tarixilik prinsiplərinin parlaq şəkildə əks olunduğuna, eləcə də Vahabzadə poetik və nəsr dilinin zənginliyi, səlisliyi və xəlqiliyi məsələlərinə diqqət çəkib.
Çıxışlar ətrafıında fikir mübadiləsi və müzakirələr aparılıb.
Tədbirin sonunda akademik Fuad Əliyev maraqlı çıxış və mülahizələrə görə iştirakçılara minnətdarlıq bildirib.