AMEA-nın Gəncə Bölməsində Seyid Əzim Şirvaniyə həsr olunan seminar
Azərbaycan Respublikasının Preidentinin “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” 4 aprel 2025-ci il tarixli Sərəncamının müddəalarının həyata keçirilməsi üzrə hazırlanmış tədirlər planına uyğun olaraq AMEA-nın Gəncə Bölməsində “Seyid Əzim Şirvaninin həyat və yaradıcılığında Nizami irsi” mövzusunda seminar keçirilib.
AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov “Seyid Əzim Şirvaninin yaradıcılığında Nizami Gəncəvi ənənələri” adlı məruzə ilə çıxış edib.
O, məruzəsinin başlanğıcında iştirakçılara “Nizami” bədii filmindən kiçik bir fraqment təqdim edərək, burada böyük şairlər Nizami Gəncəvi və Xaqani Şirvaninin görüşü və dialoqunda şeiriyyətimizin gələcək taleyi məsələsinə aid olan fikirlərə diqqət çəkib.
Çıxışçı başlanğıcını dahi şair və mütəfəkkir Nizami Gəncəvidən götürən, Xaqani də daxil olmaqla onun müasirləri ilə, sonrakı əsrlərdə böyük Füzuli və digər şairlərlə davam edən Azərbaycan - Şərq şeriyyət ənənələrinin 19-cu əsrdə müşahidə olunan durğunluğunun məhz Seyid Əzim Şirvani yaradıcılığı ilə aradan qalxdığını vurğulayıb.
Seminardakı çıxışlarda Seyid Əzim Şirvani yaradıcılığı boyu həm Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirdiyi, həm də mühüm ictimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynadığı bildirilib.
Qeyd edilib ki, dəyərli poetik nümunələrdən ibarət parlaq lirikasında mənəvi gözəlliyi tərənnüm edən şairin, eyni zamanda, realist satiralarında dövrün aktual məsələlərinə kəskin münasibət bildirilib, didaktik əsərlərində humanist ideyaların təbliğinə xüsusi diqqət yetirilib.
Həmçinin Seyid Əzimin xalqa xidmət naminə öz maarifçi düşüncələrini gerçəkləşdirmək arzusu ilə ana dilində açdığı yeni üsullu məktəbin Azərbaycan təhsili tarixində dərin iz qoyduğu da vurğuanıb.
Seminarın iştirakçıları bu böyük şair və maarifçiylə bağlı əlamətdar tarixin qeyd edilməsinə dair ölkə rəhbərinin imzaladığı Sərənamın milli dəyərlərimizə, görkəmli şəxsiyyətlərimizə və onların tərəqqipərvər əməllərinə verilən yüksək qiymətin daha bir təzahürü olduğunu bildiriblər.