XƏBƏRLƏR
16.10.2025 / Konfranslar, iclaslar
Aqrar innovasiyalara dair Gəncədə respublika konfransı

   Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aqrar Poblemlər İnstitutu tərəfindən AMEA-nın Gəncə Bölməsində “Kənd təsərrüfatının inkişafında aqrar sahədə innnovasiyaların və texnologiyaların rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

   Konfransda ölkənin elmi-tədqiqat  və ali təhsil ocaqlarının təmsilçiləri iştirak ediblər.

   Bölmənin akt salonunun foyesində Gəncədə çalışan alimlıərin elmi nailiyyətlərinə həsr olunan sərgiyə baxış keçirilib.

   Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və dövlətçiliyimizin banisi, Ulu Öndər Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən  Şəhidlərin xatirəsinin anılması ilə başlayıb.

   AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev konfransın iştirakçılarını salamlayaraq, respublika səviyyəli bu elmi forumun hazırkı dövr üçün həlli çox vacib və aqrar sahədə yeniliklərin tətbiqi üzrə aktual mövzuları əhatə etdiyinə diqqət çəkib, iki gün ərzində davam edəcək bu elmi forumun müvəffəqiyyətlə keçəcəyinə ümid etdiyini bildirib.

   Tədbirə aparıcılıq edən, AR ETN Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adığözəlova ölkəmizdə aqrar sahənin müasir əsaslıarla inkişafına  Prezident cənab İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan danışıb.

   O, iştirakçılara konfransın gedişatı və proqramı haqda məlumat verib, bu elmi görüşə Bakı, Gəncə, Naxçıvan, Tovuz, Samux elmi-tədqiqat və təhsil ocaqlarıda çalışan  tədqiqatçıların və didər qurumların təmsilçilərinin  qatıldığını bildirib, həmçinin tədbirin təşkilati məsələlərinə göstərdiyi həssas münasibət və əhəmiyyətli dəstəyə görə AMEA-nın Gəncə Bölməsinə və onun sədri, akademik Fuad Əliyevə minnətdarlıq bildirib.

   Konfransın plenar iclasında Kənd Təsərrüfatı Nazirliyinin  Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru,  a.e.f.d. Elmar Allahverdiyev, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, a.e.ü.f.d., dosent Mahir Hacıyev, Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru, a.e.ü.f.d.,dosent Vüqar Səlimov,  Naxçıvan Muxtar Respublikası KTN Elmi–Tədqiqat İnstitutunun direktoru a.e.ü.f.d., dosent Günel Seyidzadə,  Göygöl Milli Parkının direktor müavini Fuad Quliyev, Gəncə Dövlət Universitetindən Azad Kərimov, “Geoland MMC”-nin direktoru Ozal Orucov, “North werst construction” şirkətindən Rüstəm Adığözəlov, Aqromexanika ETİ-dan professor Şahlar Babayev, Gəncə Nəbatat Bağının direktoru Nizami Nağıyev, Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşı Aygün Babayeva çıxış ediblər.

   Plenar iclasın gedişində iştirakçılar öz çalışdıqları müəssisələrdə ərsəyə gətirilmiş elmi kitabları öz həmkarlarına hədiyyə ediblər.

   Çıxışlar zamanı həmçinin kənd təsərrüfatı istehsalı proseslərində istifadə olunan bir sıra yeni qurğular da əyani nümayiş olunub və onların iş prinsipləri haqda geniş məılumat verilib.

   Sonra respublika konfransı öz işini “Torpaq ehtiyatlarından səmərəli istifadə və torpaq idarəçiliyində innovativ sistemlər”, “Əkinçilik sistemində və meliorasiya sahəsində müasir innovasiyaların texnologiyalar yeni yanaşmaların tətbiqi”, “Heyvandarlığın idarə olunması və inkişafında müasir texnologiyalar”, “Bağçılıq tərəvəzçilik və çoxillik əkin sahələrinin idarə edilməsində innovasiyaların rolu”, “Ətraf mühitin qorunması, bitki zərəverici və xəstəliklərinə qarşı rəqəmsal və bioloji mübarizə üsulları” və “Kənd təsərrüfatı iqtisadiyyatının planlaşdırılması və layihələndirilməsində müasir texnologiyaların tətbiqi və innovativ yanaşmalar” adlı 6 bölmə üzrə davam etdirib.

   Elmi tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

   Konfransın qonaqları Gəncə şəhərinin əlamətdar və görməli yerlərində də olublar.