XƏBƏRLƏR
22.10.2025 / Müsahibələr, çıxışlar
AMEA-nın Gəncə Bölməsində beynəlxalq elmi platforma və metrik bazalara dair seminar olub

   Maarifləndirici xarakterli tədbir Bölmənin cari il üzrə tədbirlər planı əsasında, o cümlədən, elmi tədqiqatlarda innnovativ üsullardan faydalanmağın səmərəliliyinin artırılmasına xidmət məqsədilə təşkil olunub.

   Seminarın giriş hissəsində Bölmənin sədri, akademik Fuad Əliyev bu elm ocağında keçirilən anoloji tədbirlər silsiləsinin tədqiqatçıların müasir tələblərə cavab verə bilən səviyyədə ümumi məlumatlığının inkişafına təkan verdiyini vurğulayıb və bu baxımdan, bugünkü seminarın da qlobal elektron şəbəkə əsrinin çağırışlarına müvafiq keçecəyinə ümid etdiyini bildirib.

   Seminarın aparıcısı, Bölmənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı “Beynəlxalq elmi platforma və metrik bazalara inteqrasiya” mövzusu üzrə çıxış edib.

   O, müasir tədqiqatçının ilk növbədə “metrik baza”, “elmi platforma” anlayışlarının fərqləri və ayrı-ayrı xüsusiyyətləri haqda yetərincə məlumatlara malik olmasının vacibliyini vurğulayıb. Son dovrlərdə AMEA-nın Gəncə Bölməsinin əməkdaşları üçün  Beynəlxalq əlaqələr şöbəsi tərəfindəm bu sahədə informativ-maarifləndirici fəaliyyətinin genişləndirildiyini qeyd edib.

   Çıxışçı seminarın mövzuları üzrə praktik bilgi və qaydalar haqda ətrafli danışaraq, alim və tədqiqatçıların platformalarda öz profillərini yaratması, şəxsi və elmi fəaliyyətləri haqda məlumatlarının daxil edilməsi, rəsmi qeydiyyatdan keçmiş elmi jurnallara inteqrasiya imkanları, aparıcı metrik baza və platformalarda elmi fəaliyyətin qiymətləndirilməsi və tanınma məsələlərini ətraflı izah edib.

   Seminarda qaldırılan məsələlərin  xüsusən gənc tədqiqatçıların elmi fəaliyyəti üçün olduqca faydalı olacağı vurğulanıb.

   Çıxış ətrafında müzakirələr olub, elmi tədqiqatların beynəlxalq elektron şəbəkə imkanları ilə tədqiqat və tanıdılma məsələləri haqda seminarın iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.