AMEA-nın Gəncə Bölməsində “Azərbaycan Konstitusiyası: Tarix və digər ölkələrin konstitusiyaları ilə müqayisəsi” mövzusunda dəyirmi masa keçirilib
Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunub.
Bölmənin müşavirə salonunda keçirilən tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masanı giriş sözü ilə açarkən, AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bugünki tədbirin Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamının müddəalarına müvafiq olaraq təşkil edildiyini vurğulayaraq, bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan və müasir dövrdə onun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırdığı dövlətçiliyimizin strateji hədəflərinin, eləcə də dövlətimizin Əsas Qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarının cəmiyyətə elmi cəhətdən çatdırılması məsələsində, xüsusən bu əlamətdar ildə, alim və tədqiqatçıların öhdəsinə böyük vəzifələr düşdüyünü bildirib. O, həmçinin dəyirmi masanın proqramındakı mövzularda konstitusiya quruculuğu məsələlərində tarixi təcrübənin və dünya praktikasının nəzərə alındığını və bunun təqdirəlayiq hal olduğunu qeyd edib.
Sonra dəyirmi masanın məruzələri dinlənilib.
AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Arxeologiya şöbəsinin kiçik elmi işçisi Aytən İsayeva ”Səlcuqlar və Atabəylərdə dövlət idarəçiliyi”, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Vüqar Əhmədli “Osmanlı və Səfəvilərin hüquqi idarəçiliyində müqayisə”, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı “Orta əsr Azərbaycan dövlətlərində hüquqi idarəçilik və konstitusiya əvəzedici prinsiplər”, Diyarşünaslıq İnstitutunun Tarix şöbəsnin kiçik elmi işçisi Yasin Alməmmədov “Azərbaycan Konstitusiyasının formalaşma mərhələləri”, Etnoqrafiya şöbəsinin kiçik elmi işçisi Nərmin Alıyeva “AXC və Şərq ölkələrinin konstitusion təcrübəsi”, Bölmənin Nizami Gəncəvi Mərkəzinin Nizamişünaslığın aktual problemləri şöbəsinin elmi işçisi Çimnaz Vəliyeva “AXC Konstitusiyası və Avropa ölkələri ilə müqayisə”, AR ETN Bioresurslar (Gəncə) İnstitutunun Boyaq emalı texnologiyası laboratoriyasının böyük laborantı Zərifə Yusubova “Müasir Azərbaycan Konstitusiyası və beynəlxalq müqayisə” və həmin laboratoriyanın, kiçik elmi işçisi Naimə Məhərrəmova “Azərbaycan Konstitusiyasının gələcək inkişaf perspektivləri” mövzularında çıxış ediblər.
Çıxışlar ətrafında müzakirələr aparılıb.