AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin növbəti iclası olub
Toplantıda AMEA-nın 80 illik yubileyi ilə bağlı həyata keçirilən tədbirlərin davamı haqda danışılb, həmçinin əməkdaşların uğurlu nəticələri qeyd edilib.
İclasda AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamının icrası, eləcə də həmin sərəncamdan irəli gələn vəzifələrə dair AMEA-nın Rəyasət Heyətinin 19 mart 2025-ci iltarixli Qərarında göstərilmiş müddəaların təmin olunması üzrə tədbirlərin davam etdirildiyini vurğulayıb.
O, Cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının bu il qeyd edilən 80 illiyini dövlətimiz və cəmiyyətimiz üçün əhəmiyyətli tarixi hadisə kimi dəyərləndirildiyini qeyd edərək, ölkəmizin elmi ictimaiyyətinin nümayəndələrinin bu əlamətdar tarixə daim öz töhfələrini verdiklərini və AMEA-nın Gəncə Bölməsinin builki tədbirlər planının da həmin ruhda hazırlandığını xatırladıb.
Akademik Fuad Əliyev Bölmədə bu əlamətdar tarixlə bağlı olan məsələlərə həsr olunan monoqrafiyaların hazırlanması, konfrans və digər elmi toplantıların, sərgilərin təşkil olunması, sənədli filmlərin ərsəyə gətirilməsi kimi tədbirlərin həyata keçirildiyini bildirib.
Bu xüsusda, akademik Fuad Əliyev 80 illik yubileyə həsr olunan elmi əsərlərdən daha birisinin, bu əlamətdar tarix münasibətilə buraxılan “Gəncənin görkəmli elm və incəsənət xadimləri” kitabının siqnal nüsxəsini təqdim edib və bu monoqrafiyanın ərsəyə gəlməsində əməyi olan əməkdaşlara təşəkkür edib.
İclasda həmçinin Bölmənin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Təranə Verdiyevaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiası tərəfindən filologiya üzrə fəlsəfə doktoru elmi adının verilməsi diplomunun təsdiq edildiyi bildirilib və akademik Fuad Əliyev kollektiv adından onu təbrik edib.
İclasda həmçinin əməkdaşlardan Zakir Muradov və Vüsal Eminbəyli də iş fəaliyyətlərindəki uğurlara görə AMEA-nın Prezidentinin imzaladığı fəxri fərmabnalarla təltif olunublar.
Toplantıda AMEA-nın Gəncə Bölməsinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov da çıxış edərək, bu günlərdə Türkiyənin Ərzurum şəhərində qatıldığı beynəlxalq tədbir haqda danışıb. O, Azərbaycan Respublikasının Ankaradakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Mədəniyyəti və İrsi Fondu və Nizami Gəncəvi Vəqfinin birgə əməkdaşlığı ilə Atatürk Universitetində təşkil olunan “Ortak Türk Fəlsəfi Düşüncəsinin Dahisi: Nizami Gəncəvi” adlı Beynəlxalq Elmi Simpoziumda iştirakı və orada “Nizami Gəncəvi və Gəncə” mövzusunda məruzə üzrə çıxışı barədə iclas iştirakçılarına ətraflı məlumat verib.