XƏBƏRLƏR
26.10.2025 / Mühüm hadisələr
AMEA-nın Gəncə Bölməsinin sədr müavini Türkiyədəki beynəlxalq elmi simpoziumda çıxış edib

   Azərbaycan Respublikasının Ankaradakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Mədəniyyəti və İrsi Fondu və Nizami Gəncəvi Vəqfinin birgə əməkdaşlığı ilə Erzurum Atatürk Universitetində “Ortak Türk Fəlsəfi Düşüncəsinin Dahisi: Nizami Gəncəvi” adlı Beynəlxalq Elmi Simpozium keçirilib.

   Simpoziumda Azərbaycan və Türkiyədən tanınmış alimlər, nizamişünaslar, yazıçılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə türk-İslam düşüncəsinin inkişafında mühüm rolu olan Nizami Gəncəvinin zəngin ədəbi-fəlsəfi irsi, ortaq mədəni dəyərlər sistemindəki yeri və bəşəri ideyaları geniş müzakirə olunub.

   Simpozium çərçivəsində Atatürk Universitetinin professoru Nimet Yıldırımın Nizami Gəncəvinin “Sirlər xəzinəsi” və “İsgəndərnamə” poemalarını orijinaldan türk dilinə tərcümə etdiyi nəşrlərin təqdimatı keçirilib.

   AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov simpoziumda “Nizami Gəncəvi və Gəncə” mövzusunda məruzə ilə çıxış edib. Alim dahi şairin əsərləri və qədim mənbələrə istinad edərək onun doğma Gəncəyə dərin bağlılığını göstərən faktları iştirakçıların diqqətinə çatdırıb.

   Ə.Muxtarov çıxışı zamanı Nizami Gəncəvinin irsinə göstərilən dövlət qayğısından, Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu istiqamətdə həyata keçirdikləri mühüm təşəbbüslərdən bəhs edib. O, Nizami məqbərəsinin qorunması və təbliği sahəsində görülən işləri əks etdirən foto-sənədləri də təqdim edib.

   Alim həmçinin ölkə başçısının Sərənamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli”elan edidiyini xatırladaraq, çalışdığı AMEA-nın Gəncə Bölməsində bu elm ocağının sədri, akademik Fuad Əliyevin rəhbərliyi ilə həmin il çərçivəsində dahi şair və mütəfəkkirin irsinə həsr olunan silsilə tədbirləri keçirildiyini, elmi əsərlərin nəşr edildiyini bildirib.

   Ə. Muxtarov AMEA-nın Gəncə Bölməsində işıq üzü görmüş bir sıra elmi əsərləri simpoziumun təşkilatçılarına hədiyyə edib.

   Simpoziumda Atatürk Universitetinin rektoru professor Dr. Ahmet Hacımüftüoğlu, Azərbaycanın Ankaradakı Səfirliyinin müşaviri Dr. Füzuli Məcidli, professor Nimet Yıldırım və digər alimlər çıxış edərək Azərbaycan və Türkiyə arasında elmi-mədəni əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Nizami Gəncəvinin Xəmsəsinin türkcəyə qazandırılması” layihəsi iki qardaş ölkə arasında elmi və mədəni körpü rolunu oynayır.

   Bakı Dövlət Universitetindən Əsmətxanım Məmmədova “Nizami Gəncəvi yaradıcılığı üzərinə filoloji tədqiqatlar”, Azərbaycan Dövlət Pedaqoji Universitetindən Fərrux Rüstəmov “Nizami Gəncəvinin əxlaq dərsləri”, Atatürk Universitetindən Coşkun Erdoğan “Nizami Gəncəvi və Şeyx Nizami Vəqfi üzərinə araşdırmalar”, Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Fərid Hüseyn “Nizami Gəncəvi yaradıcılığında ölüm fəlsəfəsi”, Ədəbiyyat İnstitutundan Təhminə Bədəlova “Nizami Gəncəvinin əsərlərində Türkistanın sərhədləri”, tarixçi alim Əkbər Nəcəf “Şeir hüququ: Nizami Gəncəvinin şeiri məşrulaşdırma cəhdi”, ilahiyyatçı Ağa Hacıbəyli “Nizami Gəncəvi yaradıcılığında həqiqi məhəbbət: Leyladan Mövlaya gedən sevda”, Atatürk Universitetindən Rəcai Kızıltunç “Nizaminin dünya mədəniyyət irsinə qoyduğu miras” və Şeyda Arısoy “Türkiyədə Nizami bibliyografiyası” mövzularında çıxış ediblər.

   Simpozium iştirakçıları qeyd ediblər ki, Nizami Gəncəvinin yaradıcılığı təkcə tarixi deyil, həm də müasir düşüncə dünyasına istiqamət verən bəşəri məzmun daşıyır.

Simpoziumda alimlər çalışdıqları tədqiqat ocaqlarında çap olunmuş elmi kitabları qarşılıqlı mübadilə ediblər.