AMEA-nın yaradılmasının 80 illik yubileyi münasibətilə Gəncə Bölməsində dəyirmi masa keçirilib
Tədbir Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasi Gəncə Bölməsi, Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyinin Gəncə şəhərində yerləşən elmi müəssisələrindən Bioresurslar, Ekologiya və Təbii Ehtiyatlar, Aqrar Problemlər institutları və Nəbatat Bağı tərəfindən birgə təşkil olunub.
Başlanğıcda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, qəhrəman Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıləb.
Tədbiri giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açıb. O, müasir tariximizdə Respublikamızın ikinci şəhərində fundamental tədqiqatlar apara bilən elmi mərkəzin formalaşdırılmasını Ulu Öndər Heydər Əliyevin strateji düşüncəsinin nəticəsi kimi dəyərləndirib, həmçinin elmimizin səviyyəsinin yüksəldilməsinin müstəqil Azərbaycanın sosial - iqtisadi inkişafı naminə ölkə rəhbəri cənab İlham Əliyevin uğurla apardığı siyasətin mühüm tərkib hissəsi olduğunu vurğulayıb .
Akademik Fuad Əliyev 80 yaşlı Akademiyanın inkişaf yolu tarixində onun hazırkı Gəncə Bölməsinin də özünün 44 illik fəaliyyətilə Azərbaycan elminə, eləcə də iqtisadiyyatına əhəmiyyətli töhfələr verdiyini qeyd edib, respublikamızn qərb bölgəsinin bu başlıca elm ocağının keçdiyi təkamül mərhələlərinə nəzər salıb, bu prosesdə xüsusi əməyi olan böyük alimlərimizi yad edib.
Sonra dəyirmi masada məruzələr dinlənilib.
AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, fil.ü.f.d, dosent Əlimuxtar Muxtarov “Gəncə Bölməsinin AMEA-nın 80 illiyinə verdiyi töhfələr”, AR ETN Nəbatat Bağının Bitki ehtiyatları şöbəsinin müdiri, b.e.d., prof. Aynur Bayramova “Elmi kadrların hazırlanmasında AMEA-nın rolu”, Bioresurslar İnstitutunun direktoru, k.ü.f.d., dosent İmran Qasımov “Elmlər Akademiyası Respublikanın ali elmi idarəsi, Azərbaycan elminin parlaq ziyasıdır”, Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun Fiziki-kimyəvi analiz laboratoriyasının müdiri Mehriban Məmmədova “AMEA-nın Gəncə Bölməsinin elmi fəaliyyəti işığında Fiziki-kimyəvi analiz laboratoriyasının rolu”, AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Vüqar Əhmədli “Yeniləşən Akademiyada gənclərin rolu” mövzularında çıxış ediblər.
Tədbirin sonunda akademik Fuad Əliyev bir daha alim və tədqiqatçıları əlamətdar yubiley münasibətilə təbrik edib, həmçinin Gəncə və bölgədəki elmi tədqiqatların actual istiqamətlərinin müəyyənləşdirilməsi, eləcə də gənc elmi kadrların yetişdirilməsinin vacibliyini diqqətə çatdırıb.