XƏBƏRLƏR
19.11.2025 / Konfranslar, iclaslar
AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin növbəti iclası

   TOPLANTI PREZİDENT İLHAM ƏLİYEVİN AMEA-NIN 80 İLLİK YUBİLEY YIĞINCAĞINDAKI NİTQİNDƏ QARŞIYA QOYDUĞU VƏZİFƏLƏRƏ HƏSR EDİLİB.

   AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bu iclasın ölkə ziyalıları, xüsusən elm adamları üçün böyük əhəmiyyət kəsb edən bir tarixi hadisənin işığında keçirildiyini vurğulayıb. O, dövlətimizin başçısı, cənab Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı nitqində qarşıya qoyduğu vəzifələr haqqında müzakirələr aparılacağını diqqətə çatdırıb.

   Akademik Fuad Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamını dövlətimiz və cəmiyyətimiz üçün əhəmiyyətli tarixi hadisə olduğunu vurğulayıb və bu əlamətdar yubileylə bağlı keçirilmiş yığıncaqda ölkə başçısının çıxışını dövlətçiliyimizin daha da inkişafı naminə  alimlərimizin öz töhfələrini artırmasına çağırış və bu məqsədlərə çatmaq üçün proqram sənədi kimi dəyərləndirib.

   Akademik Fuad Əliyev həmçinin qeyd edib ki, AMEA-nın Rəyasət Heyətinin bu günlərdə keçirilmiş ilasındakı çıxışında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ölkə başçısının XXI əsrin çağırışları işığında elm adamları qarşısında qoyduğu məsələlərdən danışıb, bu xüsusda  IV Sənaye inqilabının əsas şərtlərindən olan texnoloji inkişaf, süni intellekt, kibertəhlükəsizlik, eləcə də zəngin tariximizin konseptual tədqiqi, dilimizin qorunması və digər istiqamətlərdə tədqiqatların genişləndirilməsi və keyfiyyətcə yüksəldilməsinin vacibliyini vurğulayıb və bu baxımdan Gəncə Bölməsi də fəaliyyətində bu amilləri əsas götürməlidir.

   Bölmənin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Rəsulova çıxışında qarşda duran vəzifələrdən danışaraq, xüsusən Qərbi Azərbaycan tarixinin geniş tədqiqi məsələsində Gəncədə çalışan alimlərin öhdəsinə böyük işlər düşdüyünü vurğulayıb. O, həmçinin milli kimliyimizin əsaslandırılması üzrə araşdırılmaların  siyasi, elmi və mənəvi cəhətdən vacibliyinə toxunub.

   Həmin institutun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Samirə Qasımova da ölkə rəhbərinin elmimizin gələcəyi haqda proqram xarakterli çıxışını alimlərimiz üçün “yol xəritəsi” kimi xarakterizə edib. O, həmçinin  “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2025-ci il tarixli Sərəncamının müddəaları üzrə alim və tədqiqatçılarımızın bu əlamətdar hadisəyə öz töhfələrini verəcəklərinə inam ifadə edib.

   AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarov ölkə rəhbərinin Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsinə dair alimlər və cəmiyyətimiz qarşısında qoyduğu vəzifələrdən danışıb. O, ana dilimizin zənginliyi, eləcə də müasir dövrün xüsusiyyətləri baxımından böyük potensial imkanlara malik olduğunu vurğulamaqla, dil və ədəbiyyat tədqiqatçılarının üzərinə bu sonsuz xəzinəni lazımi səviyyədə tətbiq və təbliği üçün böyük vəzifələr düşdüyünü bildirib.

   Bölmənin Elektron Xidmətlər Şöbəsinin müdiri Fərhad Mirzəyev Prezident İlham Əliyevin elmlə bağlı strateji çağırışları, süni intellektlə bağlı dediyi fikirləri  və AMEA-nın Gəncə Bölməsinin bu yöndə 2025-ci il fəaliyyəti haqda çıxış edib.

   O, dövlət başçısının müasir dünyada texnoloji yeniliklər, xüsusilə süni intellekt sistemləri artıq təkcə texniki səviyyədə deyil, həm də milli təhlükəsizlik, iqtisadi inkişaf, idarəetmə və intellektual mühit üçün əsas müəyyənedici faktorlardan biri olması barədə dediyi fikirləri çatdırıb.

   Həmçinin  cənab Prezidentin öz  çıxışında milli kimliyin əsas dayaqlarından biri olan Azərbaycan dilinin qorunması və inkişafı məsələsinə xüsusi əhəmiyyət verdiyi, dilin elmi-texniki mühitdə düzgün tətbiqi, terminoloji vahidliyin qorunması, rəqəmsal platformalarda onun standartlaşdırılması bu gün hər bir elm adamının üzərinə düşən məsuliyyət olduğu, süni intellekt sistemlərində Azərbaycan dilinin etibarlı və doğru təmsil olunmasının yalnız dilçiliyin deyil, bütövlükdə elmi strategiyanın tərkib hissəsinə çevrilmsinin vacibliyi vurğulanıb.

   Qeyd olunub ki, Prezidentin bu çağırışları AMEA-nın bütün struktur bölmələri üçün fəaliyyət istiqamətlərinin yenilənməsini, rəqəmsal mühitə keçidin sürətləndirilməsini və elmin idarəetmə mexanizmlərinin müasir tələblərə uyğunlaşdırılmasını şərtləndirir. AMEA Gəncə Bölməsi də 2025-ci ildə fəaliyyətini məhz bu strateji xəttə uyğun şəkildə təşkil etmişdir.

   Belə ki, Bölmədə elektron sənəd dövriyyəsinin yekun tətbiqi, rəqəmsal arxiv sistemlərinin genişləndirilməsi, beynəlxalq elmmetrik platformalarda aktivliyin artırılması, elmi jurnalların DOI və ISSN göstəricilərinin yenilənməsi, elektron nəşriyyatın modernləşdirilməsi, elmi tədbirlərin rəqəmsal formatda təşkili kimi tədbirlər Prezidentin müəyyən etdiyi siyasətin regional səviyyədə uğurlu icrası kimi dəyərləndirilə bilər. Eyni zamanda kibertəhlükəsizlik üzrə aparılan texniki işlər, şəbəkə avadanlıqlarının yenilənməsi, məlumat qorunması sistemlərinin təkmilləşdirilməsi, bulud əsaslı xidmətlərin tətbiqinə hazırlıq kimi addımlar elmi infrastrukturun daha güclü və təhlükəsiz modelə keçidinə şərait yaratmışdır. Bölmə əməkdaşlarının beynəlxalq onlayn təlimlərdə iştirakı, süni intellekt, rəqəmsal transformasiya və kibertəhlükəsizlik üzrə biliklərinin artırılması isə elmin qlobal elmi məkanla əlaqələrinin genişlənməsinə xidmət edir.

   Həmin şöbənin əməkdaşı Günel Novruzova da öz çıxışında süni intellektin dilçilik, linqvistik sahədə tətbiqi, o cümlədən elektron lüğətlərin hazırlanması, humanitar elmi tədqiqatlarda rolunun artırılması məsələlərindən danışıb.

   İclasdakı çıxış və mülahizələr ətrafında fikir mübadiləsi olub, səmərəli təkliflər səsləndirilib.

   Rəyasət Heyətinin iclasının yekununda akademik Fuad Əliyev iştirakçılara təşəkkür edib, Bölmədə nəşri hazırlanan monoqrafiyaların işıq üzü görməsi, bir sıra elmi kitabların, bukletlərin xarici dillərə tərcümə edilməsi, elmi məqalələrin beynəlxalq coğrafiyasının genişləndirilməsi və digər bu kimi konkret məsələlərin həlli yönündə tövsiyələrini verib.