Fətəli xan Xoyskinin anadan olmasının 150 illik yubileyi münasibətilə AMEA-nın Gəncə Bölməsində dəyirmi masa
Azərbaycan Respublikası Prezidentinin “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında 17 sentyabr 2025-ci il tarixli Sərəncamının müddəalarına uyğun olaraq, Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi tərəfindən bu görkəmli ictimai və siyasi xadimin həyat və fəaliyyətinə həsr olunmuş dəyirmi masa keçirilib.
Bölmənin müşavirə salonunda “Azərbaycan milli dövlətçilik tarixində Fətəli xan Xoyski irsi - ədalətin, vətənpərvərliyin və istiqlalın təcəssümü” mövzusunda təşkil olunan tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözündə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev 1918-ci ilidə Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xaıq Cümhuriyyətinin yaranmasını tariximizin ən şərəfli səhifələrindən olduğunu bildirib.
O, Ulu Öndər Heydər Əliyevin daim xalqımızn azadlıq və istiqlaliyyətimizin əldə olunması uğrunda mübarizəsinin tarixi təcrübəsinin öyrənilməsi və ondan lazımi nəticələr çıxarılması məsələlərinə, o cümlədən Xalq Cümhuriyyətinin varisliyi prinsiplərinə xüsusi diqqət verdiyini qeyd edib və müasir dövrümüzdə onun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin suverenliyimizin və ərazi bütövlüyümüzün tam və qəti şəkildə bərqərar edilməsi yönündə tarixi vəzifəni uğurla gerçəkləşdirdiyini və bununla dünya miqyasında Azərbaycanın gücünü və nüfuzunu təsdiq etdiyini vurğulayıb.
Azərbaycan Respublikası Prezidentinin “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında 17 sentyabr 2025-ci il tarixli Sərəncamının tariximizdə izi olan görkəmli şəxsiyyətlərin irsinə diqqətin daha bir nümunəsi kimi dəyərləndirən akademik Fuad Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin tədqiqi məsələləri haqda da danışaraq, Gəncə Bölməsi tərəfindən bu mövzuya, xüsusən Cümhuriyyətin Gəncə səhifələri və bu şəhərdən olan xadimləri haqda çox sayda monoqrafiya və digər elmi ədəbiyyat çap edildiyini qeyd edib.
Sonra dəyirmi masanın məruzələri dinlənilib.
AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarov “Gəncə Bölməsinin Cümhuriyyət nəşrləri”, Bölmənin Diyarşünaslıq İnstitutundan - Tarix şöbəsinin müdiri, dosent Nərgiz Rəsulova “Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq arenada tanınmasında Xoyskinin rolu”, həmin şöbənin kiçik elmi işçisi Yasin Alməmmədov “Milli dövlətçilik və demokratiya ənənələrimizin banisi Fətəli xan Xoyski”, Etnoqrafiya şöbəsinin kiçik elmi işçiləri Nərmin Alıyeva “Fətəli xan Xoyski və Gəncə: milli mücadilə və milli dövlətçilik yolunun başlanğıcı” və Aytən Əliskəndərova “Fətəli xan Xoyskinin Azərbaycan tarixində yeri və rolu” mövzularında çıxış ediblər.
Məruzələr ətrafında müzakirələr olub.
Dəyirmi masanın yekununda akademik Fuad Əliyev tədbirdə səsləndirilən fikirlərin faydalı olduğunu bildirərək, iştirakçılara təşəkkür edib.