“Azərbaycan Konstitusiyası və milli-mənəvi dəyərlərimiz” mövzusunda dəyirmi masa
Tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə Bölməsi tərəfindən təşkil olunub.
Başlanğıcda Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev dəyirmi masanı giriş sözü ilə açarkən, bugünkü görüşün Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamının müddəalarına müvafiq olaraq təşkil edildiyini vurğulayaraq, bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan və müasir dövrdə onun layiqli davamçısı cənab İlham Əliyevin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırdığı dövlətçiliyimizin strateji hədəflərinin cəmiyyətə elmi cəhətdən çatdırılması məsələsində, xüsusən də dövlətçiliyimizin daha da möhkəmlənməsi üçün böyük məna daşıyan bu əlamətdar ildə, alim və tədqiqatçıların öhdəsinə böyük vəzifələr düşdüyünü bildirib.
Sonra dəyirmi masanın məruzələri dinlənilib.
AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarov “Konstitusiya və Suverenlik İli” çərçivəsində Gəncə Bölməsində həyata keçirilən tədbirlər”, Bölmənin Diyarşünaslıq İnstitutundan - Tarix şöbəsinin müdiri, dosent Nərgiz Rəsulova “Şərqdə hüquqi tənzimlənmənin təkamülü: qanunlar külliyyatından konstitusiyaya doğru”, Etnoqrafiya şöbəsinin müdiri, dosent Samirə Qasımova “Azərbaycan hüquq tarixi: qədim ənənələrdən müasir konstitusiyayadək”, kiçik elmi işçilər İlahə Əsədzadə “Azərbaycan dili: milli dəyərlərdən hüquqi statusa” və Aytən İsayeva “Azərbaycan konstitusiyasında referendum yolu ilə edilmiş dəyişikliklər” mövzularında çıxış ediblər.
Məruzələrdə səslənən fikirlər ətrafında müzakirələr aparılıb.
Tədbiri yekunlaşdırarkən, akademik Fuad Əliyev maraqlı və dolğun elmi əsalandırmalara görə, məruzəçi və iştirakçılara təşəkkür edərək, alim və tədqiqatçıları xüsusən bu əlamətdar ilin yüksək amalları və ölkəmizin daha işıqlı gələcəyi naminə daha fəal çalışmağa çağırıb.