Qərb bölgəsinin bitki aləminin qorunmasına dair Gəncədə respulika elmi konfransı keçirilib
AMEA-nın Gəncə Bölməsində Elm və Təhsil Nairliyinin Nəbatat Bağı (Gəncə) tərəfindən “Müasir iqlim dəyişmələrinin Azərbaycanın Qərb bölgəsinin bitki örtüyünə təsiri” mövzusunda respublika elmi konfransı keçirilib.
İki günlük elmi foruma Gəncə ilə yanaşı, Bakı və Naxçıvanın elmi-tədqiqat və ali təhsil ocaqlarını təmsil edən alim və tədqiqatçılar bilavasitə və ya məruzələrinini göndərməklə qatılıblar.
Tədbirdən əvvəl Gəncədə fəaliyyətləri ekoloji məsələlər ilə bağlı olan elmi qurumların nailiyyətlərinə həsr olunan sərgiyə baxış keçirilib.
AMEA-nın Gəncə Bölməsinin böyük akt salonunda keçirilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü naminə canlarından keçmiş Şəhidlərin xatirəsinin anılması ilə başlayıb.
Konfransın aparıcısı, AR ETN Nəbatat Bağının Bitki ehtiyatları şöbəsinin müdiri, Gəncə Dövlət Universitetinin professoru Aynur Bayramova Gəncə alimləri adından tədbirə qatılan qonaqlara minnətdarlıq edib. O, konfransın proqrqmının zəngin olduğunu, Respublikanın istər qərb, istərsə də digər bölgələrində insan həyatı və fəaliyyəti üçün vacib olan ekoloji məsələlərin həllinə aid aktual mövzuları əhatə etdiyini vurğulayıb.
Respublika konfransını giriş sözü ilə açarkən, AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev iştirakçıları salamlayıb. O, AMEA-nın 80 illik yubileyi münasibətilə bu yaxınlarda keçirilmiş təntənəli yığıncaqda Azərbayvan Respublikasının Prezidenti cənab İlham Əliyevin elmimizin qarşısındakı vəzifələr və inkişaf istiqamətlərinə həsr olunmuş çıxışını tarixi hadisə kimi dəyərləndirib və dövlət başçısının öz nitqində səsləndirdiyi, tariximizin, milli-mənəvi dəyərlərimizin və dilimizin qorunması və elm adamlarının bu yöndə fəaliyyətlərinin keyfiyyətcə daha yüksək mərhələyə qaldırılması, eləcə də təbiət elmləri sahəsindəki tədqiqatların nəticələrinin istehsalata və insan rifahına xidmət edən digər sahələrə tətbiqi ilə ölkəmizin sürətli inkişafına yeni töhfələr vermək çağırışlarını alimlərimiz üçün bir proqram sənədi kimi xarakterizə edib.
Akademik Fuad Əliyev həmçinin dövlət başçısının uğurlu beynəlxalq fəaliyyəti sayəsində qlobal ekoloji problemlər, o cümlədən iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın nüfuzlu söz və əməl sahibinə çevrildiyinə diqqət çəkib, bu baxımdan, alim və tədqiqatçılarımızı müasir dünyanı təhdid edən ekoloji problemlərinin həllinə öz töhfələrini verməyə çağırıb, konfransın işinə uğurlar arzulayıb və bir ev sahibi kimi, bu tədbirin elmi məqalələrinin AMEA-nın Gəncə Bölməsi tərəfindən nəşr edildiyini bildirib.
Gəncə Dövlət Unuversitetinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Vaqif Novruzov da bugünkü mötəbər elmi forum münasibətilə alimləri təbrik edərək, onun səmərəli keçəcəyinə ümid etdiyini dilə gətirib. O, antropogen amillər səbəbindən dünya miqyasında 21-ci əsrin təəssüf ki, təbiətə qarşı amansız davranışla seçildiyini bildirərək, bu problemin qlobal ekoloji böhran vəziyyətinə gəldiyini vurğulayıb. V.Novruzov qeyd edib ki, qlobal dünyanın tərkib hissəsi kimi, planetin qarşısnda duran çağırışların bilavasitə ölkəmizə də aidiyyatı var və bu baxımdan, alimlər ümumbəşəri problemlərin mahiyyətinə dərindən varmaqla onların həlli istiqamətində səylərini birləşdirməlidirlər və ötən il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Bakıda keçirilən COP 29 Konfransı da bu məsələlərə xüsusi diqqət ayırıb.
Konfransın plenar iclasında həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəbatat Bağının (Gəncə) direktoru Nizami Nağıyev, Bioresurslar İnstitutunun direktoru, k.ü.f.d., dosent İmran Qasımov, Radiasiya Problemləri İnstitutunun professoru, biologiya elmlər doktoru Elmixan Cəfərov, Gəncə şəhər Heydər Əliyev Parkının müdiri İlyas Məmmədov, Gəncə şəhər EKO Parkın direktoru Gülanə Əsədova, AR ETN Dendrologiya İnstitutundan b.ü.f.d., dosent Minayə Həsənova, AR KTN Azərbaycan Dövlət Aqrar Universitetindən a.e.ü,e,d., professor Nizami Seyidəliyev, AR ETN Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutundan a.e.ü.e.d., professor Ələddin Tağıyev, AR KTN Azərbaycan Dövlət Aqrar Universitetindən a.e.ü,e,d., professor Elxan Allahverdiyev, AR ETSN Gölgöl Milli Parkının direktor müavini Fuad Quliyev, Gəncə şəhəri Yaşıllaşdırma İdarəsinin baş aqronomu Rizvan Quliyev, AR KTN Azərbaycan Dövlət Aqrar Universitetinin elmi işçisi Elgün Mahmudov və AR ETN Nəbatat Bağından (Gəncə) b.ü.f.d., dosent Ramidə Quliyeva çıxış ediblər.
Sonra konfrans işini “Azərbaycanın qərb bölgəsinin bioloji müxtəlifliyinin müasir vəziyyəti və səmərəli istifadə”, “Dərman əhəmiyyətli faydalı bitkilərin öyrənilməsi və səmərəli istifadə olunması yolları”, “Nadır və nəsli kəsilməkdə olan bitkilər və müasir biotexnologiya”, “Biomüxtəlifliyin qorunmasında introduksiya və reintroduksiya”, “Qlobal iqlim dəyişmələri və onun floraya təsiri “, “Ölkə ərazisində yaşıllığın qorunmasında landşaft dizaynının müasir vəziyyəti” və “İqlim dəyişkənliyinin kənd təsərrüfatına təsiri” mövzularını əhatə edən yeddi bölmə üzrə davam etdirib.
Respublika konfransının fəal iştirakçılarına sertifikatlar verilib.
“Müasir iqlim dəyişmələrinin Azərbaycanın Qərb bölgəsinin bitki örtüyünə təsiri” mövzusundakı respublika elmi konfransına ümumən 60 məruzə təqdim edilib.
Konfransın materialları ayrıca kitab şəklində nəşr olunub.