AMEA-nın Gəncə Bölməsində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib
“Xalqa bağışlanan ömür” mövzusunda keçirilən tədbir Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə Bölməsi tərəfindən təşkil olunub.
AMEA-nın Gəncə Bölməsinin dəyirmi salonunda keçirilən dəyirmi masada bu elm ocağının, eləcə də Elm və Təhsil Nazirliyinin Gəncədəki tədqiqat qurumlarının əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açıb. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin formalaşdırılması və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində göstərdiyi misilsiz xidmətlərdən danışıb və xüsusi olaraq vurğulayıb ki, respublikamızın ikinci şəhəri olan Gəncənin sənayesi, mədəniyyəti, təhsili, səhiyyəsi və digər vacib sahələrinin daim inkişafda olmasının təmin edilməsi məhz Ümummilli Liderin strateji düşüncə və əməlinin nəticəsidir. Akademik Fuad Əliyev bu baxımdan, qərb bölgəsinin davamlı inkişafının elmi əsaslarla qurulması üçün Gəncədə çoxşaxəli istiqamətləri əhatə edən elmi mərkəzin qurulmasına Ulu Öndərin tarixi töhfə verdiyini qeyd edib.
O, Gəncə Bölməsi tərəfindən Ulu Öndərin şərəfli ömrü və Azərbaycanın tərəqqisi naminə yorulmaz fəaliyyətinə həsr olunmuş çoxsaylı monoqrafiyalar, kitablar və digər çap materiallları ərsəyə gətirildiyini vurğulayıb.
Sonra dəyirmi masanın məruzələri dinlənilib.
AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarov “Qədim Gəncənin yeni dövrü Ulu Öndər Heydər Əliyevlə bağlıdır”, YAP Gəncə şəhər 2 saylı ərazi partiya təşkilatını sədri Vüsal Eminbəyli “Azərbaycanın bünövrəsini quran Lider”, Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutunun direktoru, dosent İmran Qasımov “Heydər Əliyev ömrü ən yeni Azərbaycanın tarixinin qələbələrlə dolu səhifəsidir”, Aqrar Problemlər İnstitutunun şöbə müdiri, dosent Vəfa Məmmədova “Heydər Əliyevin həyat yolları”, Nəbatat Bağının direktoru Nizami Nağıyev “Tarixə öz adını əbədi həkk etdirmiş şəxsiyyət” və AMEA-nın Gəncə Bölməsinin Elmi kitabxanasının müdiri Vüsalə Hüseynova “Heydər Əliyevin maarifçilik və kitabxana siyasəti” mövzularında çıxış ediblər.
Məruzələr ətrafında müzakirələr aparılıb.
AMEA-nın Gəncə Bölməsinin sədrinin müavini Rasim Tağıyev də çıxış edərək, Ulu Öndər Heydər Əliyevin dövlətimizin inkişafı və çiçəklənməsi naminə uzaqgörən strategiyasının bugünkü təntənəsindən danışıb və bu xüsusda, onun Azərbaycan elminə, elm adamlarına daim qayğı göstərdiyi vurğulayıb.
Dəyirmi masanın yekununda AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev tədbir iştirakçılarına minnətdarlıq bildirərək, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf strategiyasının bu günümümzdə onun layiqli davamçısı, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına cavab verən şəkildə davam etdirildiyini qeyd edib və bu yolda ziyalılarımızın həmrəyliyinin vacib olduğunu vurğulayıb.