XƏBƏRLƏR
16.12.2025 / Mühüm hadisələr
AMEA-nın Gəncə Bölməsində rəqəmsal akademiya və elektron elmi xidmətlərin inkişafı müzakirə olunub

   Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində Rəqəmsal Akademiya, süni intellekt və elektron elmi xidmətlər sahəsində görülən işlərə həsr olunmuş iclas keçirilib.

   Tədbir AMEA Rəqəmsal Akademiya, Süni İntellekt və Elektron Xidmətlər şöbəsi ilə AMEA Gəncə Bölməsinin Rəqəmsallaşma, süni intellekt və elektron xidmətlər şöbəsinin birgə təşəbbüsü əsasında təşkil olunub.

   Müşavirədən əvvəl iştirakçılar AMEA-nın Gəncə Bölməsinin Rəqəmsallaşma, süni intellekt və elektron xidmətlər şöbəsinin müdiri Fərhad Mirzəyev tərəfindən Bölmənin fəaliyyəti və icra olunan layihələrlə tanış edilib.

   İclası açarkən, AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov tədbirin məqsəd və əhəmiyyəti barədə məlumat verib, rəqəmsallaşma və süni intellektin elmi fəaliyyətin səmərəliliyinin artırılmasında mühüm rol oynadığını vurğulayıb.

   Tədbirdə AMEA-nın Rəqəmsal Akademiya, Süni İntellekt və Elektron Xidmətlər şöbəsinin əməkdaşları Aida Tağıyeva, Ofelya Zöhrablı, Kəmalə Zamanova, Məleykə Əhmədova və Nuranə Vəlizadə çıxış edərək AMEA-da rəqəmsal elmi mühitin formalaşdırılması, elektron elmi xidmətlərin inkişafı və bu istiqamətdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat veriblər.

   İclasda AMEA-nın Gəncə Bölməsində nəşr olunan “Nizamişünaslıq”, “Xəbərlər Məcmuəsi. İctimai və Humanitar Elmlər Seriyası” və “Xəbərlər Məcmuəsi. Təbiət və Texnika Elmləri Seriyası” elmi jurnallarının redaktorları da iştirak ediblər.

   Çıxışlar zamanı AMEA-nın elmi jurnallarının vahid elektron platformada birləşdirilməsi məqsədilə yaradılmış AMEA DərgiParkı, jurnalların Open Journal Systems (OJS) platforması əsasında fəaliyyəti, beynəlxalq elmmetrik bazalara inteqrasiya imkanları, eləcə də elektron arxivləşdirmə mexanizmləri diqqətə çatdırılıb. Qeyd olunub ki, AMEA DərgiParkına daxil olan jurnallar Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə və TÜBİTAK ULAKBİM TR Dizin meyarlarına uyğun fəaliyyət göstərir.

   Tədbirdə, həmçinin AMEA İnsan Resursları və Elmmetrik Məlumatlar Bazası (İREMB) haqqında məlumat verilib. Bildirilib ki, bu sistem AMEA əməkdaşlarının elmi fəaliyyətinin, nəşrlərinin və elmmetrik göstəricilərinin vahid platformada toplanmasına və idarə olunmasına imkan yaradır. AMEA DərgiParkında dərc olunan məqalələr avtomatik olaraq müəlliflərin İREMB profillərinə inteqrasiya olunur.

   Müzakirələr zamanı institut və şöbə müdirləri ilə fikir mübadiləsi aparılıb, elmi jurnalların arxivləşdirilməsi, redaksiya proseslərinin beynəlxalq standartlara uyğun təşkili və məsul administratorların müəyyənləşdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

   İclasın sonunda rəqəmsal akademiyanın inkişafı, süni intellekt əsaslı elektron elmi xidmətlərin tətbiqi və AMEA-nın regional bölmələrində rəqəmsal elmi infrastrukturun gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib. Tədbir xatirə fotoşəkillərinin çəkilməsi ilə başa çatıb.