XƏBƏRLƏR
23.12.2025 / Mühüm hadisələr
AMEA-nın Gəncə Bölməsinin 2025-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları müzakirə edilib

   Bu məqsədlə Bölmənin Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib.

   AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev başa çatmaqda olan il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına  dair çıxışında hesabat ilinin bir sıra əlamətdar hadisələrlə yadda qaldığına diqqət çəkib. O, cənab Prezident İlham Əliyevin 2025-ci ilin ölkəmizdə  “Konstitusiya və Sverenlik İli” elan edilməsi, həmçinin AMEA-nın 80 illik yubileyinin qeyd olnması haqqındakı sərəncamlarını dövlətçiliyimizin möhkəmləndirilməsi naminə cəmiyyətimiz, o cümlədən alimlərimiz qarşısında daha məsuliyyətli vəzifələr qoyduğunu bildirib.

   Akademik Fuad Əliyev AMEA-nın yubiley yığıncağında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elmimizin qarşısındakı vəzifələr və inkişaf istiqamətlərinə həsr olunmuş  çıxışını tarixi hadisə kimi dəyərləndirib və dövlət başçısının öz nitqində səsləndirdiyi,  tariximizin, milli-mənəvi dəyərlərimizin və dilimizin  qorunması və elm adamlarının bu yöndə fəaliyyətlərinin keyfiyyətcə daha yüksək mərhələyə qaldırılması, eləcə də təbiət elmləri sahəsindəki tədqiqatların nəticələrinin istehsalata və insan rifahına xidmət edən digər sahələrə tətbiqi ilə ölkəmizin sürətli inkişafına yeni töhfələr vermək çağırışlarını alimlərimiz üçün bir proqram sənədi kimi xarakterizə edib. O, Bölmənin illik hesabatının, eləcə də qarşıda duran işlərin də məhz bu vəzifələr baxımından müzakirə edilməsinin vacibliyini bildirib.

   Sonra AMEA-nın Gəncə Bölməsinin qurumlarının, institut şöbələrinin 2025-ci il üzrə illik hesabat göstəricilərinə nəzər salınıb.

   Bölmənin Nizami Gəncəvi Mərkəzi, Humanitar Tədqiqatlar və Diyarşünaslıq  institutları tərəfindən il ərzində müxtəlif elm sahələri üzrə aparılmış tədqiqatlar, əldə edilmiş elmi nəticələr, çap olunmuş əsərlər, elmi məqalələr barədə rəqəmlər səsləndirilib.  Həmçinin il ərzində  keçirilmiş elmi konfrans və dəyirmi masalar, forumlar, sərgilər, kitab təqdimatları, əlamətdar günlər və yubileylərlə bağlı təşkil olunmuş tədbirlər barədə də ətraflı məlumat verilib.

   Bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi, Azərbaycan dilinin inkişaf tarixi, Azərbaycan folkloru, Azərbaycan ədəbiyyatı tarixi və onun inkişaf mərhələləri, Musiqi sənəti, Gəncə incəsənətinin araşdırılması, Qərb bölgəsinin arxeoloji və etnoqrafik abidələrinin tədqiqi və  Qərb bölgəsinin tarixi elmi istiqamətləri üzrə tədqiqatlar aparılmışdır. Bölmənin elmi müəssisələrində Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş plana əsasən 13 problemi əhatə edən 19 mövzu, 20 iş, 24 mərhələ üzrə tədqiqatlar aparılmış və tamamlanmış, 2 mühüm nəticə alınmışdır -  AMEA-nın 80 illik yubilleyinə həsr olunmuş “Gəncənin elm məbədi” adlı kitab, həmçinin “Gəncənin elm və incəsənət xadimləri” adlı monoqrafiya çap olunmuşdur.

   Hesabat ilində AMEA-nın Gəncə Bölməsinin əməkdaşları tərəfindən 2 kitab, 1 monoqrafiya, 9-u xaricdə olmaqla 47 məqalə, 14-ü xaricdə olmaqla 83 konfrans materialı dərc olunmuşdur.

   Bölmə əməkdaşlarının əsərlərinə beynəlxalq elmmetrik bazalarda - Scopus bazasında 6, Google Scholar bazasında 48 dəfə istinad edilmişdir. Ümumilikdə AMEA-nın Gəncə Bölməsinin əməkdaşlarının əsərlərinə beynəlxalq elmmetrik bazalarda 54 dəfə istinad edilmişdir.

   Təsdiq edilmiş planlara müvafiq olaraq, AMEA-nın Gəncə Bölməsinin qurumları üzrə - Nizami Gəncəvi Mərkəzində hesabat ilində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı mövzu, ideya və tarixilik baxımından illik plana uyğun olaraq davam etdirilmiş, Mərkəzdə 10 mövzu, 9 iş, 5 mərhələ, Humanitar Tədqiqatlar İnstitutunda 4 problemi əhatə edən 6 mövzu, 6 iş, 7 mərhələ, Diyarşünaslıq İnstitutunda 2 elmi istiqamət, 2 problemi əhatə edən 3 mövzu, 5 iş və 12 mərhələ üzrə tədqiqatlar yekunlaşmışdır.

   AMEA-nın Gəncə Bölməsində “Elektron Xidmətlər” şöbəsinin fəaliyyət istiqamətləri genişləndirilərək, onun maddi-texniki bazası, kadr potensialı və həyata keçirilən layihələri əsasında “Rəqəmsallaşma, Süni İntellekt və Elektron Xidmətlər” şöbəsi yaradılmışdır. Şöbənin əsas fəaliyyət istiqamətləri süni intellekt, rəqəmsal texnologiyalar və kibertəhlükəsizlik sahələrini əhatə edəcəkdir.

   Bölmədə elektron sənəd dövriyyəsinin (ESD) tətbiqi tam şəkildə yekunlaşdırılmışdır. Sənədlərin rəqəmsal bazaya köçürülməsi prosesi genişləndirilmiş və arxiv sənədlərinin 87%-i elektron formata çevrilmişdir.

   Bölmənin bütün şöbələri “E-hökumət” infrastrukturuna inteqrasiya olunmuş, elektron imza sistemlərinin tətbiqi yekun mərhələyə çatdırılmışdır.

   AMEA-nın Gəncə Bölməsində nəşr olunan “Nizamişünaslıq” jurnalının 2, “Xəbərlər” məcmuəsinin “İctimai və humanitar elmləri” seriyası jurnalının 3 və “Təbiət və texnika elmləri” seriyası jurnalının 2 nömrəsi çap olunmuşdur.

   AMEA Gəncə Bölməsində nəşr edilən elmi jurnallar 2025-ci ildə beynəlxalq səviyyədə tanınan sistemlərə daxil edilmiş, onların P-ISSN və DOI göstəriciləri yenilənmişdir.

   2025-ci il ərzində Gəncə Bölməsində ümumən 2-si beynalxalq olmaqla 6 konfrans, 1 beynəlxalq onlayn vebinar, 22 dəyirmi masa, 11 seminar, 8 sərgi, həmçinin ali və orta təhsil məktəblərində maarifləndirici görüşlər keçirilmişdir.

   “Konstitusiya və Suverenlik İli” çərçivəsində Gəncə Bölməsində keçirilmiş tədbirlərin nəticəsi olaraq “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş məruzələr toplusu” hazırlanmışdır.

Bölmənin tərkibi 13 nəfərdən ibarət olan Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri 2025-ci ildə 16 məqalə, 23 konfrans materialı çap etmiş, 8 Respublika və 2 beynəlxalq elmi konfrans və dəyirmi masalarda həm əyani həm də onlayn olaraq məruzəçi və dinləyici kimi içtirak etmişlər.

   AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının 1 nəfər üzvü 2 Fevral Gənclər Günü münasibətilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən “İlin Gənc Alimi Diplomu” ilə təltif edilmişdir.

   Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının daha bir üzvü AMEA-nın 80 illik yubileyinə həsr olunmuş “Humanitar və ictimai elmlər sahəsində süni intellekt və rəqəmsal texnologiyalardan istifadə imkanları” mövzusunda gənc tədqiqatçıların məqalə müsabiqəsində III yerə layiq görülərək sertifikatla təltif edilmişdir.

   Müşavirədə hesabat barədə mülahizə və təkliflər səsləndirilib, Gəncə Bölməsində il ərzində aparılan işlərin yüksək elmi tutumu vurğulanıb, bu elm ocağında tədqiqatların keyfiyyətcə yeni mərhələyə çıxarılması, eləcə də rəqəmsallaşma istiqamətində görülən əməli tədbirlər təqdirəlayiq hal kimi dəyərləndirilib.

   Dinləmə və müzakirələrdən sonra bildirilən yekun rəydə AMEA-nın Gəncə Bölməsinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məqbul hesab edilib.

   Rəyasət Heyətinin iclasının gündəliyi üzrə həmçinin AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarov da çıxış edərək, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevin “2025-ci ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” mövzusunda məruzəsi haqqında danışıb.

   O, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə 17 noyabr 2023-cü il tarixində AMEA-nın Rəyasət Heyətinin təşkilatçılığı və ölkənin görkəmli elm xadimləri və ziyalılarının iştirakı ilə “Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar” mövzusunda keçirilmiş konfransın əsas məqsədlərindən birinin AMEA-da aparılan elmi-tədqiqat işlərinin Nobel mükafatına layiq görülmüş elmi istiqamətlərə və aktual problemlərə uyğun şəkildə istiqamətləndirilməsi olduğunu diqqətə çatdırıb.

   Ə. Muxtarov iclas iştirakçılarına həmin tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevin “2025-ci ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” mövzusunda etdiyi məruzəsi haqqında AMEA-nın Rəyasət Heyətinin qərarını səsləndirib. Qərarda o cümlədən AMEA-nın elmi bölmələrinə gənc alim və mütəxəssisləri cəlb etməklə 2025-ci il üzrə Nobel mükafatçılarının araşdırmaları ilə bağlı məsələlərin müzakirə edilməsi və populyarlaşdırılması tövsiyə olunur.

   Rəyasət Heyətinin iclasında həmçinin AMEA-nın 80 illik yubileyinə həsr olunmuş “Humanitar və ictimai elmlər sahəsində süni intellekt və rəqəmsal texnologiyalardan istifadə imkanları” mövzusunda gənc tədqiqatçıların məqalə müsabiqəsində uğurlu nəticə əldə etmiş kiçik elmi işçi İlahə Əsədzadə,  eləcə də 2025-ci ildə elmi-təşkilati fəaliyyətlərindəki uğurlarına görə Bölmənin daha bir neçə qadın əməkdaşı rəhbərlik tərəfindən təşəkkürnamə və güllər ilə təbrik edilib.