20 Yanvar – Ümumxalq Hüzn Günündə Gəncənin minlərlə sakini şəhidlərimizin xatirəsini yad edib
ŞƏHİDLƏR XİYABANINDAKI ANIM TƏDBİRİNƏ AMEA-NIN GƏNCƏ BÖLMƏSİNİN KOLLEKTİVİ DƏ QATILIB
Yanvarın 20-də səhər saatlarından başlayaraq, minlərlə Gəncə sakini Vətən torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına axın edib.
Ümumxalq Hüzn Günü münasibətilə keçirilən anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə, şəhərin hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının,ali təhsil ocaqlarının rəhbərləri, ziyalılar, müharibə iştirakçıçıları, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Gürcüstanın Gəncə şəhərindəki Baş konsulu Kaxaber Abdaladze,Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Recep Öztop, Türkiyəli iş adamı, bu ölkənin Elm Yayma Vəqfinin sədri, Gənclər və Təhsilə Xidmət, eləcə də İnsan və İrfan vəqflərinin rəhbərlərindən olan Bilal Ərdoğan da tədbirə qatılıblar.
Şəhidlər Xiyabanındakı Əbədi Məşəlin önünə əklil və güllər qoyulub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
AMEA-nın Gəncə Bölməsinin əməkdaşları da Şəhidlər Xiyabanındakı izdihamlı tədbirə qatılıblar.
Tədbirdə aparcı tərəfindən bir daha millətimizin azadlıq əzmini boğmaq məqsədilə 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə dağılmaqda olan Sovet İttifaqının ordu birləşmələrinin paytaxtımıza yeridilməsi ilə yaşanan qanlı hadisələri tariximizin faciəvi, eyni zamanda milli birliyimizin o vaxtadək görünməmiş bir həddə nümayişi baxımından qürurverici anı kimi dəyərləndirilib. Həmçinin 20 Yanvar hadisələrinin əsl siyasi qiymətinin, eləcə də həmin faciənin qurbanlarına şəhidlik statusu verilməsinin Ulu Öndər tərəfindən həyata keçirildiyini, müasir dövrümüzdə də onun layiqli davamçısı, Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Vətən torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə xüsusi diqqət və qayğı göstərddiyi vurğulanıb.
Bildirilib ki, ölkədə və beynəlxalq müstəvidə aparılan dəqiq strateji siyasətin nəticəsi kimi, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əldə olunan milli həmrəyliyimiz sayəsində ərazi bütövlüyümüzün bərpası naminə apardığımız 44 günlük Vətən müharibəsi Böyük Zəfərlə başa çatıb, şəhidlərimizin intiqamı alınıb.
Saat 12 tamamda, Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Avtomobillər, yanğınsöndürən maşınlar vasitəsilə səs siqnalları verilib.