XƏBƏRLƏR
30.01.2026 / Mühüm hadisələr
AMEA-nın Gəncə Bölməsində 2 Fevral – Azərbaycan Gəncləri Gününə dəyirmi masa həsr edilib

   Azərbaycan Milli Elmlər Akademiyasinın Gəncə Bölməsi və bu elm ocağının Gənc alim və mütəxəssislər şurasi tərəfindən 2 fevral – Azərbaycan Gəncləri Günü  münasibətilə dəyirmi masa keçirilib.

   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və  Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin xatirəsinin anılması ilə başlayıb.

   AMEA-nın  Gəncə Bölməsinin sədri, akademik   Fuad Əliyev   tədbirin giriş sözündə  bugünkü dəyirmi masanın əsas heyətini təşkil edən gənc  tədqiqatçılara 2 Fevral - Gənclər Günü münasibətilə təbriklərini çatdırıb. O, vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev gələcəyə yönəlmiş uğurlu gənclər siyasətinin formalaşdırılmasını müstəqil Azərbaycanın dövlət strategiyasının əsas istiqamətlərindən hesab edib və bu baxımdan, Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı olan Prezident İlham Əliyev ölkəmizin qüdrətinin artırılması naminə onun hərəkətverici qüvvəsi olan gənclərə daim böyük inam bəsləyib, cəmiyyətimizdə onların inkişafının təmin olunması üçün zəruri şərait yaradıb.

   Akademik Fuad Əliyev bu siyasi xəttin bəhrələrindən biri kimi, elm sahəsində də gənclərin yenilikçi rolunun gündən-günə artdığını xüsusi qeyd edib, Gəncə Bölməsində elmi istiqamətdə gənclərin inkişafı üçün lazımi şərait yaradıldığını bildirib..

   Sonra dəyirmi masanın məruzələri dinlənilib.

   AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Vüqar Əhmədli  ”Ulu Öndər Heydər Əliyevin ideyaları kontekstində gənc alim fenomeni: elmi düşüncənin yeni paradiqmaları”, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı “Gənc  tədqiqatçıların beynəlxalq elmi əməkdaşlıq imkanları“,  Bölmənin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin kiçik elmi işçisi Yasin Alməmmədov “Elmin davamlılığında gənc nəslin strateji mövqeyi”, Diyarşünaslıq İnstitutunun Etnoqrafiya şöbəsinin kiçik elmi işçisi Nərmin Alıyeva “Rəqəmsal transformasiya dövründə gənclərin elmi fəaliyyəti “, Etnoqrafiya şöbəsinin kiçik elmi işçisi Aytən İsayeva “Elmi potensialın inkişafına gənclər siyasətinin təsiri” və Bölmənin Nizami Gəncəvi Mərkəzinin  Dünya nizamişünaslığının tərcüməsi şöbəsinin baş laborantı Jasmin Abbasova “Elmi nailiyyətlərin cəmiyyətə transferində gənclərin rolu” mövzusunda çıxış ediblər.

   Tədbirin yekununda  AMEA-nın Gəncə Bölməsinin sədri fəal elmi və ictimai mövqelərinə, eləcə də bugünkiü dəyirmi masada dolğun çıxışlara görə gənc tədqiqatçılara təşəkkür edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.