AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin növbəti iclası olub
Bölmənin sədri, akademik Fuad Əliyev toplantıda bir sıra cari məsələlərin müzakirə ediləcəyini bildirərək, əvvəlcə bu elm ocağının gənc əməkdaşı Yasin Almməmmədovu qazandığı yeni uğur münasibətilə təbrik edib.
O, xatırladıb ki, bir neçə gün bundan əvvəl AMEA-nın Rəyasət Heyətində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənc Alim və Mütəxəssislər Şurasından – Gənclər Akademiyasına” mövzusunda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin, AMEA-nın Rəyasət Heyətinin üzvləri, AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşlarının, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorlarının, AMEA-nın Gənclər Akademiyasının İdarə Heyətinin, Akademiyanın gənc alim və mütəxəssislərinin iştirakılə keçirilən tədbir zamanı bir qrup gənc alim və mütəxəssis AMEA tərəfindən təltif olunublar və onların sırasında Gəncə Bölməsinin əməkdaşı Yasin Alməmmədov da 2025-ci ildəki elmi və təşkilati fəaliyyətindəki uğurlara görə “İlin gənc alimi” diplomuna layiq görülüb.
Akademik Fuad Əliyev Y. Alməmmədova Bölmənin əməkdaşları adından təbriklərini və xoş arzularını çatdırıb, hədiyyə təqdim edib.
İclasın gündəliyinə aid məsələlər sırasında yaxın zaman ərzində Bölmədə nəşr ediləcək elmi kitabların çapa hazırlıq mərhələlərinin vəziyyəti müzakirə edilib. Bu məsələlər haqda aidiyyatı institutların və Nizami Gəncəvi Mərkəzinin tədqiqatçılarının məlumatları dinlənilib.
Bu xüsusda “Soyqırım”, “Gəncənin tanınmış qadınları”, “Gəncə incəsənəti”, eləcə də bir sıra digər filoloji, tarixi və etnoqrafik mövzulu monoqrafiyaların işlənməsi və tərtibatı proseslərində qarşda duran məsələlərə diqqət yetirilib, zəruri tapşırıqlar verilib, təklif və tövsiyələr bildirilib.
Toplantıda Bölmənin gənc alimlərinnın beynəlxalq elmi əməkdaşlıqlar çərçivəsində birgə layihələrə qoşulma məsələlərinin vəziyyəti, bu yöndə zəruri təqdimatların düzgün həyata keçirilməsinin vacibliyinə də toxunulub.
İclasın sonunda əməkdaşların elmi jurnallara və forumlara təqdim etdikləri məqalələrinin siyahısı səsləndirilib.