XƏBƏRLƏR
27.02.2026 / Mühüm hadisələr
Xocalı faciəsinin 34-cü ildönümü günündə AMEA-nın Gəncə Bölməsinin əməkdaşları “Ana fəryadı” abidəsini ziyarət ediblər

Bəşəriyyətin müasir tarixinin ən dəhşətli faciələrindən olan, erməni qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş Xocalı soyqırımından 34 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq,  keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub. Bu qırğın zamanı 106 nəfəri qadın, 63 nəfəri  uşaq, 70 nəfəri qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə  ağlasığmaz vəhşiliklə  qətlə yetirilmiş, 487 dinc sakin ağır yaralanmış, 150 nəfər itkin düşmüş,  1275 nəfər isə girov götürülmüşdür.

Bu faciəvi tarix hər il ölkəmizdə, həmçinin dünyanın dörd bir tərəfində böyük kədər hissləri, eləcə də erməni faşizminin mahiyyətinin insanlığa çatdırılması məqsədi ilə qeyd edilir.

Ənənəvi olaraq, Xocalı faciəsinin 34-cü ildönümündə də AMEA-nın Gəncə Bölməsinin, eləcə də Elm və Təhsil Nazirliyinin tabeliyində olan bir neçə elmi-tədqiqat institutlarının  əməkdaşları 20-ci əsrin ən dəhşətli faciəsinin qurbanlarının əziz xatirəsinə şəhərdəki “Ana fəryadı “ abidəsini ziyarət edib, önünə qərənfillər qoyaraq,  Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad ediblər.

Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə  ordumuzun rəşadəti və millətimizin həmrəyliyi nəticəsində 44 günlük Vətən müharibəsində əldə olunan Böyük Zəfərlə ərazi bütövlüyümüzün qəti şəkildə təmin olunması ilə Vətən torpaqlarımızın düşmən tapdağından azad edilən  hər bir guşəsi, o cümlədən başı bəlalar görmüş Xocal da çiçəklənən diyara çevrilməkdədir.