Novruz ənənələri haqda AMEA-nın Gəncə Bölməsində elmi seminar
Bölmənin sədri, akademik Fuad Əliyev bu elm ocağında təşkil olunan seminarlar silsiləsindən Novruz bayranı ərəfəsində keçirilən bugünkü tədbirin mövzusunun Gəncənin tarixi-etnoqrafik tədqiqatlarına aidiyyatı baxımında müəyyən əhəmiyyət kəsb etdiyini vurğulayıb.
O, həmçinin Bölmədə daim bu yöndə əhəmiyyətli tədqiqatlar aparıldığını və xeyli adda elmi əsərlər nəşr edildiyini diqqətə çatdırıb.
Seminarın aparıcısı, Bölmənin Diyarşünaslıq İnstitutunun kiçik elmi işçisi, gənc tədqiqatçı Aytən İsayeva “Gəncədə Novruz adət-ənənələri və yaşadılan dəyərlər” mövzusu üzrə çıxış edib.
O, Novruz bayramı, o cümlədən təzələnməkdə olan il ilə bağlı, xüsusən bu təzələnmə ərəfəsi çərşənbələrdəki adət-ənənələrin mahiyyəti, xalq oyun, tamaşa, nəğmə və deyimləri, yerli özəl mətbəx nümunələri və digər elmi etnoqrafik əhəmiyyətli faktlar haqda danışıb.
Çıxış ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.
Seminarı yekunlaşdıarkən, Bölmənin sədri, akademik Fuad Əliyev maraqlı məruzəyə görə çıxışçıya təşəkkür edib, gənc tədqiqatçı kimi ona uğurlar arzulayıb və qarşıdakı işləri zamanı gərəkli olan tövsyələrini verib.
O, həmçinin Azərbaycanın, Qafqaz coğrafiyasının, eləcə də Şərqin ən qədim yaşayış məskənlərindən biri olmuş Gəncənin tarixi-etnoqrafik mənzərəsini tədqiq edərkən, bu məkanın şəhər kimi təşəkkülünün, onun demoqrafik, iqtisadi, mədəni, ictimai və siyasi baxımdan inkişaf mərhələlərinin nəzərə alınmasını və bütün bu amillərin xalqın milli xarakterinin formalaşmasına təsiri məsələlərinə fikir verilməsinin vacibliyini vurğulayıb.