XƏBƏRLƏR
17.03.2026 / Mühüm hadisələr
AMEA-nın Gəncə Bölməsində 27 Mart - “Elm günü” münasibətilə dəyirmi masa

   “Elm bəşəriyyətin tərəqqi yoludur” mövzusundakı elmi görüş Azərbaycan Respublikasının  Dövlət Himninin səsləndirilməsi və Şəhidlərin xatirəsinin anılması ilə başlayıb.

   AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev dəyirmi masa müzakirələri üçün giriş sözündə həmkarlarını bu əlamətdar gün münasibətilə təbrik edib. O, vurğulayıb ki, müstəqil dövlətimizin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq, 2018-ci il aprelin 9-da ölkə rəhbəri, cənab  İlham Əliyev Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb və bu dövlət sənədinə əsasən hər il mart ayının 27-si ölkəmizdə “Elm günü” kimi  qeyd edilir.

   Akademik Fuad Əliyev Gəncənin tarixən köklü elmi ənənələrə malik olduğunu xatırladıb,həmçinin müasir tariximizdə Respublikamızın ikinci şəhərində fundamental tədqiqatlar apara bilən elmi mərkəzin formalaşdırılmasını Ulu Öndər Heydər Əliyevin strateji düşüncəsinin nəticəsi kimi dəyərləndirib, həmçinin elmimizin səviyyəsinin yüksəldilməsinin müstəqil Azərbaycanın inkişafı və çiçəklənməsi naminə ölkə rəhbəri cənab İlham Əliyevin uğurla apardığı siyasətin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O, həmçinin Respublikamızın, o cümlədən onun ikinci şəhəri Gəncənin elmi potensialının yüksək olduğunu qeyd etməklə, alimlərin öhdəsinə Vətənimizin iqtisadi və sosial inkişafı naminə böyük vəzifələr düşdüyünü bildirib.

   Sonra AMEA-nın Gəncə Bölməsinin əməkdaşlarının məruzələri dinlənilib.

   Bölmənin elmi işlər üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarov “Azərbaycan dövlətinin elm siyasəti”, Elm və Təhsil şöbəsinin rəisi, kimya üzrə fəlsəfə doktoru Aynurə Həsənova “Elm işığında Azərbaycanın gələcəyi”,  Sənədlərlə İş şöbəsinin müdiri Sara Əzizova “Gəncə elmi mühitinin formalaşmasında görkəmli kimyaçı alimlərin fəaliyyəti”, Elmi kitabxananın müdiri Vüsalə Hüseynova “Kitabxana – elmin və biliklərin qapısı” və Gənc Alim və Mütəxəssislər Şurasının sədri Vüqar Əhmədli “Gənclər və Elm: İnkişafın Əsas Gücü” mövzusunda çıxış ediblər.

   AMEA-nın Gəncə Bölməsinin  Həmkarlar Təşkilatının sədri Nailə Hacıyeva da çıxış edib və bu alamətdar gün münasibətilə rəhbərlik adından elmi və ictimai fəaliyyəti ilə fərqlənən əməkdaşlara -  Rasim Tağıyev, Sara Əzizova, Samirə Qasımova, Təranə Verdiyeva, Ülviyyə İsmayılova və Nailə Mirzəyevaya  fəxri fərman və təşəkkürnamələr təqdm edib.

   Elm  gününə  həsr  olunmuş  tədbirin iştirakçıları adından AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə müraciət qəbul olunub.

   Tədbir zamanı  həmçinin bu elm ocağında uzun illər ərzində işlədikdən sonra yaş həddinə görə çalışma müddətini başa vurmuş üç nəfər əməkdaşı – Afaq Cəfərova, Hicran Zamanova və Mənsurə Məmmədova Bölmənin rəhbərliyi və kollektivi tərəfindən hörmətlə yola salınıblar. Onlara gülllər və  bir maaş həcmində ödəniş təqdim olunub.