XƏBƏRLƏR
01.04.2026 / Konfranslar, iclaslar
AMEA-nın Gəncə Bölməsində 31 Mart - Azərbaycanlılarin Soyqırımı Gününə həsr olunan seminar keçirilib

Tədbirin açılışında AMEA-nın  Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün tariximizin ən qanlı səhifələrindən olduğunu və bu hadisənin 1918-ci ildə millətimizin  yenicə formalaşmağa başlamış müstəqillik ideyasını boğmaq, Azərbaycanlıları qətlə yetirməklə onların əzəli torpaqlarına sahib çıxmaq və bu coğrafiyada etnik tərkibi öz siyasi planlarına uyğun şəkildə dəyişdirmək  məqsədilə bolşevik-daşnak alyansı tərəfindən qabaqcadan düsünülmiş terror aktı olduğunu diqqətə çatdırıb. O,  milətimizin qan yaddaşının ən ağır və ibrətli anlarından olan 31 Mart tarixinin əsl siyasi statusunun Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırıldığını vurğulayaraq, Ümummilli Liderin  ölkəmizin başçısı kimi 1998-ci il martın 26-da imzaladığı fərmanı ilə həmin tarixin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu bildirib.

   Akademik Fuad Əliyev həmçinin qeyd edib ki, dövlətçiliyimizin qorunması və ona qarşı məkrli planların qarşısının alınması üçün  Heydər Əliyevin formalaşdırdığı strateji xəttin davamının ən yüksək təzahürü ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Əsgərinin qəhrəmanlığı və xalqımızın həmrəyliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanaraq, düşmənə sarsıdıcı zərbə vurulması olmuşdur.

   Seminarda Bölmənin Diyarşünaslıq İnstitutun Tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Rəsulova geniş məruzə ilə çıxış edib. O, erməni millətçiliyinin qədim dövrlərdən başlayaraq, xüsusən son 150 ildə yüksək təşkilatlanma ilə siyasi mahyyət almış tarixinə nəzər salıb.

   Çıxışçı məkrlı, qeyri-insani hərəkətlərdən belə çəkinməyənrək, vəhşi basqınlar, planlı terrorçiluq ilə özgə torpaqlarını qəsb etmək yolunu tutmuş “erməni  hərəkatı”nın Anadolu, Qafqaz və digər coğrafiyada əmin-amanlıq və  inkişafa daim əngəl törətmiş  xəstəliyə çevrildiyini bildirib.

   O, həmçinin 1905-ci, 1917-1918-ci, 1948-1952-ci, eləcə də 1988-1993-cü illərdə ermənilərin xalqımıza qarşı öz qəsbkarlıq və terror əməllərini sistemli şəkildə həyata keçirdiklərinə diqqət çəkərək, unutqanlığı təhlükəsizliyimiz üçün təhdid kimi dəyərləndirib və  mart ayının 31-nin Azərbaycanlıların soyqırımı günü kimi rəsmiləşdirilməsinin millətimizin tarixin dərslərindən lazımi ibrət götürərək, düşmənlərimizin niyyətlərini hər an dəf etməyə hazır olması zərurətindən irəli gəldiyini qeyd edib.

   Çıxış ətrafında fikir mübadiləsi aparılıb.

   Seminarı yekunlaşdırarkən, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxışın  və onun ətrafında müzakirələrin elmi yanaşma üzərində qurulduğunu, tədbirdə səsləndirilən fikirlərin mövzu üzrə gələcək tədqiqatlar üçün faydalı olacağına inandığını bildirib.