XƏBƏRLƏR
01.05.2026 / Mühüm hadisələr
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Gəncədə elmi-praktik seminar keçirilib

   Ziyalıların, elmi-tədqiqat və ali təhsil ocaqlarının alimlərinin, müəllim və tələbələrinin iştirak etdiyi “Azərbaycan elminin beynəlxalq müstəvidə tanıdılması: Yeni çağırışlar və strateji istiqamətlər” mövzusundakı seminar Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə Bölməsi tərəfindən təşkil olunub.

   İştirakçılar Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzindəki abidəsini ziyarət ediblər, onun qarşısına güllər düzməklə müasir dövlətçiliyimizin banisinin əziz xatirəsinə ehtiram bildiriblər.

   Seminarın əvvəlində AMEA-nın Gəncə Bölməsinin elmi nəşrlərindən ibarət sərgiyə baxış keçirilib.

   AMEA-nın Gəncə Bölməsinin konfrans salonunda təşkil olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, həmçinin Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

   Tədbirin açılışında AMEA-nın Gəncə Bölməsinin sədri, akademik  Fuad Əliyev iştirakçıları salamlayaraq, bu elmi görüşün millətimiz üçün çox əziz olan bir tarix, dövlətçiliyimizin banisi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günü ərəfəsində keçirildiyinə diqqət çəkib,  Ulu Öndərin Azərbaycanın davamlı inkişafı üçün formalaşdırdığı düşünülmüş strategiyasının tərkib hissələrindən biri kimi,  elmimizin  tərəqqisinə töhfə vermək amalına xidmət edəcəyinə ümid etdiyini bildirib.

   O, həmçinin qeyd edib ki, Heydər Əliyev strategiyasının  layiqli davamçısı, ölkə rəhbəri cənab İlham Əliyev  AMEA-nın 80 illik yubileyinə həsr olunmuş toplantıda etdiyi proqram xarakterli çıxışı zamanı elmimizin müasir dünyanın tələbləri baxımından yeni, daha səmərəli inkişaf vüsəti  alması üçün ziyalılarımızın, alimlərimizin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb və bugünkü seminar də həmin məqsədlər baxımından çox faydalı sayıla bilər.

   Sonra seminarın məruzələri dinlənilib.

   Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru və Azərbaycan ISSN Milli Mərkəzinin əlaqələndiricisi, sosial fəlsəfə üzrə fəlsəfə doktoru  Xəyalə Məmmədova Azərbaycanın milli elm sisteminin formalaşdırılması, bu sistemin dünya elmi ilə inteqrasiyasının təmin edilməsi  yolunda Ulu öndər Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən mühüm addımlar haqqında məlumat verərək, elmi seminarın “Redaktorlar üçün yol xəritəsi: Beynəlxalq elmi jurnallarda nəşr prosesivə indeksləşmə strategiyaları” mövzusunda məruzəsinə davam edib.

   O, Azərbaycanda elmi nəşrlərin beynəlxalq elmmetrik meyarlara uyğunlaşdırılması üçün həyata keçirilən işlərdən danışıb və bu yöndə  “Redaktorluq məktəbi” layihəsi haqda məlumat verib və qeyd edib ki, 2025-ci ilin dekabr ayının 3-də AMEA-nın Rəyasət Heyətində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin fəaliyyəti çərçivəsində rəhbəri olduğu “Redaktorluq məktəbi” layihəsinin təqdimatı keçirilib.

   Məmmədova bildirib ki, sözügedən layihə ölkəmizdə elmi nəşrlərin keyfiyyətinin artırılması və onların beynəlxalq standartlara uyğun identifikasiya ilə təmini baxımından çox faydalıdır və onun əsas məqsədi elmi nəşrlərin peşəkar və səmərəli fəaliyyət və beynəlxalq elmi bazalara çıxış imkanlarını genişləndirməkdir.

   Məruzəçinin  geniş informativ və təlimat xarakterli çıxışı və sözügedən layihənin slayd formasında mərhələlər üzrə təqdimatı iştirakçılar üçün çox faydalı olub.   

   Seminara onlayn şəkildə  “Redaktorluq Məktəbi “ layihəsinin xarici eksperti ,  “Türk Dünyası Araştırmaları” Elmi Jurnalının redaktoru, Düzce Universitetinin dosent-doktoru Gökmen Kılıçoğlu da qatılıb. O, “ Nəşr menecmenti: Elmi jurnalların idarəetmə mexanizmləri və keyfiyyətə nəzarət” mövzusunda danışıb və bu istiqamətdə aparıcı dünya təcrübəsinə istinad edib.

   Kılıçoğlu həmçinin öz çıxışında qardaş türk dövlətlərinin alimlərinin tədqiqatlarının beynəlxalq səviyyədə tanıdılmasında birgə fəaliyyət və koordinasiya məsələlərinə də toxunub.

   Tədbir iştirakçıları mövzular ətrafında mülahizə və təkliflərini bölüşüblər. Onları maraqlandıran suallar cavablandırılıb.

   Həmçinin bir daha vurğulanıb ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında işıq üzü görən nəşrlərin nüfuzlu beynəlxalq elmmetrik bazalara daxil olunmasını təşviq etmək məqsədilə onların elektron resursları hazırlanıb, “Crossref”lə əməkdaşlıq çərçivəsində hər bir məqaləyə bu günə kimi ANAS adı altında 3800-ə yaxın DOİ identifikatoru verilib. Bundan əlavə, Türkiyənin TÜBİTAK ULAKBİM DergiParkı ilə əməkdaşlıq çərçivəsində AMEA-nın özünün Dərgi Park bazası yaradılıb. Həmçinin AMEA Dərgi Parkına daxil olan “Azərbaycan Riyaziyyat Jurnalı”, “Müqaisəli ədəbiyyatşünaslıq” və “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri” jurnalları Türkiyənin TÜBİTAK ULAKBİM DergiPark sisteminə qəbul edilib. AMEA-da elmmetrik göstəricilərin qiymətləndirilməsi məqsədilə milli istinad sistemi qurulub.

   Tədbirin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.