AMEA-nın Gəncə Bölməsi Rəyasət Heyətinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan iclası keçirilib
AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bugünkü toplantının əlamətdar bir tarix – Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində keçirildiyini qeyd edərək, müasir Azərbaycan dövlətçiliyinin əsaslarının və ölkəmizin inkişaf strategiyasının formalaşdırılmasının bu dahi şəxsiyyətin adı ilə bağlı olduğunu, onun əziz xatirəsinin azərbaycanlıların və dünyada millətimizə rəğbət bəsləyən bütün insanların ürəklərində yaşadığını vurğulayıb.
O, Ümummilli Liderin Vətənimizin bütün bölgələrinin tərəqqisinin, hələ sovet dövründə gələcəyi nəzərə alan düşüncəsinin nəticəsi olduğuna diqqət çəkib və bu baxımdan, tarixən Azərbaycanın əhəmiyyətli məkanı olan Gəncənin iqtisadi, elmi, mədəni və milli-mənəvi yüksəlişinə xüsusi diqqət və qayğı göstərdiyini bildirib.
Akademik Fuad Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi strateji hədəflərin onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini və bu siyasi xəttin bütün ziyalılarımız, elm adamlarımız tərəfindən daim dəstəkləndiyini vurğulayıb.
Filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov Ulu Öndər Heydər Əliyevin respublikaya 1969-cu ildə siyasi rəhbərliyə gəldiyi ilk dövrlərdən etibarən Azərbaycan ədəbiyyatının və fəlsəfi fikrinin görkəmli şəxsiyyətlərinin irsinin öyrənilməsi və dünya miqyasında tanınması istiqamətində möhtəşəm fəaliyyət göstərdiyini, bu yöndə həyata keçirdiyi bütün işlərin millətin mədəni, mənəvi və ideoloji yüksəlişinə, dövlətçilik ruhuna xidmət etdiyini vurğulayıb.
Tarix üzrə fəlsəfə doktoru Nərgiz Rəsulova isə çıxışında Ümummilli Lider Heydər Əliyevin siyasi elmin qanunauyğunluqları baxımından tarixin müxtəlif dövrlərindəki təlatümlər üçün təcrübə və taktika məsələlərini dərindən mənimsədiyini və gələcəyimiz naminə milli dövlətçilik strategiyamızın formalaşdırılmasına nail olduğunu qeyd edib.
YAP 2 saylı ərazi partiya təşkilatının sədri Vüsal Eminbəyli də çıxışında Ulu Öndərin Azərbaycanın XX əsrin son üç onilliyini və XXI əsrin ilk illərini əhatə edən dövrlərdə milli intibah və dirçəlişə xidmət edən yorulmaz fəaliyyətinə nəzər salıb.
İclasda bir sıra digər məsələlər də müzakirə edilib. “Azərbaycan elminin beynəlxalq müstəvidə tanıdılması: yeni çağırışlar və strateji istiqamətlər” adlı elmi-praktiki seminarın nəticələri haqqında danışarkən akademik Fuad Əliyev bu tədbirin əməkdaşlar üçün olduqca faydalı keçdiyini vurğulayıb.
Beynəlxalq əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı da sözügedən seminarın məqsədləri baxımından, xüsusən gənc tədqiqatçılar üçün onların elmi jurnallarda məqalələrinin dərc edilməsi proseslərinə ciddi təkan verəcəyini qeyd edib.
İclasda AMEA-nın Gəncə Bölməsinin elmi jurnallarının səmərəli fəaliyyətinin artırılması üçün qarşıdakı işlər barədə müzakirələr də aparılıb.
Sözügedən nəşrlərin – “Nizamişünaslıq”, “Xəbərlər Məcmuəsi – İctimai və humanitar elmlər seriyası”, həmçinin “Təbiət və texnika elmləri seriyası” jurnallarının rəhbərləri – filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun, tarix üzrə fəlsəfə doktoru Nərgiz Rəsulovanın və kimya üzrə fəlsəfə doktoru Mahirə Şərifovanın çıxışları dinlənilib.
Toplantıda “Azərbaycan şəhərsalma və memarlıq irsinin Gəncə nümunəsində tarixi inkişaf mərhələləri” mövzusunda qarşıdakı respublika elmi konfransının hazırlıq vəziyyəti haqqında tarix üzrə fəlsəfə doktoru Nərgiz Rəsulova və kimya üzrə fəlsəfə doktoru Aynurə Həsənovanın çıxışları dinlənilib.
İclasda Bölmənin sədri, akademik Fuad Əliyev bu elm ocağında ərsəyə gətirilməsi nəzərdə tutulan “Gəncə Ensiklopediyası”nın hazırlanması istiqamətində işlərin sürətləndirilməsi ilə bağlı fikirlərini bildirib.
Toplantıda AMEA-nın Gəncə Bölməsinin paytaxta işçi ezamiyyətindən qayıdan əməkdaşlarının – Rəqəmsallaşma və Süni İntellekt şöbəsinin müdiri Fərhad Mirzəyevin, Nizami Gəncəvi Mərkəzinin elmi işçiləri Leyla Kərimovanın və Aynurə Əmiraslanovanın hesabatları da dinlənilib.
AMEA-nın Rəyasət Heyətinin növbəti iclasının sonunda akademik Fuad Əliyev toplantının işgüzar şəraitdə keçdiyini vurğulayaraq iştirakçılara minnətdarlığını bildirib.