XƏBƏRLƏR
15.05.2026 / Mühüm hadisələr
AMEA-nın Gəncə Bölməsində “Gəncənin ziyalı xanımları: Tarixi, elmi və mədəni irs” kitabının təqdimatı olub

   Ulu Öndər Heydər Əliyevin formalağdırdığı dövlətçilik strategiyasının uğurlu davamı olaraq,  Cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə aparılan müasir inkişaf strategiyası sayəsində hər sahədə olduğu kimi, ictimai həyatın dinamikasında da ardıcıl yüksəliş təmin olunub.  Bu şəraitdə, Azərbaycan qadınlarının cəmiyyətimizin tərəqqisi naminə çalışmaq imkanları da günü-gündən artmaqdadır.

   Respublikamızın ikinci şəhəri olan Gəncənin qadınları da ənənəvi olaraq, bu şəhərin və ölkənin elm, təhsil, mədəniyyət və ictimai-siyasi həyatında oynadıqları rol, qazandıqları uğurlarıla fərqləniblər.

   Bu fikirlər AMEA-nın Gəncə Bölməsində yenicə çapdan çıxmış  “Gəncənin ziyalı xanımları: Tarixi, elmi və mədəni irs” kitabının əsas leytmotivi kimi, onun təqdimatı zamanı səsləndirilib.

   Tədbirə şəhər ziyalıları, alimlər, gənc tədqiqatçılar, Gəncənin fəal qadınları qatılıblar.

  Təqdqdimatdan əvvəl  Ulu Öndər Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü naminə canlarından keçmiş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

   Başlanğıcda həmçinin AMEA-nın Gəncə Bölməsinin tarixçəsi və burada nəşr edilən elmi əsərlərə dair videoçarx nümayiş olunub.

   AMEA-nın Gəncə Bölməsinin Ümumi işlər üzrə sədr müavini Rasim Tağıyev toplantını açarkən, Bölmənin sədri, akademik Fuad Əliyevin adından tədbir iştirakçılarını salamlayıb, bugünkü görüşün çox xoş ovqatı ilə seçildiyini, millətimizin düşüncə və ənənələrində daim qadının ailədə, peşədə, cəmiyyətdə rolunun şərəfli tutulduğunu, uğurlu addımlarla inkişafda olan ölkəmizdə dövlətimizin, cəmiyyətimizin əsas prioritet istiqamətlərindən biri kimi, tərəqqipərvər qadın siyasətinə Ulu Öndər Heydər Əliyev tərəfindən daim xüsusi önəm verildiyini və bu gün də bu vacib xəttin Cənab Prezident İlham Əliyev tərəfindən müsir tələblərə uyğun surətdə daha da inkişaf etdirildiyini vurğulayıb.

   AMEA-nın Gəncə Bölməsinin Sənədlərlə iş şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Sara Əzizova çıxışında “Gəncənin ziyalı xanımları: Tarixi, elmi və mədəni irs” kitabının xüsusiyyətləri haqda məlumat verib.   

   O, vurğulayıb ki, bu yeni elmi monoqrafiya Bölmənin kollektiv əməyinin nəticəsidir və elə onun ərsəyə gəlməsi işində bu elm ocağının qadın əməkdaşları öz tədqiqatları ilə mühüm rol oynayıblar.

   S. Əzizova qeyd edib ki, təqdim edilən kitabda Gəncənin neçə-neçə əsrləri aşan tarixində burada yaşayıb-yaratmış, eləcə də yaxın keçmişi və müasir dövründə bu şəhərin ictimai-siyasi, elmi və mədəni inkişafında xüsusi xidmətləri olmuş ziyalı qadınların həyat və fəaliyyəti arxiv sənədləri, tarixi mənbələr və elmi-tədqiqatlar əsasında sistemli şəkildə işıqlandırılıb və bu ensiklopedik xarakterli monoqrafiya regionşünaslıq və gender tarixi baxımından mühüm elmi əhəmiyyət kəsb edir.

   Sonra görüşün qonaqlarından  Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva,  Azərbaycan Texnologiya Universitetində elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevda Qurbanova, Gəncə şəhər Nizami rayonu bələdiyyəsində şöbə müdiri Gülcahan Qəhrəmanova, yazıçı, Əməkdar jurnalist Nüşabə Əsəd Məmmədli, Gəncə Bölməsinin dissertantı olmuş, GDU Kimya kafedrasının müdiri,  kimya üzrə fəlsəfə doktoru Aynur Məmmədova, 27 saylı məktəb liseyin müəllimi, Əməkdar müəllim Zemfira Aslan, ADAU-nun dosenti, Əməkdar müəllim, Aida Həsənova və digər çıxışçılar öz ürək sözlərini bölüşüblər. Onlar Azərbaycan qadınının adına bir daha şərəf gətirən bu dəyərli elmi əsərə görə AMEA-nın əməkdaşlarına və bu elm ocağının rəhbəri, akademik Fuad Əliyevə dərin minnətdarlıq bildiriblər.

   Çıxışlarda həmçinin Azərbaycan xalqının milli-mədəni irsinin qorunması və öyrənilməsində, xalqımızın dərin köklərə malik incəsənətinin və mədəniyyətinin təbliğində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin  örnək kimi qəbul edildiyi, onun gördüyü işlərin təkcə ölkəmizdə deyil, beynəlxalq miqyasda da yüksək qiymətləndirildiyi vurğulanıb.