AMEA-nın Gəncə Bölməsində növbəti elmi seminar
Bölmənin Rəyasət Heyətinin, şöbə rəhbərlərinin və əməkdaşların iştirak etdiyi seminarda tarix və etnoqrafiya sahələri üzrə iki elmi məruzələr dinlənilib və müzakirə edilib.
Tədbiri açarkən, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bu elm ocağında, onun Rəyasət Heyətinin müəyyən etdiyi elmi əhəmiyyəti vacib mövzulara həsr olunan mütəmadi seminarların keçirilməsinin elmi tədqiqatların səmərəliliyinin artırılması məqsədlərinə xidmət etdiyini bildirib.
O, qeyd edib ki, bu cür əyani elmi görüşlərdə xüsusən gənc alimlər öz təcrübələrini artırır, çevik elmi üsul və vərdişlərə yiyələnə bilirlər.
Seminarın ilk mövzusu tarix boyu milli-mədəni dəyərlərimizin məxsusi simvollarından olan toxuculuq, xüsusən də xalçaçılıq sənəti üzrə etnoqrafik araşdırmalara həsr edilib. Belə ki, AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Samirə Qasımova “Zamanın ilmələri: Gəncə toxuculuq ənənələrinin tarixi-mədəni təhlili” mövzusunda çıxış edib.
O, Azərbaycanın qədim sənətkarlıq mərkəzi olan Gəncənin lap erkən dövrlərdən ipək, pambıq və yun parça istehsalı, toxuculuq ənənələri, xüsusən də xalçaçılıq sənəti ilə tanındığını qeyd edib və bu şəhərin zəngin mədəni irsi, əlverişli təbii iqlim şəraiti kimi amillərin onun çoxəsrlik toxuculuq mədəniyyətini formalaşdırdığına şərait yaratdığını vurğulayıb .
Çıxışçı qədim şəhərin bu yöndəki ənənələrinin tarixi və iqtisadi kökləri, toxuculuq, ipəkçilik, xalçaçılıq və digər sənətkarlıq nümunələırinin xarakterik bədii xüsusiyyətləri, ornamentləri haqda ətraflı məlumat verib. O, milli mədəniyyətimizin simvollarından biri olan xalçaçılıqda tarixən Gəncənin öz məktəbi ilə seçildiyini bildirib və bu məhsulların Şərq, eləcə də Avropa məkanında yüksək qiymətləndirildiyini xatırladıb.
Bu baxımdan, S. Qasımova Gəncə xalçaçılıq məktəbinin əsas səciyyəvi xüsusiyyətləri, məhsullarının kompozisiya və formaları üzrə bilgilər verib. O, qeyd edib ki, ənənəvi olaraq, əsasən uzunsov formada toxunan Gəncə xalçalarının künc dizaynları sadə, mərkəzi isə həndəsi elementlərlə zəngin olur; xalça boyu sıra ilə düzülmüş səkkizbucaqlı və ulduz formalı medalyonlar, pilləli göllər və qarmaqlı naxışlar üstünlük təşkil edir; rəng palitrasında tünd göy, parlaq göy, şərab-qırmızı (bordo) və intensiv qırmızı rənglər bu məktəbin vizit kartı sayılır.
S.Qasımova həmçinin Gəncə qrupuna daxil olan xalçalar içərisində "Gəncə", "Qədim Gəncə", "Gölkənd", "Fəxralı", "Çaykənd", "Şadılı" və "Samux" kimi çeşnilərin ənənəvi toxuculuq incəsənətinin şah əsərləri hesab olunduğunu, xüsusilə "Fəxralı" namazlıq xalçalarının qüsursuz toxunuşu və yüksək bədii tərtibatı ilə seçildiyini vurğulayıb.
İnformativ və sənətşünaslıq bilgiləri ilə bol olan bu məruzənin müzakirəsi zamanı Gəncə Bölməsinin Elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov hazırki dövrün xüsusiyyətlərini nəzərə alaraq, süni intellekt texnologiyalarının tətbiqi şəraitində Azərbaycan xalçalarının digər xalqların sənət nümunələrindən fərqlərinin ayrıd edilməsinin vacibliyi, Bölmənin Nizami Gəncəvi Mərkəzinin şöbə müdirilərindən filologiya üzrə fəlsəfə doktorları Təranə Verdiyeva orta əsr səyyahlarının Azərbaycana, xüsusilə Gəncəyə səfərlərindəki qeydlərində rast gəlinən sənət nümunələrinə diqqət edilməsi, Xəyalə Hüseynova isə Nizaminin əsərlərində Gəncə xalçalarının təsviri məsələlərinin araşdırılması üzrə sual və təkliflərini səsləndiriblər.
Seminarın ikinci mövzusu tarix və qədim siyasətşünaslıq istiqamətlərini əhatə edib. AMEA-nın Gəncə Bölməsi Diyarşünaslıq İnstitutu Tarix şöbəsinin kiçik elmi işçisi, Abbasqulu ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun doktorantı Yasin Alməmmədov “Atropatenada hökmdar hakimiyyəti və idarəetmə nümunəsinin ellinistik dövlətlər sistemi ilə müqayisəsi” mövzusu üzrə məruzə edib.
Y. Alməmmədov qeyd edib ki, təxminən e.ə. 321-ci ildən — e.ə. III əsrin sonlarına qədər mövcud olan Atropatena dövləti irsi monarxiya prinsiplərinə, güclü yerli ənənələrə və mərkəzləşdirilmiş idarəçiliyə əsaslanan müstəqil Şərq tipli bir dövlət olub və ellinistik dövlətlər sistemindən fərqli olaraq, burada yunan modelinə xas olan şəhər-dövlətlər və seçkili orqanlar olmayıb, yerli aristokratiyanın mövqeyi və mütləq hökmdar hakimiyyəti üstünlük təşkil edib.
Çıxışçı bildirib ki, Makedoniyalı İsgəndərin ölümündən sonra, onun imperiyasının siyasi təsiri dairəsində olan xalqlar, o cümlədən Atropatena, ellinist monarxiyaların hakimiyyəti altına keçmişdir. Bununla belə, Atropatena ellinistik dövlətlər sisteminin coğrafi və siyasi təsir dairəsində yerləşsə də, idarəetmə və hökmdar hakimiyyəti baxımından klassik Şərq monarxiyası xüsusiyyətlərini qoruyub saxlamış, ellinizmi yalnız mədəni və iqtisadi sahədə qismən mənimsəmişdir.
Məruzə ətrafında müzakirə zamanı Bölmənin Diyarşünaslıq İnstitutunun tarix şöbəsinin müdiri, Tarix üzrə fəlsəfə doktotu, dosent Nərgiz Rəsulova çıxışçının toxunduğu mövzunun ölkəmizi əhatə edən coğrafiyanın tarixi keçmişinin və ictimai-siyasi palitrasının öyrənilməsi baxımından əhəmiyyət kəsb etdiyini bildirib.
Seminarın sonunda akademik Fuad Əliyev maraqlı çıxış və müzakirələrə görə iştirakçılara minnətdarlıq bildirib.