AMEA-nın Gəncə Bölməsində “Azərbaycan şəhərsalma və memarlıq irsinin Gəncə nümunəsində tarixi inkişaf mərhələləri” mövzusunda respublika konfransı keçirilib
Bölmənin Diyarşünaslıq İnstitutunun təşkilatçılığı ilə keçirilən elmi foruma Gəncə ilə yanaşı, Bakı, Şəki, Ağcabədi, Şabran və Lənkəran şəhərlərindən gəlmiş alim, tədqiqatçı və mütəxəssislər qatılıblar.
Respublika konfransının iştirakçıları Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, onun önünə güllər qoymaqla, müasir Azərbaycan dövlətinin qurucusunun xatrəsinə bir daha ehtiram bildiriblər.
AMEA-nın Gəncə Bölməsinin konfrans salonunun foyesində mövzu üzrə təşkil edilmiş sərgiyə baxış olub.
Respublika konfransı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Gəncənin memarlıq incilərindən bəhs edən videoçarx nümayiş olunub.
AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev giriş nitqində konfransın iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş “Şəhərsalma və Memarlıq İli”ndə keçirilən bu elmi forumun iri yaşayış məntəqələrimizin simasının formalaşması tarixinin və memarlıq xüsusiyyətlərinin, o cümlədən bu sahədə keçmiş zamanların təcrübəsinin və gələcək üçün perspektivlərin təhlil edilməsi baxımından alimlərimiz üçün faydalı olacağına inandığını bildirib.
Akademik Fuad Əliyev bu baxımdan, Gəncə şəhərinin həm qədimdən gələn, həm də hərmişə dövranla səsləşə bilən şəhərsalma və memarlıq xüsusiyyətlərinə sahib olduğunu xatırladıb və bugünkü elmi görüşün proqrqmında bu mövzularda xeyli materialların yer aldığını təqdirəlayiq hal kimi dəyərləndirib.
AMEA-nın Gəncə Bölməsi Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, Gəncə Dövlət Universitetinin dosenti Nərgiz Rəsulova çıxışında ən qədim şəhərlərimizdən,başlıcası isə Azərbaycanın milli-mənəvi ruhunun əlamətdar məkanlarından olan Gəncəni köklü mədəniyyət, o cümlədən özünəməxsus memarlıq və şəhərsalma ənənələri daşıyan iri mərkəz kimi xarakterizə edib. O, qeyd edib ki, tarixin neçə-neçə əsrləri aşan təlatümləri, eniş və yüksəlişləri bu şəhərin simasında öz izini qoyub və bu baxımdan, şəhərsalma və memarlıq isimizin Gəncə nümunəsinin diqqətli təhlili böyük elmi əhəmiyyət kəsb edir.
Dosent Nərgiz Rəsulova Bölmənin kiçik elmi işçisi İlahə Əsədzadə və laborantı Nuranə Qənbərova ilə birgə hazırladığı “Orta əsr Gəncəsinin şəhərsalma xüsusiyyətləri” adlı məruzə ilə də çıxış edib.
N. Rəsulova həmçinin tədbirin moderatoru kimi, iştirakçıları konfransın proqramı, reqlamenti ,eləcə də bölmələrin iclaslarının gedişatı haqda məlumatlandırıb.
Sonra plenar iclasdakı digər məruzələr dinlənilib.
AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov “Nizami Gəncəvi məqbərəsi Gəncə memarlığının şah əsəri kimi”, Bölmənin Diyarşünaslıq İnstitutu Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Samirə Qasımova Bölmənin böyük laborantı Könül İsayeva ilə birgə hazırladığı “Tarixi-memarlıq ənənələri və urbanizasiya: Gəncə şəhərinin davamlı inkişaf modelinin formalaşdırılması”, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Samir Kərimov AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə ilə birgə hazırladığı “Azərbaycanın orta əsr şəhərlərinin İnkişafında Arran memarlıq məktəbinin rolu”, Ağstafa rayonu “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru, BDU Qazax filialının müəllimi Musa Mursaquliyev BDU Qazax filialının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Səadət Əliyeva ilə birgə hazırladığı “Azərbaycanın qərb bölgəsində memarlıq nümunələri - orta əsrlərin müdafiə qurğuları”, Gəncə Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Cavid Bağırzadə “Qafqaz Albaniyasının Uti və Arsak əyalətlərinin ilk orta əsrlər şəhərlərinin quruluşu və idarə olunması haqqında”, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Arxeologiya və etnoqrafiya şöbəsinin müdiri Elşən Abdurahmanov həmin şöbənin laborantı Habil Xəlilovla birgə hazırladığı “Şəki şəhərinin XVIII əsr məscidləri”, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji Abidələrin Qeydiyyatı və Pasportlaşdırılması şöbəsinin kiçik elmi işçisi Məhiyəddin Seyidov “Gəncə şəhərinin memarlıq irsi ənənəsi” və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin aparıcı məsləhətçisi Anar İbrahimov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Sənətşünaslıq ixtisasının tələbəsi Fatimə Ağayeva ilə birgə hazırladığı “Şərq-qərb müdafiə və şəhərsalma modellərinin kontekstində Qarabağ xanlığının qalaları” mövzularında çıxış ediblər.
Respublika konfransı üç bölmə üzrə iclaslarla işini davam etdirib.
Tədbirin yekununda məruzəçilərə sertifikatlar təqdim olunub.