AMEA-nın Gəncə Bölməsində “Nizami Gəncəvi və Xaqani Şirvani” mövzusunda seminar keçirilib
Tədbiri açarkən, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev ölkə rəhəri tərəfindən tarix və mədəniyyətimizdə öz yeri olan görkəmli şəxsiyyətlərlə bağlı əlamətdar tarixlərə və onların irsinə diqqət göstərilməsinin cəmiyyətimizin milli-mənəvi zənginləşməsi üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq, bugünkü elmi seminarın da Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” 28 yanvar 2026-cı il tarixli Sərəncamının işığında və bu xüsusda AMEA-nın Rəyasət Heyətinin 17 fevral 2026-cı il tarixli qərarı ilə təsdiq edilmiş tədbirlər planı üzrə təşkil olunduğunu bildirib.
Sonra iştirakçıların diqqətinə AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarovun “Şərq intibahının görkəmli nümayəndələri Xaqani Şirvani və Nizami Gəncəvi yaradıcılığının sələf və xələf ənənənələri ənənələri əsasında tədqiqi” və AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin Nizaminin ensiklopediyası şöbəsinin böyük elmi işçisi Sevinc Mirzəyevanın “Gəncə və Şamaxı ədəbi mühiti: Nizami və Xaqani ənənələri” mövzularında məruzələri təqdim olunub.
Çıxışçılar qeyd ediblər ki, XII əsrin iki dahi Azərbaycan mütəfəkkiri — Xaqani Şirvani (1126-1199) və Nizami Gəncəvi (1141-1209) Şərq İntibahı dövrünün zirvələri hesab olunurlar. Onlar bir-birinin yaradıcılığını tamamlamış və zənginləşdirmişlər. Hər iki şair in poeziyasında insanın mənəvi azadlığı və ədalət ideyaları mərkəzi yer tutur. Həmçinin öz yaradıcılığına Nizami Gəncəvidən 15-20 il əvvəl başlayan Xaqani Şirvani poeziyaya güclü intellektual və fəlsəfi məzmun gətirmişdir. Onun qəsidələri və "Töhfətül-İraqeyn" poemasındakı bədii təsvir vasitələri, fəlsəfi ümumiləşdirmələr Nizami estetikasına təsirsiz ötüşməmişdir.
Bununla belə, Nizami Gəncəvi Xaqanidən fərqli olaraq lirik janrlardan (qəsidə, qəzəl) daha çox süjetli epik şeirə (məsnəviyə) üstünlük vermişdir. Nizami "Xəmsə"si ilə Yaxın Şərq ədəbiyyatında yeni bir məktəbin əsasını qoymuşdur.
Tədqiqatlar bu iki düha arasında səmimi ədəbi əlaqənin olduğunu göstərir. Xaqaninin şeirlərindəki realist və tənqidi ruh Nizaminin epik əsərlərindəki əxlaqi və didaktik motivlərin formalaşmasına zəmin yaratmışdır. Hər iki şair fars dilində yazsalar da,onların əsərlərində Azərbaycan mədəniyyətinin, xüsusilə də oğuz-türk mühitinin mənəvi izləri aydın şəkildə qorunub saxlanılmışdır.
Seminar iştirakçıları mövzuya aid öz mülahizələrini bildiriblər, onların maraqlandırdıqları məsələlərə dair sualları cavablandırılıb.
“Gəncə və Şamaxı ədəbi mühiti Nizami və Xaqani ənənələri” mövzulu seminarın sonunda akademik Fuad Əliyev ətraflı məlumat və elmi mülahizələrə görə iştirakçılara təşəkkür edib.