AMEA-nın Gəncə Bölməsində “Səməd Vurğun və Azərbaycan ədəbiyyatı” mövzusunda dəyirmi masa keçirilib
Tədbir tanınmış ictimai xadim, Xalq şairi, dramaturq, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Yusif oğlu Vəkilovun 120 illik yubileyinə həsr olunub.
AMEA nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev dəyirmi masa müzakirələrini giriş sözü ilə açarkən, 20-ci əsr Azərbaycan ictimai həyatının və ədəbiyyatının görkəmli nümayəndəsi olan Səməd Vurğunun yaradıcılığının zənginliyini və onunn əsərlərinin keçmiş SSRİ məkanında, eləcə də dünyanın bir sıra ölkələrində tanındığını və müxtəlif dillərə tərcümə olunduğunu bildirib.
Akademik Fuad Əliyev vurğulayıb ki, cənab Prezident İlham Əliyevin “Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyinin qeyd edilməsi haqqında” 23 fevral 2026- cı il tarixli Sərəncamı milli dəyərlərimizin, eləcə də tanınmış şəxslərimizin irsinin qorunması və tanıdılması kimi ali məqsədlərə xidmət edir və günkü tədbir də həmin dövlət sənədinin işığında və Bölmənin tədbirlər planına müvafiq olaraq keçirilir.
Sonra tədbirin məruzələri dinlənilib.
AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin Dünya nizamişünaslığının tədqiqi şöbəsinin elmi işçisi Aynur Mirişli “Səməd Vurğunun həyatı və idealları”, AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarov “Azərbaycan nizamişünaslığının tarixində Səməd Vurğunun yeri”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin Nizami irsində sənətsünaslıq şöbəsinin müdiri, fil.ü.f.d. Təranə Verdiyeva “Səməd Vurğun və Gəncə”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin Nizaminin elmi fəlsəfi görüşləri şöbəsinin müdiri, fil.ü.f.d. Xəyalə Hüseynova “Səməd Vurğunun epik yaradıcılığı”, AMEA-nın Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin elmi işçisi Sənubər Abdinova “Səməd Vurğun və “Vaqif” dramı”, AMEA-nın Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin böyük laborantı Güləndam İsmayılova “Səməd Vurğun və “Azərbaycan” şeiri” mövzularında çıxış ediblər.
Çıxışlar ətrafında müzakirələr aparılıb.