XƏBƏRLƏR
01.07.2026 / Konfranslar, iclaslar
AMEA-nın Gəncə Bölməsinin 2026-cı ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib

 Bu elm ocağının rəhbəri, akademik Fuad Əliyevin sədrliyi ilə keçirilən hesabat iclasında AMEA Rəyasət Heyətinin İnsan resursları şöbəsinin müdiri, flologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud onlayn formatda iştirak edib.

AMEA-nın Rəyasət heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev hesabat toplantısını açaraq, bu elm ocağının cari ilin birinci yarısına dair təqdim edilən nəticələrinin müzakirəsinə günün tələbləri əsasında yanaşılmasının vacibliyini qeyd edib.

2026-cı ilin birinci yarısına dair təqdim olunan hesabatda vurğulanır ki, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi 2026-cı ilin altı ayı ərzində elmi və elmi-təşkilati işlərini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması haqqında 2025-ci il 22 dekabr tarixli Sərəncamı, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında 19 mart 2025-ci il tarixli Sərəncamı,“Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 2026-cı il 27 fevral tarixli Sərəncamı, eyni zamanda dövlət rəhbərinin Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsi ilə əlaqədar verdiyi Sərəncamlar, “AMEA-nın 2026-2030-ci illər üzrə İnkişaf Konsepsiyası və Yol Xəritəsi” haqqında qərar və həmin sərəncamlardan irəli gələn işlərin yerinə yetirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin və Ümumi Yığıncağının, AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin, Gəncə şəhər İcra Hakimiyyətinin sərəncam və tapşırıqları əsasında həyata keçirilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində  Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi; Azərbaycan dilinin saflığının qorunması və inkişaf tarixi; Azərbaycan ədəbiyyatı tarixi və onun inkişaf mərhələləri; Musiqi sənəti; Qərb bölgəsinin tarixi; Qərb bölgəsinin arxeoloji və etnoqrafik baxımından tədqiqi üzrə elmi istiqamətlərdə aparmışdır.

Gəncə Bölməsinin elmi müəssisələrinin mühüm nəticələri olaraq,  “Gəncənin ziyalı xanımları”, “Gəncə incəsənəti”   adlı kitabları, “Gəncə Bölməsinin elmi əsərləri. Humanitar və ictimai elmlər üzrə” biblioqrafik toplu nəşr edilmişdir.

Bölmənin elmi müəssisələrində AMEA-nın  Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş plana əsasən 12 problemi əhatə edən 17 mövzu, 17 iş, 8 mərhələ üzrə tədqiqatlar aparılmışdır. Bölmə üzrə cari ilin birinci yarısında 3 kitab, 8-i xaricdə olmaqla 29 elmi məqalə, 5-i xaricdə olmaqla 21 tezis və konfrans materilalları nəşr olunub, 22  konfrans, seminar, dəyirmi masa və digər elmi tədbir keçirilib.

AMEA-nın Gəncə Bölməsinin ümumi işlər üzrə sədr müavini Rasim Tağıyev, eləcə də  Rəqəmsal inkişaf və elmi işlər üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarov  çıxışlarında cari iln birinci yarımilliyini əhatə edən elmi və təşkilati fəaliyyəti qənaətbəxş hesab etdiklərini bildiriblər.

Sonra Bölmənin elm müəssisə və şöbələrinin hesabatı haqda məlumat verilib.

Nizami Gəncəv Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Təranə Verdiyeva, Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent  Nərgiz Rəsulova, İnstitutun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Samirə Qasımova, Humanitar Tədqiqatlar İnstitutunun rəhəri, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Hüseynova, Elm və Təhsil Şöbəsinin rəisi, kimya üzrə fəlsəfə doktoru Aynurə Həsənova,  Sənədlərlə İş şöbəsinin müdiri,  kimya üzrə fəlsəfə doktoru Sara Əzizova,  Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı, İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Zakir Muradov, Rəqəmsallaşma və Süni İntellekt şöbəsinin müdiri Fərhad Mirzəyev,  Gənc Alim və Mütəxəssislər şurasının sədri Vüqar Əhmədov, Yeni Azərbaycan Partiyası yerli təşkilatının sədri Vüsal Eminbəyli, Həmkarlar Təşkilatının sədri Nailə Hacyeva,  Elmi Ktabxananın müdiri Vüsalə Hüseynova  rəhbərlik etdikləri qurumların elmi və təşkilati fəaliyyərtinə dair heasbat xarakterli çıxış etmişlər.

Bölmənin Elmi katibi Günay Cəfərova hesabat yığıncağının nəticələri üzrə qərar layhəsini səsləndirib. AMEA-nın Gəncə Bölməsinin elmi müəssisələrinin 2026-ci ilin birinci yarım ili üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məqbul hesab edilib.

Qərarda Gəncə Bölməsinin elmi müəssisələrinin rəhbərlərinə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Dövlət proqramlarının icrası istiqamətində fəaliyyətlərin gücləndirilməsi tapşırılıb.

Bölmənin fəaliyyətində Nizami Gəncəvinin həyat və yaradıcılığının, elmi-fəlsəfi görüşlərinin tədqiqi istiqamətində aparılan elmi araşdırmaların, o cümlədən  Nizami Gəncəvi Ensiklopediyası üçün materiallar toplanılmasının davam etdirilməsi, Nizami və Nəvainin əsərləri üzrə paralel tədqiatlar aparılması,  Gəncə tarixinə dair arxeoloji, etnoqrafik  materialların müasir elmi-tədqiqat metod və texnologiyaların tətbiqi ilə araşdırılması, həmçinin dilimizin saflığının qorunması və onun inkişaf tarixinin öyrənilməsi, qərb bölgəsinin adət-ənənələrinin, dialekt və şivələrinin,  bu coğrafiyada yaşamış şair və mütəfəkkirlərinin həyat və yaradıcılığının  tədqiqi məsələlərinə diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Bölmə əməkdaşlarının elmi nəticələrinin “Scopus” və “Web of Science” elmmetrik bazalarına daxil olan jurnallarda nəşr olunmasına xüsusi fikir verilməsi qeyd olunub.

Qərarda həmçinin Qərb bölgəsində elmi potensialın və elmi kadrların hazırlanmasının gücləndirilməsi məqsədilə beynəlxalq konfransların təşkili və elmi jurnalların nəşrinə müasir tələblər əsasında dəstək göstərilməsi,  eləcə də elm və təhsilin inteqrasiyasının təmin edilməsi baxımından orta və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi də vurğulanıb.